Xəbərlər
Azərbaycan kimya elminin indiki vəziyyəti və inkişaf perspektivləri
Dek 15, 2020 | 16:00 / Nəşrlər
Oxunub 2334 dəfə

Azərbaycanda neft emalı, kimya və neft-kimya sənayelərinin inkişafının ölkə iqtisadiyyatında nə qədər önəmli rol oynaması heç bir şübhə doğurmur. Eyni zamanda kimya elminin uğurları olmasa, belə inkişafa nail olmaq qeyri-mümkün idi. Həqiqətən də, Azərbaycanın görkəmli kimyaçı alimləri, akademiklər Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Vahab Əliyev, Əli Quliyev və başqalarının yaratdıqları elmi məktəblər, onların tələbələri və davamçıları ölkəmizin kimya elminin inkişafı üçün böyük töhfələr vermişlər.

Ötən əsrin 90-cı illərində cərəyan edən hadisələr uzun müddət elmin, eləcə də kimya elminin inkişafında böyük maneələr yaratmasına, bir çox istedadlı kimyaçılarımızın xaricə getməsinə, maddi-texniki bazanın xeyli köhnəlməsinə və elmə meyil edənlərin sayının azalmasına baxmayaraq son illərdə görülmüş təsirli tədbirlər nəticəsində kimyaçı alimlərimizin istər fundamental, istərsə də tətbiqi xarakterli tədqiqatların intensivliyi nəzərəçarpacaq dərəcədə yüksəlmiş, dünya elminə inteqrasiya edə biləcək fundamental tədqiqatların və ölkə iqtisadiyyatı üçün əhəmiyyətli layihələrin sayı artmışdır.

AMEA-da kimya sahəsində son illərdə aparılan mühüm tədqiqatlar və onların əhəmiyyətini qeyd etməkdən öncə kimyanın cəmiyyətimizdə təkrarolunmaz rolu və perspektivləri haqqında bəzi məqamları açıqlamaq məqsədəuyğun olardı.

Təbiətin ən mükəmməl, ən gözəl (şah) əsəri İnsandır. Təbiətin ən böyük sərvəti isə həyatdır. Elmin də, sənətin də əsas məqsədi insana xidmət etməkdir. Kimyanın ali məqsədi insanların, bəşəriyyətin ehtiyaclarını, tələblərini ödəməkdir. Əslində elə molekulyar biologiya, gen mühəndisliyi, biotexnologiyalar, materialşünaslıq, bunlar hamısı mürəkkəb molekullar haqqında fundamental kimyəvi fənlərdir. Dərmanların və qidanın kimyasından tutmuş beyinin, yaddaşın və hissiyyatın kimyasına qədər, hamısı adlarından göründüyü kimi kimyəvi problemlərdir. Kimya tərəqqinin hərəkətverici qüvvəsidir desək heç də səhv etmərik.

Kimyanın digər təbiət elmlərindən bəzi maraqlı fərqləri mövcuddur. Belə ki, fizika Kainatın ən ümumi qanunlarını, biologiya Kainatın ən maraqlı hadisəsi olan həyatı öyrənir. Kimya isə bizi əhatə edən aləmi təşkil edən maddələri öyrənir. Başqa sözlə, fizika və biologiya təbiətin yaratdıqlarını, kimya isə özünün yaratdıqlarını öyrənir. Bu kimyanı həm də incəsənətə çox yaxınlaşdırır. Çünki kimyanın məntiqi deyəndə kimyəvi sintez başa düşülür, kimyəvi sintez isə sözün əsl mənasında elmi zəka ilə zərif sənətin (fantaziyanın və təxəyyülün) vəhdətidir. Kimyanın bütün sərvətlərinin açarı məhz kimyəvi sintezdir. Bu kimyanı yaradıcı elm etməklə onu sivilizasiyanın, cəmiyyətin davamlı inkişafı üçün çox güclü faktor edir.

Nobel mükafatı laureatı Harold Kroto yazırdı ki, insanların həyatını yaxşılaşdırmaq üçün heç kim kimyaçılar qədər iş görməyib. Lakin təəssüf ki, onların xidmətləri heç də həmişə layiqincə qiymətləndirilməyib... Həqiqətən də kimyasız keçinmək sadəcə olaraq mümkün deyil.

