Xəbərlər
AMEA M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun iki əməkdaşının təqdim etdikləri beynəlxalq layihələr qalib gəliblər
Mart 30, 2018 | 16:00 / Mühüm hadisələr
Oxunub 188 dəfə

AMEA Rəyasət Heyətinin 14 mart tarixli iclasının gündəliyində yer alan məsələlərdən biri Akamediyanın beynəlxalq elmi layihələrdə iştirakı barədə olub.

Layihələr qeyd olunan təşkilatların müstəqil ekspertləri tərəfindən qiymətləndirilərək Rəyasət Heyətinə təqdim olunub. İclasda elmi-tədqiqat lahiyələri təsdiq edilib.

Təsdiq edilmiş layihələrdən biri M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnsitutunun laboratoriya müdiri k.e.d. Akif Əliyevin Bolqarıstan Elmlər Akamediyasının akad. Yevgeni Budevski adına Elektrokimya və Energetik sistemlər İnstitutu tərəfindən t.e.d., prof. Evelina Slavçeva ilə birlikdə rəhbərlik etdikləri “FeChX-TiO2-MoSx hibrid katodların elektrokimyəvi və fotoelektrokimyəvi tədqiqi” adlı 2018-2020-ci illər üçün nəzərdə tutulmuş layihədir. A.Əliyev sözügedən layihə haqqında məlumat verərək bildirib ki, Günəş enerjisinin birbaşa hidrogen enerjisinə çevrilməsi, suyun fotokimyəvi və fotoelektrokimyəvi parçalanmasına əsaslanır. Bu üsul təmiz hidrogen almaq üçün ən perspektivli üsullardan biri sayılır. Bu üsulun əsas üstünlüyü ekoloji cəhətdən təmiz və tükənməyən enerji mənbəyi olaraq Günəş enerjisindən səmərəli istifadəni təmin etməkdir. Elektrokimyəvi yolla fotohəssas katalitik daşıyıcılar FeChx(Ch=Se və S) üzərində çökdürülmüş MoSx katod materiallarının hidrogenin ayrılması reaksiyası üçün (HER) tədqiqi nəzərdə tutulur.

Ikinci layihə isə M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun laboratoriya müdiri k.e.d., prof. Nizami Zeynalovun İtaliya Respublikası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun professoru Maria Qrazia Raucci ilə birlikdə rəhbərlik etdikləri “L-tiroksinin xitozanın N-trimetil yodlu törəməsinə enkapsullaşdırılması və onun uzun müddət nəzarətli ayrılmasının in vivo bioloji tədqiqi” adlı 2018-2019-cu illər üçün nəzərdə tutulmuş layihədir. Professor Nizami Zeynalov layihə haqqında məlumat verərək bildirdi ki, tiroid xəstəlikləri (qalxanabənzər vəzinin cərrahi götürülməsi) ölkəmiz üçün aktual problemdir. Bu xəstələr alternativ hormon müalicəsi alırlar. Tiroid əməliyyatı sonrasında hormon əvəzedicisi müalicədə levotiroksin preparatı bir çox problemlər yaradır. Həmçinin, optimal dozanın seçilməsi də çətinlik törədir. Yan təsirlərin artması ilə müşaiyət olunan preparatın dozasının artırılması son seçimdir. Qanda uzun müalicəvi dərman qatılıqlarını dəstəkləyən yeni dərman formalarını yaratmaq aktual problemdir. Bu nöqteyi-nəzərdən polimer daşıyıcılar qan daxilində dərmanın yarım parçalanma ömrünü artırır və müalicə konsentrasiyalarını uzun müddət stabil saxlayır. Nəticədə, polimer daşıyıcıları gündəlik qəbul edilməsi və qəbul tezliyini azaltmaq üçün lazım olan terapevtik dozanı azaltmağa kömək edir. Bu məqsədlə layihədə tiroid əməliyyatı aparılmış xəstələrdə qanda L-tiroksin preparatının qatılığını uzun müddət təmin etmək üçün onun N-trimetil yod xitozana kapsullaşdırılması və tələb olunan bioloji və tibbi testlərin öyrənilməsi nəzərdə tutulmuşdur. Tədqiqatlar zamanı xitozan əsaslı polimer daşıyıcının sintezi və  quruluş tədqiqatları AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda, sitotoksiki testlər və bioloji tədqiqatlar İtaliyada, xəstə dovşanlar üzərində in vivo yoxlanışlar isə Azərbaycan Dövlət Tibb Universitetində aparılacaqdır.

 

JURNALLAR
Faydalı linklər