May 04, 2023 | 15:00 / Conferences, assemblies
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının doktorantı Məmmədova Aysel Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsaslanan “Stipendium Hungaricum” təqaüd proqramının müsabiqəsində iştirak etmiş və müsabiqənin qaliblərindən biri olmuşdur. Dörd il müddətinə nəzərdə tutulmuş təhsil və tədqiqat xərcləri Macarıstan hökuməti tərəfindən ödənilmişdir. Məmmədova Aysel Budapeşt Texnologiya və Ekonomika Universitetinin Kimya Texnologiyası və Biotexnologiya fakultəsində professor Gyrmati Benjamin Sandorun rəhbərlik etdiyi laboratoriyada nəzarətli dərman daşınması sahəsində elmi tədqiqat işləri aparmışdır. Onun dissertasiyası tiollaşdırılmış kationik poliaspartamidlərin sintez edilməsi və onların struktur -xüsusiyyətlərinin araşdırılmasına əsaslanır. Disulfid bağlarla birləşmiş hidrogellərdən anionik tərkibli model dərman maddəsinin ayrılma kinetikası müəyyən edilmiş və elektrostatik əlaqələrin model dərman maddələrinin ayrılmasına təsiri öyrənilmişdir. Dissertasiyaya aid tədqiqat işinin nəticələri beynəlxalq reytinqli nəşriyyatlara (Elsevier, Springer və s.) daxil olan jurnallarda nəşr olunmuş elmi məqalələrdə öz əksini tapmışdır.
Aysel Məmmədovanın müdafiəsi 07.03.2023-cü il tarixində onlayn formatda həyata keçirilmişdir. İlk növbədə müdafiə komissiyasının sədri prof. İvan Bela doktorantı və digər komissiya üzvlərini təqdim edərək müdafiəni açıq elan etmişdir. Komissiyanın katibi Hirsch Edit xanım doktorantın qısa CV-si ilə müdafiəyə qoşulanları tanış etmişdir. Doktorant 20 dəqiqə ərzində slaydlar təqdim edərək öz işi barədə komissiya üzvlərinə məlumat vermişdir. Opponentlər dissertasiya işinin aktuallığı, məqsədi, yeniliyi və praktiki əhəmiyyəti barədə çıxış edərək dissertasiya işinə aid olan iradlarını doktorantın nəzərinə çatdırdırmışlar. Opponetnlərin sualları cavablandırıldıqdan sonra söz auditoriyaya verilmiş və onların da suallarını doktorant geniş şəkildə cavablandırmışdır. Sonra komissiya üzvləri qısa fasilə elan edərək qərar verməyə ayrılmışlar.Qısa müzakirədən sonra dotorantın işi 100 balla qiymətləndirilmiş və Aysel Məmmədova doktorluq adına layiq görülmüşdür.