Xəbərlər
Azərbaycan EA-nın həqiqi üzvi Həbibulla Baxşəli oğlu Şahtaxtinskinin 120 illik yubileyi
Sen 10, 2020 | 12:00 / Yubileylər
Oxunub 2224 dəfə

Görkəmli kimyaçı alim

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” Heydər Əliyev.

Azərbaycan kimya elminin zəngin ənənələri və nailiyyətləri ilk növbədə bu sahədə elmi məktəblərin yaradıcıları olan akademiklər Yusif Məmmədəliyevin, Murtuza Nağıyevin, Əli Quliyevin, Vahab Əliyevin, Həbib Şahtaxtinskinin, Sultan Mehdiyevin və başqalarının adı ilə bağlıdır. Bu görkəmli alimlər Azərbaycan elminin inkişafında əvəzsiz rol oynayaraq kimya elminə böyük töhfələr vermişlər.

Azərbaycan EA-nın həqiqi üzvi, qeyri-üzvi və analitik kimya, qeyri-üzvi maddələrin kimyəvi texnologiyası və mineral xammalın emalı sahələrində görkəmli alim, Azərbaycan EA Qeyri-üzvi və Fizika Kimya İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “Mineral maddələrin texnologiyası” laboratoriyasının əsasını qoymuş və rəhbəri olmuş, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Həbibulla Baxşəli oğlu Şahtaxtinskini hələ sağlığında da, haqlı olaraq, Azərbaycan kimyaçılarının ağsaqqalı adlandırırdılar.

Həbibulla Baxşəli oğlu Şahtaxtinski 1900-cu ilin sentyabr ayının 9-da İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Naxçıvan MR) Şahtaxtı kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Baxşəli Ağa Şahtaxtinski öz dövrünün çox savadlı şəxsiyyəti olmuş, tərcüməçi işləmişdir.

1909-cu ildə İrəvan klassik gimnaziyasının birinci sinfinə daxil olan Həbibulla Şahtaxtinski axırıncı sinfə qədər təhsil almış, sonra ikinci Bakı Gimnaziyasının gimnazisti olmuş, 1920-ci ildə oranı bitirmişdir.

Şərqdə ilk müstəqil Azərbaycan Demokratik Respublikasının qurulmasının canlı şahidi olan H.B.Şahtaxtinski 1920-1921-ci illərdə Əmək Xalq Komissarlığında təlimatçı işləmişdir.

1921-ci ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinə ezam olunmuş H.B.Şahtaxtinski, oranın tibb fakültəsinin tam kursunu 1926-cı ildə bitirmiş, həkim diplomu almışdır. Eyni zamanda universitetin tibb fakültəsinin 3-cü kursunda oxuyarkən o, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsinə daxil olmuş və oranı

1930-cu ildə bitirib mühəndis-texnoloq diplomu alaraq gələcək həyatını bütövlükdə kimya elmi ilə bağlayır.

Gənc respublikaya savadlı adamlar, ixtisasçılar lazım olduğundan H.B.Şahtaxtinski ali məktəbdə təhsilini davam etdirməklə yanaşı 1923-cü ildən orta tədris müəssisələrində, fabrik-zavod məktəblərində, fəhlə fakültələrində, texnikumlarda dərs demişdir.

Hələ tələbə ikən o, 1924-cü ildə Politexnik İnstitutunda analitik kimya kafedrasının laborantı seçilmiş, 1926-cı ildə isə ali təhsilli laborant vəzifəsinə keçirilmişdir. 1930-cu ildə H.B.Şahtaxtinski qeyri-üzvi və analitik kimya kafedrasının assistenti seçilmiş, bir ildən sonra miqdari kimyəvi analiz laboratoriyasına rəhbərlik etmişdir.

1934-cü ildən H.B.Şahtaxtinski dosent vəzifəsini icra etmiş, 1938-ci ildə dosent adına təsdiq olunmuş və 1937-ci ildən etibarən 22 il ərzində analitik kimya kafedrasına rəhbərlik etmişdir.

