News
Milli qurtuluşumuzun 30 illiyi
Jun 15, 2023 | 17:00 / Important events
Read 516 time (-s)

Otuz il əvvəl – 1993-cü ilin iyun ayında Azərbaycan xalqı tarixinin və taleyinin ən mürəkkəb, ən ziddiyyətli anlarını yaşayırdı. Ötən əsrin 80-ci illərinin sonundan başlayan siyasi, iqtisadi, mənəvi böhran 1993-cü ilin iyununda xarici və daxili düşmənlərimizin səyləri ilə özünün pik həddinə çatmışdı. Xalqımız illərlə arzusunda olduğu və yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirməyin bir addımlığına gətirilib çıxarılmışdı.

Eyforiya dalğası ilə hakimiyyətə yiyələnmiş təcrübəsiz siyasətçilərin yanlış qərarları, yarıtmaz idarəçiliyi rəngləri daha da tündləşdirirdi. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan inkişaf və tərəqqi əvəzinə gündən-günə tənəzzülə uğrayır, torpaqlarımız bədnam qonşularımız tərəfindən ard-arda işğal olunur, öz taleyinin sahibi ola bilməyən xalqımız vətəndaş qarşıdurmasına yuvarlanırdı.

Ayrı-ayrı şəxslərin, siyasi qruplaşmaların tabeliyində olan qanunsuz silahlı dəstələr, aclıq, qıtlıq, səfalət, çörək növbələri, özbaşınalıq, siyasi qruplar arasındakı intriqalar, vəzifə hərisliyi, kürsünün Vətəndən üstün tutulması 1993-cü ilin iyununun acı, eyni zamanda gerçək tablosudur.

Bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Milli qurtuluşumuzun 30 illiyi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, belə bir şəraitdə xarici və daxili düşmənlərimiz ölkə rəhbərliyinin siyasi səbatsızlığından, daxili və xarici siyasətdə buraxılan kobud səhvlərindən əlverişli fürsət kimi yararlanaraq Azərbaycanın müstəqilliyinə birdəfəlik son qoymaq üçün son hücuma hazır idilər.

Məqalədə vurğulanır ki, 1993-cü ilin iyunu dövlətçiliyimizin sonu olmadı, əksinə, xalqımızın və dövlətimizin taleyində yeni mərhələnin başlanğıcı oldu. XX əsrin 70-80-ci illərində ən ağır şərtlərə, təqiblərə mərdliklə, cəsarətlə və əlbəttə ki, müdrikliklə sinə gərərək respublikamızın hərtərəfli inkişafına nail olan, milli müstəqilliyimizə gedən tarixi yolun təməllərini yaradan xilaskar rəhbərimiz, qədirbilən xalqımızın haqlı olaraq Ümummilli Lider, Ulu Öndər adlandırdığı düha - Heydər Əlirza oğlu Əliyev xalqın çağırışına səs verərək müqəddəs bir missiya ilə Naxçıvandan Bakıya gəldi. Bəli, məhz müqəddəs missiya ilə! Xilaskarlıq missiyasını həyata keçirən Ulu Öndər 1993-cü ilin iyununda ümidsizlik girdabında boğulan, müstəqilliyini itirməyin bir addımlığında olan xalqımızın nicatı, xilası missiyası ilə yenidən böyük siyasət meydanına qayıtdı.

Ümummilli Liderin siyasi hakimiyyətə gəlişi ilə bulanıq sularımız durulmağa, sabahlarımız aydınlaşmağa başladı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, yüksək idarəçilik məharəti, ən əsası isə xalqına olan sonsuz sevgisi ilə bütün çətinlikləri arxada qoymağı, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış ölkəmizi qüdrətli dövlətə çevirməyi bacardı. Bu dönüş, bu qayıdış böyük bir xalqın, eyni zamanda, yenicə müstəqilliyini bərpa etmiş bir dövlətin sözün bütün mənalarında milli qurtuluşu, milli nicatı idi. Ona görə da müdrik xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixini uzaqgörənliklə Milli Qurtuluş Günü adlandırdı.

15 İyun - Milli Qurtuluş Günü hər bir azərbaycanlıya yeni ruh, yeni ovqat, yaşamaq, qurub-yaratmaq əzmini bəxş etdi. Prezident İlham Əliyevin Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırdığı Milli Qurtuluş Günü bu gün xalq və dövlət olaraq əldə etdiyimiz bütün uğurların məhək daşıdır. Hər bir azərbaycanlı o məhək daşını göz bəbəyi kimi qorumalı, müstəqil dövlətimizin inkişafına öz töhfəsini verməlidir.

1997-ci ildən etibarən rəsmi dövlət bayramı kimi təsis edilən 15 iyun tarixi xalqımızın coşqu və həvəslə, eyni zamanda, Ulu Öndərə sonsuz sevgi və ehtiramla qeyd etdiyi böyük bir bayramdır.

Bu gün əminliklə söyləyirik ki, dövlətçiliyimizin inkişafının yeni mərhələsi məhz bu tarixi gündən – 1993-cü ilin 15 iyunundan başlayır. Həmin vaxtdan etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi-iqtisadi islahatlara, peşəkar ordu quruculuğuna başlanıldı. Özbaşınalığın, xaosun hökm sürdüyü bir məmləkətdə əmin-amanlığa, sabitliyə, davamlı rifah və inkişafa nail olundu. Dövlətimizin siyasi və hüquqi təsisatları formalaşdırıldı. Bütün sahələr üzrə milli inkişaf strategiyamız, prioritetlərimiz müəyyənləşdirildi və əzmlə, siyasi iradə ilə həyata keçirildi. Azərbaycan vətəndaşında dövlətə inam formalaşdı. Təkcə bu amil xüsusilə həmin dövrdə hər bir azərbaycanlı üçün olduqca vacib idi.

