News
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür
Sep 08, 2023 | 09:41 / Important events
Read 635 time (-s)

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

Bu il Beynəlxalq Savadlılıq Günü “Keçid dövründə dünyada savadlılığın təşviqi: Dayanıqlı və sülhsevər cəmiyyətlər üçün təməlin qurulması” devizi altında qeyd olunur.

UNESCO-nun Baş direktoru Odre Azule Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, savadlılıq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə uğur qazandırır. Savadlılıq başqaları ilə ünsiyyətin açarıdır və hər kəs üçün cəmiyyətə sərbəst inteqrasiya etməyə imkan yaradır. Dünyada savadlılıqla bağlı 40 il ərzində mühüm irəliləyiş əldə olunub: 3,6 milyard insan oxumağı və yazmağı öyrənib. Əgər 1979-cu ildə insanların yalnız 68 faizi yazıb-oxumağı bacarırdısa, 2020-ci ildə bu göstərici 86,7 faizə çatıb. Lakin dünyada 244 milyon məktəb yaşlı uşaq hələ də məktəbə getmir. Eyni zamanda, 773 milyon gənc və yaşlı insan hələ də baza savadına malik deyil, onların üçdə ikisi qadınlardır.

Müraciətin tam mətni UNESCO-nun saytında yerləşdirilib.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Həmçinin son illər ölkəmizdə müasir standartlara cavab verən modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Azərbaycanda təhsilə ən yüksək səviyyədə göstərilən qayğı, bu sahədə həyata keçirilən hər bir islahat xalqın xoşbəxt gələcəyinə hesablanıb.

JOURNALS
Useful links