Düzdür, bəzən insanlar kimyaya, mürəkkəb kimyəvi quruluşlara ehtiyatla baxırlar, onu yalnız ekoloji problemlər yaratmaqla bağlayırlar, dərmanların əlavə təsirə malik olmasında suçlayırlar, lakin nədənsə yeni kəşfləri, yeni materialları, keyfiyyətli dərmanları, ətraf mühitin mühafizəsi sahəsindəki yeni nailiyyətləri az yada salırlar. Görünür, bu sahədə maarifləndirmə işlərinə, elmin populyarlaşdırılması sahəsində təsirli tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Çünki kimya həyat elmi və ümidlər elmi olmaqla, həm də bu gün üçün çox vacib olan faydalı innovasiyalar mənbəyidir. Bu gün insanlar kimyadan yeni, unikal xassəli materiallar, yeni enerji mənbələri, ekoloji təmiz və təhlükəsiz texnologiyalar, böyük tutumlu akkumulyatorlar, yeni və effektiv dərman maddələri gözləyirlər.

AMEA-nın Kimya Elmləri Bölməsinin tərkibində fəaliyyət göstərən 4 elmi-tədqiqat institutunda kimya elminin müxtəlif sahələrində - neft kimyası və üzvi kimya, qeyri-üzvi kimya və polimerlər kimyası, kataliz və kimya mühəndisliyi sahəsində tətbiqi və fundamental tədqiqatlar aparılır.

Azərbaycan kimya elmi ölkə iqtisadiyyatı üçün mühüm rol oynayan bir çox uğurlara imza atmışdır. Belə ki, neft kimyası sahəsində müxtəlif markalı reaktiv yanacaqları, yeni üsulla parafinsizləşdirilmiş dizel və yağ fraksiyaları alınmış, katalitik krekinq prosesində xırda dispersli katalizatorlar tətbiq edilmişdir. Pirolizin maye məhsullarının kompleks emal sxemi, yanacaq və xüsusi mayelər üçün yeni qatqılar və aşqarlar, buruq mayeləri, neft quyuları və soyutma sistemləri üçün ingibitorlar və s. işlənib hazırlanmışdır. Qeyri-üzvi kimyada bir çox kimyəvi birləşmələrin quruluşu açılmış, sementin bərkimə mexanizmi əsaslandırılmış, müxtəlif kimyəvi elementlərin respublika ərazisində paylanması müəyyənləşdirilmiş, yeni yarımkeçirici maddələrin, üçlü və dördlü qeyri-üzvi birləşmələrin sintezi həyata keçirilmiş, onların xassələri öyrənilmiş, Daşkəsən filizinin kompleks emalı üçün texnoloji proseslər təkmilləşdirilmişdir. Kataliz sahəsində atmosfer azotunun fiksasiyası, çoxsaylı neft-kimya və kimya prosesləri üçün yeni katalizatorların alınması, onların təsir mexanizminin tədqiqi, biomimemik kataliz kimi vacib tədqiqatlar aparılmışdır. Polimerlər kimyası sahəsində müxtəlif təyinatlı funksional polimerlərin, kauçukların, elektroizolyasiya örtüklərinin, təyyarə və helikopter mühərrikləri üçün xüsusi yapışqanların, beton və gips qatışıqları üçün superplastifikatorların alınmasını qeyd etmək olar. Kimya mühəndisliyi sahəsində qeyri-stasionar katalitik proseslərin və digər fiziki-kimyəvi proseslərin modelləşdirilməsi, optimallaşdırılması, kimya sənayesində əmələ gələn əlavə məhsulların emalı kimi vacib problemlərə həsr olunan tədqiqatlar aparılmışdır.

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş və məzmunlu nitqində Azərbaycan elminin və o cümlədən, kimyaçılar qarşısında qoyduğu prioritetlər, ölkə iqtisadiyyatı üçün çox vacib olan problemlərin həllini ön plana çıxarmışdır. Belə prioritetlər sırasına səmərəli neft-kimya texnologiyalarının yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, Sumqayıt Kimya Sənaye Parkının inkişafında kimyaçı alimlərin rolunun artırılması, idxal məhsullarının yerli məhsullarla əvəzetmə aid edilir.