O, 1930-cu ildən başlayaraq, müxtəlif vaxtlarda Azərbaycan Dövlət Universitetində, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Bakıda və Gəncədə), Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Pedoqoji və qiyabi Pedoqoji İnstitutlarında əvəzçiliklə dərs demişdir. Hətta akademik olarkən, çoxlu sayda tələbələrinin, aspirantlarının, doktorantlarının olmasına baxmayaraq, kimya və metallurgiya sənayesinin böyük tədqiqat problemləri ilə məşğul olan qocaman alim M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda Qeyri-üzvi madələrin texnologiyası kursunu oxumaq üçün də vaxt tapırdı.

H.B.Şahtaxtinski 30-cu illərdə pedoqoji fəaliyyətlə yanaşı böyük elmi-tədqiqat işləri də aparmışdır. Elə bu vaxtlar arsenat-yodometriya sahəsində başladığı tədqiqat işləri sonralar analitik kimyada “arsenat-yodometriya” adlı böyük və vacib bir elm bölməsinin yaranmasına səbəb olmuşdur.

Kimya fənninin Azərbaycan dilində tədrisinin əsasını qoyanlardan biri olan H.B.Şahtaxtinski 1937-ci ildə çapdan çıxmış “Miqdari kimyəvi analiz” dərsliyi sonralar 1953-cu ildə ikinci nəşri olunmuş və bu günə qədər ali məktəb və müəllimlərin istifadə etdiyi ən qiymətli vəsaitlərdən biridir.

O, 1940-cı ildə “Yod həlledicilərinin tətbiqi ilə arsenat turşusunun və maqneziumun yodometrik təyini” mövzusunda namizədlik dissertasiyası, 1949-cu ilin fevralında M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin elmi şurasında “Yodometriyanın arsenat üsulu” mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1950-ci ilin yanvarında ona professor adı verilmişdir.

Böyük Vətən müharibəsi illərində H.B.Şahtaxtinski Respublika Xalq Komissarları Sovetinin tapşırığı ilə yerli xammal və materialların emalı əsasında ölkənin müdafiə ehtiyacı üçün döyüş sursatı hazırlayan xüsusi kimya qrupuna rəhbərlik etmişdir. Görülən işə görə o, Azərbaycan SSR Ali Sovetinin fəxri-fərmanı

və “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyinə görə” medalı ilə təltif edilmişdir.

1959-cu ilin sentyabrında Həbibulla Şahtaxtinskinin təşəbbüsü ilə Azərbaycan EA-nın Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu) Azərbaycanda elmi istiqamətinə görə yeganə olan “Mineral maddələrin texnologiyası” laboratoriyası yaradılır və o, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutundakı analitik kimya kafedrasını tələbələri üçün saxlayaraq, yeni yaradılan laboratoriyanın rəhbəri olur və özünün tamamilə elmi ideyalarını burada həyata keçirir. 27 il bu laboratoriyada işləyərək ömrünün sonuna kimi Azərbaycanın mineral xammalının öyrənilməsinə və kompleks işlənməsinə dair tədqiqat işləri aparır. Sonralar bu laboratoriya şöbə adını daşıyaraq 4 laboratoriyaya çevrildi və hal-hazırda fəaliyyət göstərirlər:

1) Qeyri-filiz mineral xammalın emalı, (lab. müdiri t.e.d. prof. Əhmədov M.M.)

2) Dəmir və titan tərkibli filiz xammalının emalı (lab. müdiri k.e.d. prof. Məmmədov A.N.)

3) Əlvan metal tərkibli mineral xammalın emalı (lab. müdiri k.e.d. prof. Heydərov A.Ə.)

4) Analitik kimya laboratoriyası (lab. müdiri k.ü.f.d. Paşacanov A.M)

H.B.Şahtaxtinskinin Azərbaycanın mineral sərvətlərinin emalına aid tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, barıtların, daş duzunun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi çox böyük sahələri əhatə edir.

Dünyada ilk dəfə Gəncə-Gil torpaq zavodu öz fəaliyyətinə 1965-ci ildə alunitin emalı ilə başlamışdır. Mövcud texnologiyanın təkmilləşdirilməsi, emalın göstəricilərinin yaxşılaşdırılması, istehsal prosesinin müxəlif pillələrində itirilən qiymətli komponentlərin (vanadium və qalliumun) alınması, qaz tullantılarının təmizlənməsi və istifadəsi üzrə tədqiqat işlərinin aparılması H.B.Şahtaxtinskinin rəhbərliyi ilə onun tələbələri tərəfindən davam etdirilmişdir.

