İyl 04, 2016 | 11:30 / Konfranslar, iclaslar
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA müxbir üzvü, prof. Məhəmməd Babanlı bu il iyunun 26-dan iyulun 1-dək Voronej Dövlət Universitetində keçirilən "Fiziki-kimyəvi analiz" XI beynəlxalq Kurnakov elmi müşavirəsində iştirak etmiş və konfransın plenar iclasında "Fiziki-kimyəvi analiz topoloji izolyatorların materialşünaslığında" mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə kimyaçı alimlərimizin bu yeni nəsil funksional qeyri-üzvi materialların alınması və tədqiqi sahəsində son illərdə qazandığı nailiyyətlər ümumilləşdirilmişdir. Göstərilmişdir ki, bu istiqamətdə tədqiqatlar multidissiplinar xarakterlidir və dünyanın bir sıra ölkələrinin (İspaniya, Almaniya, Fransa, İtaliya, İsveçrə, Yaponiya, Rusiya və s.) aparıcı elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Birgə tədqiqatların nəticələri yüksək impakt faktorlu beynəlxalq jurnallarda (Nature Communications, ACS Nano, Nano Letters, Nano Research, Physical Review Letters, Journal of Physical Chemistry və s.) 30-a yaxın məqalədə çap olunmuşdur.
Ezamiyyət dövründə həmçinin İnstitutun Rusiyanın bir sıra elmi müəssisələri ilə , o cümlədən Voronej Dövlət Universiteti ilə birgə elmi-tədqiqat işləri və gələcək əməkdaşlıq planları müzakirə edilmişdir.