Bu, o deməkdir ki, Azərbaycanda kimya elminin inkişafı yüksək səmərəli, ekoloji təmiz və tullantısız texnologiyaların hazırlanması və neft emalının ağır qalıqlarının təkrar işlənilməsi, yüksək texnologiyalar üçün unikal fiziki-kimyəvi xassələrə malik yeni nanomaterialların, nanokatalizatorların, müxtəlif təyinatlı polimerlərin və nanokompozitlərin alınması, qeyri-neft xammalından və bərpa olunan xammaldan yanacağın yeni texnologiyalarla istehsalı, mürəkkəb texnoloji proseslərin modelləşdirilməsi və optimallaşdırılması olacaqdır.

Bu prioritetlərlə əlaqədar 8 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkında Neft-Kimya Prosesləri İnstitutunun və Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının işləyib hazırladıqları texnologiyalar əsasında müxtəlif təyinatlı sürtgü və motor yağlarının, neftin uzaq məsafələrə (Bakı-Tbilisi-Ceyhan xətti) nəqli üçün depressatorun istehsalı böyük həcmdə davam etdirilmiş, bunlardan başqa son illərdə ağ Naftalan yağının, yol-asfalt örtüyü üçün adqeziya qatqısının, mineral gübrələrin, maye kauçukun, koaservasiya mayelərinin müxtəlif səviyyələrdə sınaqları keçirilmiş, bu proseslərin texniki sənədləri və texnoloji reqlamentləri hazırlanmışdır. Belə elmi araşdırmaların nəticələrinin tətbiqində institutlardan asılı olmayan problemlərin mövcudluğuna baxmayaraq (injinirinq mərkəzlərinin və innovasiyalar üçün vençur fondlarının olmaması), AMEA öz gücü ilə bəzi problemləri həll etmiş və son illərdə bəzi məhsulların istehsalının təşkilinə və satışına nail olmuşdur.

Azərbaycanın alüminium sənayesinin xammal ehtiyacını və “Strateji Yol Xəritəsi”nin tələblərini nəzərə alaraq yeni alunit emalı texnologiyasını yaratmaq məqsədilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Geologiya və Geofizika İnstitutunun alimlərindən təşkil olunmuş müvəqqəti yaradıcılıq kollektivi “EPG Group” şirkətinin maliyyə dəstəyi ilə fərqli variantlı alunit texnologiyası üzərində tədqiqat işləri aparmış, prosesi modelləşdirən xüsusi qurğu qurmuş və sınaqlar keçirmişdir. Texnoloji prosesin əsasını müasir texnoloji yanaşma sayılan membran texnologiyaları və elektrokimyəvi üsullar təşkil edir. Prosesin işlək maketində əldə olunan texniki və texnoloji parametrlər pilot qurğusunun qurulması üçün yetərlidir. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin keçirəcəyi iki mərhələli beynəlxalq tenderdə AMEA-nın layihəsinin iştirakı təmin edilmişdir.

Son 5 ildə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu öz təşəbbüsü ilə və heç bir məqsədli vəsait almadan Xanabadda, Yuxarı Şirvan kanalında, Araz çayı üzərindəki Bəhramtəpə su qovşağında, “Taxtakörpü” su anbarında, Mingəçevir və Varvara SES-də su altında baş verən korroziya proseslərini öyrənmək üçün tədqiqat işləri aparmışdır. Alınan nəticələr göstərir ki, həm Kür, həm Araz çaylarında su mühitində korroziyanın sürəti böyükdür. Bu isə uzun müddətli istismar şəraitində metal konstruksiyalarda, xüsusilə su tənzimləyici qapılarda çox ciddi fəsadlar yarada biləcək qəzalara səbəb ola bilər (son 100 ildə dünyada belə qəzaların sayı 300-dən çox olmuş, yüzlərlə insan tələfatı ilə yanaşı, külli miqdarda maliyyə ziyanı vurmuşdur). Problemin son dərəcə aktuallığını, ciddiliyini nəzərə alaraq respublikadakı hidrotexniki qurğularda olan metal avadanlıqların korroziya vəziyyətinin öyrənilməsinin, onların təhlükəsizlik pasportlarının yaradılmasının və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini nəzərə alaraq müştərək elmi-tədqiqat işləri aparmaq təklifi ilə müxtəlif qurumlara (“Azərenerji” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Elmi-Təqiqat Su Problemləri İnstitutu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) müraciət etmişdir. Ümid etmək olar ki, 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə qaldırılan məsələlərin hərtərəfli təhlili və cənab Prezidentin haqlı iradları AMEA-da aparılan tədqiqatların nəticələrinin tətbiqində əhəmiyyətli rol oynayacaq. Hidrotexniki qurğuların korroziya vəziyyəti və təhlükəsizlik tədbirləri ilə əlaqədar AMEA öz təkliflərini Komissiyaya təqdim etmişdir.