Ulu Öndərin səyləri ilə nail olunmuş iqtisadi rifah, vətəndaş cəmiyyətinin, azad seçki mühitinin formalaşdırılması, ordu quruculuğundakı uğurlar, dünyadan təcrid edilmiş ölkəmizin dünya birliyinə sürətlə inteqrasiyası məhz 15 iyun 1993-cü ildən başlayan tarixi mərhələnin təməlləri üzərində yaranmış və günbəgün formalaşmış tarixi bir gerçəklik, real bir mənzərədir.

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün 30-cu ildönümünü xalqımız əlamətdar bir tarixlə – Ulu Öndərin 100 illik yubileyi ilə eyni ildə qeyd edir. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Xalqımız hər iki əlamətdar tarixi – Ulu Öndərimizin 100 illik yubileyini və Milli Qurtuluş Gününün 30-cu ildönümünü böyük coşqu, sevgi və minnətdarlıq hissləri ilə qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə tarixi Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra, Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş azad Şuşanın şərəfinə adlandırılmış “Şuşa İli”nin ardınca “Heydər Əliyev İli”nin elan olunması və məhz bu əlamətdar ildə milli qurtuluşumuzun 30-cu ildönümünün qeyd olunması hər bir azərbaycanlıya yüksək ovqat, sevinc və əlbəttə ki, qürur hissləri bəxş edir. Əminliklə və eyni zamanda şükranlıqla söyləyirik ki, bütün bunlar İlahi ədalətin təntənəsi, Ulu Öndər Heydər Əliyevin xalqına olan sonsuz sevgisinin, saf hisslərinin, müqəddəs və ülvi arzularının parlaq təcəssümüdür.

Milli qurtuluşumuzun 30-cu zirvəsindən keçdiyimiz tarixi yola nəzər saldıqca bir xalq olaraq bir daha təsdiqləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin milli qurtuluşumuzun və nicatımızın davamlı və dayanıqlı inkişafına ən böyük töhfəsi özündən sonra İlham Əliyev kimi dünya siyasətinin fenomeni olan siyasi varisini yetişdirməsidir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam və inkişaf etdirməsi nəticəsində xalqımız və dövlətimiz inkişaf və tərəqqiyə nail oldu. 90-cı illərin ümidsiz, ruh düşkünlüyünə uğradılmış Azərbaycan xalqı bugünkü müzəffər xalqa, müstəqilliyini itirmək təhlükəsinin son addımlığında olan Azərbaycan dövləti bütün dünyanın hesablaşdığı, Qarabağını işğaldan azad etmiş qalib və qüdrətli dövlətə çevrildi.

Ulu Öndərin xilaskarlıq, milli qurtuluş missiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağımızın azadlığına, qurtuluşuna nail oldu. Müqəddəs ata vəsiyyətini, Ümummilli Liderimiz Heydər Əliyevin ən ülvi, ən müqəddəs arzusunu şərəflə yerinə yetirdi. Ulu Öndərin: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – kəlamındakı müqəddəs arzular gerçəkləşdi. Bütün bunlar bugünkü xoşbəxt Azərbaycanın tablosu, Ulu Öndər Heydər Əliyevin həyata keçmiş arzularıdır.

Bu gün müzəffər Azərbaycan xalqına mənsubluğu ilə qürur duyan, Ulu Öndərin “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” – kəlamı ilə şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, Azərbaycan xalqının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi də bütün xalqımız kimi “Heydər Əliyev İli”ni və milli qurtuluşumuzun 30-cu ildönümünü böyük hörmət və ehtiramla qeyd edir. Bakı Dövlət Universitetində bu əlamətdar, tarixi hadisələrlə bağlı elmi konfranslar, seminarlar, xüsusi mühazirələr, ustad dərsləri keçirilir, məqalə, esse, rəsm, bədii qiraət müsabiqələri, kitab və rəsm sərgiləri, bilik və idman yarışları, müxtəlif turnirlər, ağacəkmə aksiyaları, bölgələrə səfərlər, muzeylərə ekskursiyalar təşkil olunur, kitablar nəşrə hazırlanır.

Hər birimiz çox xoşbəxtik ki, bu gün Ulu Öndərimizin 100 illik şanlı yubileyini və milli qurtuluşumuzun şərəfli 30-cu ildönümünü qalib xalq kimi qarşılayırıq. Bu əlamətdar, tarixi günlər düşmənin zülmündən qurtulmuş müqəddəs yurd yerlərimizdə, azad Qarabağımızda, Zəngəzurda bayram ovqatı ilə, bu günlərdə Həkəri çayının üzərində düşmənlərimizə əbədilik göz dağı kimi ucaldılmış şanlı bayrağımızın cazibəsində müzəffər xalqımız tərəfindən üzüağ, alnıaçıq şəkildə qeyd edilir.

1993-cü ilin 15 iyunundan başlayan, 2020-ci ilin 27 sentyabrından yeni, parlaq səhifələri yazılan qurtuluş savaşımız və tarixi zəfərlərimiz isə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi müstəvidə bu gün də davam edir.

JOURNALS
Useful links