May 07, 2018 | 12:57 / Jubilees
07.05.2018 –ci il tarixində saat 10-da AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dünya şöhrətli alim, Sosialist Əməyi Qəhrəmanı akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, dünya şöhrətli alim, Sosialist Əməyi Qəhrəmanı akademik Murtuza Nağıyevin 110 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi haqqında ölkə başçısının 02 noyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq bu gün yubiley iclası keçirilir. Payızda isə M.Nağıyevin 110 illiyinə həsr olunmuş Beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
Akademik Dilqəm Tağıyev qeyd etdi ki, dünya şöhrətli alim M.Nağıyevin elmi fəaliyyətinin əsas istiqaməti neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetikası və termodinamikası idi. M.Nağıvev dünyada kimya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qəbul olunmuş resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır. Bu nəzəriyyə kimya-texnologiya proseslərinin və eləcə də Kimya Texnologiyası Kombinatlarının (KTK) ən effektli yolla intensivləşdirilməsinə imkan yaradıb. Resirkulyasiya nəzəriyyəsindən istifadə edilmədən KTK-ları, hətta ayrıca reaktorları belə layihələşdirilməsi qeyri-mümkündür. M.Nağıyevin qlobal optimallaşdırma anlayışı, mürəkkəb KTK-nın optimallaşdırılmasına sistemli yanaşma olmaqla, kimyəvi proseslərin modelləşdirilməsinə ilkin təkan verib. Onun bu sahədə prioritetliyi bütün dünyada qəbul olunub. M.Nağıyev tərəfindən kimyəvi reaktorların potensial imkanlarının təyini; realizə olunan təcrübi proseslərin optimallaşdırılması; resirkulyasiya sistemləri üçün katalizatorun seçilməsi və tədqiqi; əks-əlaqəli sistemlərin həyata keçirilməsi ilə təcrübi proseslərin tədqiqi; maksimum səmərəliliklə işləyən kimya komplekslərinin işlənib hazırlanması kimi nəzəri məsələlər həll olunub. Alim tərəfindən əsası qoyulmuş superoptimallıq prinsipi kimyəvi proseslərin tədqiqinə kimyanın klassik ənənələrindən fərqli olan yeni yanaşma olub, kimyəvi reaktorların yüksək məhsuldarlıqla işləməsinə və tullantıların azalmasına imkan yaradır. M.Nağıyev 300 elmi əsərin, 12 müəlliflik şəhadətnaməsinin və 30 fundamental monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 30 fəlsəfə doktoru yetişdirilib. O, görkəmli ictimai xadim kimi Azərbaycan Ali Sovetinin 4, 5 və 6-cı çağırışlarının deputatı olub. “Əməkdar Elm Xadimi” və Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. Alim həmçinin “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordenləri və bir sıra medallarla, Azərbaycan SSR Ali Sovetinin “Fəxri Fərmanı” ilə təltif olunub.
Akademik Murtuza Nağıyev 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1945-ci ildə professor elmi adı alıb. 1952-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib. 1945-1946-cı illərdə Azərbaycan SSR EA Neft İnstitutunda şöbə müdiri, 1945-1956-cı illərdə həmin institutun direktoru və şöbə müdiri, 1959-1962 ci illərdə Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutunun direktoru, 1965-1975-ci illərdə isə Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və direktoru olub. 1956-1957-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika-texnika bölməsinin akademik-katibi, 1957-1959-cu illərdə birinci vitse-prezidenti, 1959-1962-ci illərdə Kimya Elmləri bölməsinin akademik-katibi, 1962-1967-ci illərdə isə Azərbaycan EA-nın akademik-katibi olub.
İclasda kimya üzrə elmlər doktoru, görkəmli alimin tələbəsi olmuş Nemət Əlizadə, professor İxtiyar Bəxtiyarlı, k.ü.f.d. Vaqif Qasımov və başqaları akademik Murtuza Nağıyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Sonda görkəmli alimin oğlu, AMEA-nın vitse prezidenti, "Azərbaycan Milli Ensiklopediyasi" Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev atası haqqında xatirələrini danışdı və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.