Dizel mühərrikləri üçün yüksəkkeyfiyyətli mühərrik yağlarının işlənilməsi və istifadəsi ilə əlaqədar Ukraynanın Xarkovda yerləşən xüsusi təyinatlı zavodu Aşqarlar kimyası İnstitutuna müraciət etmişdir. Razılaşma əsasında Yüksək Texnologiyalar Parkında hazırlanan yağ nümunəsi (600 l) zavoda göndərilmiş və bir neçə mərhələli sınaqlardan uğurla keçdiyindən böyük həcmli ixracla bağlı müqavilənin bağlanılması qərara alınmışdır. 2020-ci ildə Pakistanın “Raviana Pakistan LTD” şirkətindən də gələn məktuba əsasən eyni tərkibli mühərrik yağına (sınaqdan keçirildikdən sonra) ilkin sifarişin 120-140 ton həcmində olacağı qeyd edilmişdir. Bu yağın hazırlanma üsulu üçün məxfi patent ilə əlaqədar ölkədəki bəzi qurumlar da həmin yağın istifadəsinə maraq göstərmişlər.

Müdafiə Nazirliyinin Hərbi Akademiyası və Müdafiə Sənayesi Nazirliyi ilə aparılmış birgə tədqiqatlar müsbət nəticə vermiş və onların davam etdirilməsi planlaşdırılmışdır.

Ölkəyə idxal olunan məhsulların yerli məhsullarla əvəz edilməsi sahəsində görülən işlərə AMEA-nın Yüksək Texnologiyalar Parkında mineral gübrə istehsalının təşkilini, Neftçala yod-brom zavodunun tullantı sularından xörək duzunun alınması üçün yeni biznes-planın hazırlanmasını, istilik sistemlərini pasdan və duz çöküntülərindən təmizləmək üçün xaricdən idxal olunan mayelərdən 2 dəfə ucuz başa gələn xüsusi tərkibi SAD mayesinin istehsalı üçün biznes-planın hazırlanmasını, lak-boya və maye kauçuk istehsalı üçün texniki şərtlərin və reqlamentin hazırlanmasını, dizel yanacağı üçün tüstü azaldan aşqarın sınaqdan keçirilməsini və digərlərini aid etmək olar.

Qeyd edilən işlərdən göründüyü kimi son illərdə AMEA-nın Kimya Elmləri Bölməsinin institutlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin alimlərimiz qarşısında qoyduğu tapşırıqlara əsasən ölkə iqtisadiyyatı üçün əhəmiyyətli işlər aparılmış, bir çox tədqiqatların nəticələri müxtəlif səviyyələrdə sınaqlardan keçmiş, onların tətbiqi üçün lazım olan sənədlər hazırlanmış, bəzi işlərin nəticələri xarici ölkələrdə də maraq doğurmuş və müvafiq təkliflər daxil olmuşdur.

