Xəbərlər
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Noy 26, 2018 | 13:59 / Konfranslar, iclaslar
Oxunub 324 dəfə

Azərbaycan elminə ağır itki üz verib. Mineral xammalın kimyası və texnologiyası sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor, AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Mineral xammalın kompleks emalı” şöbəsinin rəhbəri Mübariz Məcid oğlu Əhmədov 2018-ci il noyabrın 25-də ömrünün 73-cü ilində vəfat edib. Mübariz Əhmədov 1945-ci il noyabrın 4-də Qazax rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil almış, 1970-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuşdur.

Əmək fəaliyyətinə 1964-cü ildə Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi kimi başlayan Mübariz Əhmədov burada 1975-1986-cı illərdə böyük elmi işçi, 1986-2003-cu illərdə “Kükürd tərkibli filizlərin kompleks emalı” laboratoriyasının müdiri 2014-cü ildən indiyədək “Mineral xammalın kompleks emalı” şöbəsinin rəhbəri olmuşdur. O, 1991-1996-cı illərdə Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, 1996-2002-ci illərdə həmin institutun direktor vəzifəsinin icraçısı işləmişdir.

Mübariz Əhmədov 1974-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1992-ci ildə professor elmi adına almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Mübariz Əhmədov tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanmışdır və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilmişdir (1977-1990-cı illər). Onun rəhbərliyi altında filizçay polimetal sulfid filizinin emalı zamanı alınan kükürd qazından kombinə edilmiş üsulla eyni zamanda sərbəst kükürd və sulfat turşusu alınması istiqamətində nəzəri və təcrübi tədqiqatlar aparılmışdır.

Professor Mübariz Əhmədovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 400-dən çox elmi əsərdə və iki monoqrafiya öz əksini tapmışdır. Onun rəhbərliyi altında 21 elmlər namizədi və 1 elmlər doktoru hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Mübariz Əhmədov elmi fəaliyyətlə yanaşı pedaqoji sahədə də fəaliyyət göstərmişdir. O, 2000-2014-cü illərdə Bakı Dövlət Universitetinin “Ümümi və Qeyri-üzvi Kimya” kafedrasında professor kimi çalışmışdır.

AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə “Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik” Yubiley medalı və “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. Uzun illər səmərəli elmi fəaliyyətinə görə 2005-ci ildə “Şöhrət ordeni” ilə təltif edilmişdir.

Tanınmış alım, pedaqoq, elm təşkilatçısı və səmimi insan Mübariz Məcid oğlu Əhmədovun xatirəsi onu tanıyanların gəlbində həmiyə yaşayacaqdır. 

Allah rəhmət eləsin!

JURNALLAR
Faydalı linklər