Yandırma və reduksiya zamanı alunitin narın fraksiyalarının toz halında itkisini yox etmək üçün tədqiqatçı üyüdülmüş alunitin əvvəlcədən dənəvərləşdirilməsi və prosesi fırlanan sobada aparmağı təklif edir, bu isə itkinin 20%-ni aradan qaldırmağa imkan verir.

H.B.Şahtaxtinskinin təklif etdiyi digər mühüm üsul alunitin reduksiyası üçün solyar yağı əvəzinə konversiya olunmuş təbii qazdan istifadə edilməsidir. Səmərəli reduksiyaedicinin hesabına materialın reduksiya dərəcəsi artır, bu da öz növbəsində təmiz aluminium oksid və sulfat turşusunun alınmasına səbəb olur.

Bütün bu təkliflər laboratoriya şəraitində işlənmiş və alınan müsbət nəticələr H.B.Şahtaxtinskinin əməkdaşları tərəfindən Gəncədə böyük miqyaslı əlvan metalların sınaq zavodunda işləyən qurğuda sınaqdan keçirilmişdir.

H.B.Şahtaxtinskinin və tələbələri tərəfindən aparılmış tədqiqatlar nəticəsində alunitin emal prosesində itirilən gallium və vanadiumun istehsal məhsullarından çıxarılması, həm də zəif alunitləşmiş süxurların kombinə edilmiş turşu-qələvi üsulu ilə işlənməsinin elmi əsasları hazırlanmışdır.

Aluniti kompleks emalı üzrə H.B.Şahtaxtinskinin apardığı işlər bu gün də son dərəcə aktual olduğu üçün, hal-hazırda da İnstitutda “Alunitin yeni emal texnologiyası” adı ilə davam etdirilir.

Akademik H.B.Şahtaxtinskinin öz biliyini və gücünü sərf etdiyi mühüm və böyük problemlərdən biri də əlvan metallurgiya sənayesində alınan və tullantı qazlarının tərkibinə daxil olan kükürd qazlarından elementar kükürdün alınmasıdır. Dünya praktikasında ilk dəfə olaraq, müxtəlif katalizatorlardan istifadə etməklə kükürd 4-oksidin aşağı temperaturda konversiya qazı ilə reduksiyasının elmi əsasları işlənilib hazırlanmışdır. Keçmiş SSRİ əlvan metallurgiya sənayesi nazirliyi tərəfindən bu metod yüksək qiymətləndirilmiş və qərara alınmışdır ki, bu metod Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq olunsun. Sonralar bu proses alimin tələbələri tərəfindən Ryazan metallurgiya zavodunda yarım-sənaye qurğusunda sınaqdan keçirildi və Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq edildi.

Çox zəngin təbii ehtiyata malik tərkibində 40-a qədər qiymətli element olan Filizçay polimetal filizinin kompleks emalı problemi də H.B.Şahtaxtinskinin elmi fəaliyyətində çox mühüm bir mərhələni təşkil edir. Belə ki, onun bilavasitə rəhbərliyi altında filizin zənginləşməsindən alınan ayrı-ayrı selektiv konsentratların (mis, sink, qurğuşun və pirit), kollektiv konsentratın və birbaşa filizin işlənməsinin yeni texnoloji sxemləri işlənilib hazırlanmışdır.

H.B.Şahtaxtinski tərəfindən irəli sürülən daha mühüm bir problemi qeyd etmək lazımdır. Daşkəsən dəmir filizini və titan-maqnetit konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə polad əritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri üçün reaktiv təmizliyə malik çox qiymətli xammalların (dəmir, titan 4-oksid, vanadium 5-oksid, atom birləşmələri) alınması və filizin zənginləşməsi nəticəsində alınan tullantılardan maqnetit və mis-kobalt konsentratının çıxarılmasının texnologiyası işlənib hazırlanmış və sınaqdan keçirilmişdir.