Eyni zamanda təəssüflə onu da qeyd etmək lazımdır ki, AMEA-nın elmi potensialının tədqiqatları və onların ciddi elmi nəticələri heç də həmişə layiqincə dəstək almır. Dünya praktikasında fundamental tədqiqatlar əsasən dövlət tərəfindən maliyyələşdirildiyi halda, tətbiqi işlərin böyük hissəsi biznes, özəl sektor tərəfindən maliyyələşdirilir. Elmi məhsulların yüksək rəqabəti mühitində yalnız o innovasiyalar real gəlir gətirir ki, onların laboratoriyadan istehsala qədər keçdiyi yol (laboratoriya tədqiqatları, texnoloji araşdırmalar, dəyərləndirmə hesablamaları, layihələndirmə işləri, iriləşdirilmiş pilot qurğuları, bir neçə mərhələli sınaqlar və s.) və müddət mümkün qədər qısa olsun. Bu baxımdan AMEA-da aparılan bir çox tətbiq məqsədli tədqiqatlar vaxt keçdikcə rəqabət qabiliyyətini itirirlər.

AMEA-nın tədqiqatları arasında mühüm yeri fundamental elm tutur. Onsuz dünya elminə inteqrasiya etmək, dünya elmində nüfuz qazanmaq mümkün deyil. Fundamental elmin vəzifəsi təkcə nəyi isə araşdırmaq, nəyi isə başa düşməklə bitmir (hərçənd ki, bu da lazımdır). Daha vacibi iri layihələrdə, konkret elmi istiqamətlərin yerinə yetirilməsində iştirak etməkdir. Çox çətin, lakin arzu etdiyimiz ali məqsəd, hansı isə istiqamət üzrə qabaqcıl ölkələr sırasında olmaqdır. Bu çətinliyin obyektiv səbəbi dövlətimizin postsovet dövründə çoxlu problemlərlə üzləşən, müharibə şəraitində yaşayan, inkişaf etmiş böyük ölkələrlə müqayisədə hələ gənc dövlət olmasıdır. Buna baxmayaraq ölkəmiz sürətlə inkişaf edən, bir çox beynəlxalq reytinqlərdə mövqeyini ildən-ilə yaxşılaşdıran bir dövlətdir.

Gələcəkdə fundamental elmin daha da inkişaf etdirilməsi planlarımızda mühüm yer tutur. Bir tərəfdən dünya elminə inteqrasiya baxımından bu çox önəmlidir və qeyd etmək lazımdır ki, son 3-4 ildə dünyanın nüfuzlu elmi jurnallarında çap olunan məqalələrimizin sayı kəskin artmışdır. Digər tərəfdən, xaraktercə, fundamental elm özü də gələcək hədəf baxımından tətbiqidir. Sadəcə olaraq onların tətbiqinə daha çox vaxt lazımdır.

Son illərdə kimyaçılarımız müasir tələblərə cavab verən tədqiqatlar aparırlar. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri Avropanın aparıcı elmi mərkəzləri və universitetləri ilə müştərək 2 beynəlxalq laboratoriya (İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi, Almaniyanın Berlin Texniki Universiteti və Böyük Britaniyanın Hiddersfild Universiteti) təşkil etmişlər. Nüfuzlu impakt faktorlu jurnallarda çoxlu məqalələr çap edilmiş və bir çox dünya konqreslərində və beynəlxalq konfranslarda AMEA layiqincə təmsil olunmuşdur. Molekulyar maqnitlər və üzvi keçiricilər, topoloji izolyatorlar, günəş enerjisinin çevrilməsi üçün nanotellər, biomimetika, fizioloji fəal birləşmələr, nanobiokompozitlər, funksional polimerlər və digər sahələrdə maraqlı tədqiqatlar başlanılıb və hazırda davam etdirilir. Bu tədqiqatların hər birindən geniş məlumat vermək olardı, lakin onlardan bir neçəsi haqqında bir qədər ətraflı dayanmaq daha məqsədəuyğun olar.

