News
Photo
Nobel mükafatına həsr olunan konfransa hazırlıq məsələləri müzakirə edilib
Jul 25, 2023 | 17:00 / Conferences, assemblies
Read 1770 time (-s)

AMEA-nın təşkilatçılığı ilə oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın Təşkilat komitəsinin ilk iclası keçirilib.

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, konfransın keçirilməsində başlıca məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Azərbaycan elminin bu mükafatı qazanmış alimlərin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsi, həmçinin mövcud miflərin və süni baryerlərin sındırılmasına, psixoloji eyforiyanın aradan qaldırılmasına kömək etməkdən ibarətdir.

Nazirlər Kabinetinin 1996-cı il 3 iyun tarixli qərarı ilə “AMEA nəzdində Nobel İnformasiya Mərkəzi”nin yaradıldığını diqqətə çatdıran İ.Həbibbəyli tarix elmləri doktoru Bəybala Ələsgərovun uzun illər həmin mərkəzə rəhbərlik etdiyini, sonralar Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığını, həmin mərkəzin vitse-prezidenti seçildiyini söyləyib. Bildirib ki, Bəybala Ələsgərovun təcrübəsindən yararlanmaq akademiyanın Nobel mükafatı üzrə hədəflərinə çatmasında mühüm rol oynaya bilər.

AMEA rəhbəri Nazirlər Kabinetinin sözügedən qərarının arxivdən tapılaraq ondan irəli gələn məsələlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. İlk Nobel mükafatının 1901-ci ildə təqdim edildiyini diqqətə çatdıran akademik ötən 122 ildə Azərbaycandan bu mükafata məşhur fizik Lev Landaunun layiq görüldüyünü, həmçinin Cənubi Azərbaycandan Şirin Ebadinin Nobel mükafatı aldığını, Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində çalışanların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olduğunu qeyd edib. Qeyd edilib ki, dünyaşöhrətli akademik Yusif Məmmədəliyevin və məşhur cərrah Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair məlumatlar var. Nobel mükafatının təsis edilməsindən keçən 122 il ərzində Azərbaycandan həmin mükafatı almaq üçün hələlik 2-3 rəsmi müraciətin olması məlumdur.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, beynəlxalq konfransda kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli türkiyəli alim Əziz Səncər və banqladeşli Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun şəxsən və ya onlayn formatda iştirak etmələri üçün iş aparılır. Müxtəlif illərdə ayrı-ayrı ixtisaslar üzrə Nobel mükafatçılarının akademiyada keçirilən tədbirlərdə iştirak etdiklərini, öz təcrübələrini bölüşdüklərini söyləyən AMEA rəhbəri onların beynəlxalq konfransa qoşulmalarının ölkəmizin nailiyyətlərinin dünyada təbliğinə mühüm töhfə olacağını, eləcə də Azərbaycandan Nobel mükafatına iddia edənlərin təşviq edilməsinə stimul verəcəyini vurğulayıb. Həmçinin konfransda Milli Məclisin deputatlarının, ölkənin aparıcı alimlərinin məruzələrinin dinləniləcəyini bildirib, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev elmi konfransın ölkəmiz, cəmiyyətimiz və elmimiz üçün faydalı olacağını bildirib. O, AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa Nobel mükafatçılarının iştirakı üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun zəruri dəstək verəcəyini bildirib.

İclasda Təşkilat komitəsinin üzvlərindən akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, professor Kərim Şükürov, tarix elmləri doktoru Zemfira Hacıyeva, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları fikir və təkliflərini səsləndirib, elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, laboratoriyaların fəaliyyətinin daha da təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin Nobelə gedən yolda mühüm faktor olduğunu söyləyib, tədbirin Azərbaycan cəmiyyətində Nobel mükafatına dair maarifləndirmə işində faydalı olacağını vurğulayıblar.

JOURNALS
Useful links