H.B.Şahtaxtinskinin yaradıcılığını Sovet alimlərindən akademiklər I.V.Tananayev, I.P.Alimarin, H.V.Javoronkov və başqaları yüksək qiymətləndirmişlər. M.V.Lomonosov adına MDU-in kimya fakültəsinin Elmi şurasında H.B.Şahtaxtinskinin Azərbaycan EA-nın həqiqi üzvlüyünə namizədliyini – A.A.Balandin, S.I.Valikoviç, V.A.Karqin, A.N.Nesmenyanov, P.A.Rebinder,

A.N.Frumkin və başqaları yekdilliklə müdafiə etmişlər. O, 1967-ci ildə müxbir üzv olmadan birbaşa Azərbaycan EA-nın həqiqi üzvi seçilmişdir.

Uzun illər pedoqoji fəaliyyəti dövründə H.B.Şahtaxtinski Respublikamızda eləcə də onun hüdudlarından kənarda işləmiş və hazırda işləyən minlərcə mühəndis, müəllim, həkim, aqronom, elmi işçilər hazırlamış, onlara kimyanın əsaslarını öyrətmişdir. Qeyd etmək kifayətdir ki, müxtəlif vaxtlarda və müxtəlif tədris müəssisələrində onun tələbələri sırasında sonradan görkəmli alim və ictimai xadim olan Sosialist Əməyi Qəhramanları Rüstəm İsmayılov və Murtuza Nağıyev, akademik Əli və Ələddin Quliyevlər, Soltan Mehdiyev, İmam Mustafayev, Vəli Axundov, Əliəşrəf Əlizadə, Şəfahət Mehdiyev, Toğrul Şahtaxtinski, Musa Musayev və başqalarını göstərmək olar. O, Azərbaycanda kimya elminin klassiki, əsl mənada Respublika kimyaçılarının ağsaqqalı, istedadlı pedaqoq və gözəl insan idi.

H.B.Şahtaxtinskinin elmi işlərinin nəticələri 7 monoqrafiya və dərsliklərdə, 400 elmi məqalədə, müəllif şəhadətnamələrində və elmi hesabatlarda ümumiləşdirilmişdir. O, 40-dan çox elmlər namizədi və doktoru, minlərlə mühəndis-texnoloq, kimyaçı, müəllim və elmi işçilər hazırlamışdır. Dünya şöhrətli xarici alimlərin monoqrafiyalarında H.B.Şahtaxtinskinin əsərlərinə çoxlu sayda istinad olunur. Onun 30-dan çox elementi filiz, ərinti və daş süxurlarında təklif etdiyi metodla təyini keçmiş ittifaqda, həm də xaricdə tanınmış və ədəbiyyata “H.Şahtaxtinski metodu” kimi düşmüşdür.

Uzun müddət səmərəli elmi-pedoqoji fəaliyyətinə görə akademik H.B.Şahtaxtinski “Oktyabr inqilabı” ordeni (1971), bir neçə medallar və Azərbaycan SSRİ Ali Sovet Rəyasət heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. 1974-cü ildə ona Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.

Akademik H.B.Şahtaxtinskinin 120 illik yubileyi ərəfəsində biz alimin irsini, onun elmi uzaqgörənlik istedadını, perspektiv elmi ideyalarını minnətdarlıqla qiymətləndiririk. Onun elmdə yaratdığı yeni istiqamətlər, müstəqil Azərbaycanın iqtisadi potensialının yüksəldilməsi və ehtiyatların səmərəli istifadə olunması üçün bu gün xüsusən aktualdır.

Həbibulla Baxşəli oğlu Şahtaxtinskini tanıyanlar, onunla işləyənlər və ondan öyrənmək xoşbətliyinə nəsib olanlar öz talelərinə minnətdar olmalıdırlar.

 

Dilqəm Tağıyev   AMEA-nın akademik M.Nağıyev adına Kataliz və

                           Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik.

Arif Heydərov     Əlvan metal tərkibli mineral xammalın emalı

                           laboratoriyasının müdiri, k.e.d., professor.

JURNALLAR
Faydalı linklər