Topoloji izolyatorun prinsipial xüsusiyyəti ondan ibarətdir ki, onun elektrik keçirən hissəsi adi metal deyil, burada vacib rolu elektronun spini oynayır. Belə xassəli maddələrin monokristalları (Bi2Se3, PbBi4Te7, GeBi2Te4, PbBi4Se3Te4) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda sintez olunmuş və onların yüksək texnologiyalar üçün perspektivli material olması İspaniya, İsveçrə, Almaniya, İtaliya, Fransa və Yaponiya elmi mərkəzlərində birgə tədqiqat nəticəsində müəyyən edilmişdir. Onlardan bir neçəsi terahers detektor kimi təsdiq olunmuş, onların əsasında prototip cihazlar hazırlanmışdır. Onların təhlükəsizlik sistemlərində və tibbdə daha həssas, təhlükəsiz, həcmcə çox kiçik, aşağı enerji ilə işlədikləri aşkar olunmuşdur. Onların yaxşı biouyğunluğa və yüksək spin keçiriciliyinə malik olması tibbdə tətbiqə geniş imkanlar açır.

Ağır p-elementlərin telluridləri əsasında topoloji izolyatorların monokristallarının sintezi sahəsində aparılan geniş tədqiqatlar beynəlxalq əməkdaşlıq sayəsində ilk antiferromaqnit xassəli topoloji izolyatorun alınması ilə nəticələndi ki, bu prosesdə azərbaycanlı kimyaçıların da öz yeri vardır. 2019-cu ildə dünyanın ən nüfuzlu elmi jurnallarından olan “Nature” jurnalında azərbaycanlı kimyaçıların da həmmüəllif olduqları məqalənin çap olunması bu tədqiqatlara dünya elmi cəmiyyəti tərəfindən verilən yüksək qiymətdir.

Kimya texnologiyası sahəsində məsaməli mühitlərdə ağır anomal neftlərin hərəkətini müəyyən edən yeni reoloji model əsasında mübadilə proseslərinin hesablanması neft emulsiyalarının parçalanması üçün tətbiq edilmiş, neftin və qeyri nyuton mayelərin borularda nəqli zamanı dispers faza hissəciklərinin çökməsinin qravitasion diffuziya modeli işlənib hazırlanmışdır. Bu tədqiqatlar neftçıxarma, neft nəqli, kimya və neft-kimya sənayesində mühüm rol oynayan müxtəlif proseslərin hesablanmasında və modelləşdirilməsində vacib rol oynayır. Aparılan tədqiqatların ümumiləşdirilmiş nəticələrinin 2019-cu ildə dünyanın ən nüfuzlu akademik nəşriyyatlarından olan “Teylor & Francis Group” şirkətində (Boca Raton, London, New York) irihəcmli “Transport Phenomena in Dispersed Media” monoqrafiyası şəklində nəşr olunması və dünyanın bütün bölgələrinə yayılması (Şimali və Cənubi Amerika; Avstraliya və Yeni Zelandiya; Böyük Britaniya, Avropa və digər ölkələr) azərbaycanlı alimlərin dispers sistemlərin nəzəriyyəsi sahəsində fundamental tədqiqatların dünya elminə töhfəsi sayıla bilər.

Fizioloji fəal kimyəvi birləşmələrin sintezi sahəsində son illərdə aparılan tədqiqatlar nəticəsində triazintionların ilk dəfə sintez olunmuş törəmələrinin canlı orqanizmlərdə bəzi patalogiyalara səbəb olan asetilxolinesteraz və alfa-qlikozidaz fermentlərinə qarşı yüksək antixolinergik və antidiabetik inhibitor təsirinə malik olması müəyyən edilmişdir. Yeni sintez olunan birləşmələr standart dərman maddələri (takrin, akarboz) ilə müqayisədə 2-3 dəfə yüksək farmakoloji fəallıq göstərirlər.

Beynəlxalq əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq xətti molekul zəncirində 11 nikel atomu saxlayan metal-strinq kompleksin sintezini həyata keçirmək mümkün olmuşdur. Məlum molekulyar naqillər arasında uzunluğu ən çox olan bu kompleks quruluş xüsusiyyətlərinə görə nanoelektronika üçün perspektivli material kimi böyük maraq doğurur.

Xərçəng xəstəlikləri əleyhinə istifadə olunan bəzi antibiotiklərin toksiki təsirini yumşaltmaq, fizioloji təsir müddətini artırmaq və nəzarətli ayrılmasını təmin etmək məqsədilə onların immobilizasiyası üçün müəyyən tələblərə cavab verən nano gellər əsasında yeni biokompozitlərin hazırlanma üsulu işlənib hazırlanmışdır.

Kimyaçılarımızın yuxarıda qeyd edilən fundamental tədqiqatlarının elmi məhsuldarlıq göstəricisi olan yüksək İmpakt Faktorlu jurnallarda çap olunan məqalələrin sayı son illərdə kəskin artmışdır. 2017-2019-cu illərdə Kimya Elmləri Bölməsinin əməkdaşları “Web of Science” bazasına daxil edilən 230 məqalə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində isə 134 məqalə çap etdirmişlər. Qeyd etmək maraqlı olardı ki, ayrı-ayrı elm sahələri üzrə reytinqdə (SİR-Simago Rankings, 2018) Azərbaycan bütün elmlər üzrə elmi məhsuldarlıq baxımından 92-ci yerdə (Cənubi Qafqazda 2-ci yerdə) olduğu halda, kimya elmi üzrə reytinqdə 69-cu yerdə (Cənubi Qafqazda 1-ci yerdə) qərarlaşıbdır.

İnstitutlarımız 2017-2019-cu illərdə çoxsaylı ölkədaxili qrantlarla yanaşı 12 beynəlxalq qrant almışlar. Onlardan xüsusi əhəmiyyət kəsb edəni 2019-cu ildə Avropa Birliyinin kifayət qədər nüfuzlu Horison 2020 qrant müsabiqəsində 7 Avropa ölkəsinin aparıcı elmi mərkəzləri, şirkətləri və universitetləri ilə birgə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun da qrant qalibi olmasıdır. Məqsədi təbii qazdan propilen alınması texnologiyasını yaratmaq olan bu qrantın Azərbaycanın SOCAR Polimer zavodunun əsas xammal olan propilen ehtiyatının gələcəkdə artırılması istiqamətdə olması respublikamız üçün xüsusi maraq kəsb edir.

2020-ci ildə AMEA və TÜBİTAK birgə qrant müsabiqəsinə kimyaçılar tərəfindən təqdim edilən 5 layihə ilkin mərhələdən keçərək texniki qiymətləndirmə üçün qəbul edilmişdir. 15-dən çox layihə isə Elmin İnkişaf Fondunun elan etdiyi qrant müsabiqəsinə təqdim edilmişdir.

Fundamental elmin ən önəmli tətbiq sahələrindən biri təhsildir. Bütün dərsliklər fundamental elm əsasında yazılır. Təhsilə nə qədər vəsait ayrıldığı nəzərə alınsa, bu fundamental elmin təhsilə tətbiqinin qlobal büdcəsini əks etdirmiş olar. Digər tərəfdən, gələcək mütəxəssislərin, tədqiqatçıların biliyinin tələb olunan səviyyədə olması təhsildən çox asılıdır. Müəllim tələbəyə təkcə bilik verməklə kifayətlənməməli və təhsilin 4 əsas məqamını - lazım olan bilikləri necə əldə etməyi, bu bilikləri praktikada necə tətbiq etməyi, öz üzərində necə işləməyi və necə təkmilləşməyi, təkcə məsələ qoymaqla kifayətlənməməyi, onun həlli yollarını necə axtarmağı tələbəyə öyrətməlidir. Təhsilin əsas məqsədi bu olmalıdır. Çünki yalnız belə təhsil gənclərdə tənqidi fikir tərzi formalaşdırmağa, onlarda yeni fikirlər xəzinəsi yaratmağa yardımçı ola bilər. Müəllimlərdən tələb yüksək olduğu kimi, onların statusu və nüfuzu da yüksək olmalıdır.

AMEA-da magistratura təhsilinin başlanması və doktorantura sisteminin davam etdirilməsi Kimya İnstitutlarını gənc və yüksəkixtisaslı tədqiqatçılarla təmin edilməsi baxımından müsbət rol oynayır. Gənc tədqiqatçılar Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüş, müxtəlif müsabiqələrin qalibi olmuşlar. Son illərdə gənc kimyaçılarımız Almaniyada, İtaliyada, Tayvanda, İspaniyada, Türkiyədə, Macarıstanda və digər ölkələrdə təcrübə keçmiş, birgə tədqiqatlar aparmışlar ki, bu da onların tədqiqatçı kimi yetkinləşməsində mühüm rol oynayır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox perspektivli gənclər institutlarımızı tərk edərək yüksək məvacib vəd edən BP, SOCAR və digər özəl təşkilatlara üz tuturlar. Ona görə gənclərin elmi fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müxtəlif müsabiqələr keçirilir, görkəmli alimlərin adına mükafatlar təsis edilir, gənc kimyaçılar üçün yay məktəbləri təşkil edilir, konfranslarda iştirakları təmin edilir. Lakin bunlar gəncləri elmə cəlb etmək, AMEA-da saxlamaq üçün kifayət deyil.

AMEA-da elmin gələcək inkişaf perspektivləri ilə bağlı əsas vəzifələr AMEA-nın 2020-2025-ci illər üçün işlənilib hazırlanan inkişaf konsepsiyasında öz əksini tapmışdır. Bununla əlaqədar Kimya Elmləri Bölməsinə bilavasitə aid olan məsələlər daha ətraflı şəkildə işıqlandırılmış, 2020-ci il üçün iş planı tutulmuş və 2020-2025-ci illər üçün əsas prioritetlər müəyyən edilmişdir. Həmin prioritetlərə görə kimya elminin qarşıdakı illərdə əsas elmi fəaliyyəti ağır neft qalıqlarının yanar şistlər, biokütlə və təbii qaz ilə birgə emalı və əlavə dəyər yarada bilən kimyəvi məhsulların istehsalı üçün elm tutumlu yeni texnologiyaların yaradılması; yüksək texnologiyalar üçün yeni və unikal xassələrə malik topoloji izolyatorların, enerji çeviricilərinin, nanoboruların və nanokatalizatorların alınması; yüksək fizioloji təsirə malik üzvi və koordinasion birləşmələrin, bioaktiv polimerlərin və nanogellərin sintezi ilə bağlı olacaqdır. Eyni zamanda Strateji Yol Xəritəsinin və müxtəlif Dövlət Proqramlarının icrası ilə bağlı Tədbirlər Planında Kimya Elmləri Bölməsinin iştirakı davam etdiriləcəkdir.

Yekunda bir məsələni qeyd etmək lazımdır. Bəzi adamlar arasında bəzən belə bir fikir də səslənir ki, cəmiyyətin və iqtisadiyyatın inkişafında nə üçün AMEA məhsuldar qüvvə rolunu oynamır? İqtisadi böhranların, bununla əlaqədar qarşıya çıxan çətinliklərin və problemlərin səbəbini AMEA-da görmək istəyənlər də tapılır. Belə fikirlər bir neçə səbəbdən əsaslı deyil: elm real aləmi öyrənir, onun haqqında biliklər toplayır, lakin bu o demək deyil ki, elm bütün suallara dərhal cavab verə bilir. Elm heç vaxt axıra qədər oxunmuş kitab olmayıb, ola da bilməz. Elmin inkişafı ona çəkilən xərclərdən, keyfiyyətli təhsildən, ölkənin maliyyə vəziyyətindən asılıdır. Problemlər, çətinliklər bir gündə yaranmır və bir gündə də həll edilə bilməzlər. AMEA-nın problemləri mövcuddur, lakin bu heç də o demək deyil ki, AMEA-nın fəaliyyətinin nəticələri görsənmir. AMEA-nın islahatlara, bütün dünyada olduğu kimi özəl sektorun və biznesin dəstəyinə böyük ehtiyacı var. Bununla belə Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunan elmi məhsuldarlığının böyük hissəsi AMEA-nın payına düşür, hərçənd ki, ölkədə olan elmi işçilərin, elmi təşkilat və müəssisələrin yalnız üçdə biri AMEA-da fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir” sözləri öz aktuallığını həmişə saxlamaq qüdrətinə malik olmaqla bərabər, onun inkişafı üçün həm də bir tövsiyədir.

Dilqəm TAĞIYEV, AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin sədri, akademik

"Respublika" qəzeti

JURNALLAR
Faydalı linklər