News
Supernovalar böyük dozalı radiasiya ilə uzaq məsafədəki planetlərdə həyatı məhv edə bilərlər
Apr 26, 2023 | 10:19 / Interesting information
Read 504 time (-s)

NASA-nın Chandra adlı kosmik rentgen teleskopu və digər teleskoplar vasitəsilə əldə edilmiş məlumatlar sayəsində almlər Yer kürəsinə bənzər planetlərdə ola biləcək həyat növləri üçün ciddi təhlükə mənbəyini aşkar ediblər. Söhbət, supernova (ulduzun həyat dövrünün sonunda baş verən güclü və parlaq partlayış) hadisəsi zamanı ondan ifraz edilən rentgen şüalanmasından gedir. Bu cür şüalanma supernovanın 100 işıq ili və ya daha böyük radiusunda yerləşən Yer kürəsinə bənzər planetlərdə potensial həyat növlərini məhv edə bilər. Daha öncə supernovaların bu özəlliklərinə ciddi diqqət yetirilməmişdi. İndi isə buna daha ciddi yanaşmaq lazımdır. Daha öncə supernovalar zamanı canlı orqanizmlər üçün ən təhlükəli faktor qamma şüalanmalar idi. Qamma şüalanmalar partlayışdan sonrakı ilk günlər və aylar ərzində ifraz edilir.

Digər təhlükəli hallardan biri isə yüksək enerjili hissəciklər hesab edilirdi. Bu cür hissəciklər müəyyən planetə yüzlərlə və minlərlə ildən sonra çata bilər. Aparılmış yeni tədqiqatlar nəticəsində məlum olub ki, supernova zamanı daha bir təhlükə mənbəyi ortaya çıxır. Söhbət, məhz rentgen şüalanması axınından gedir. Bu halda rentgen şüalanması supernova partlayış dalğasının partlamış olan ulduzu əhatə edən sıx qaz ilə toqquşması nəticəsində yaranır. Bu hadisə çərçivəsində yaranan rentgen şüalanması axını potensial həyat növünün mövcud olduğu planetə aylar və ya illər ərzində çata bilər. Bununla belə bu hal bir dəfə baş verən bir hal olmayacaq. Belə ki, risk altında olan planet onilliklər ərzində rentgen şüalanmasına məruz qalacaq. Nəticədə planetdə mövcud ola biləcək potensial həyat növü tamamilə məhv olacaq. Alimlər əldə etmiş olduqları məlumatlardan belə qənaətə gəliblər ki, supernova hadisəsindən 160 işıq ili uzaqlığında yerləşən planetlər sözügedən partlayışdan zərər çəkə bilərlər.

Təqdim edilmiş fotoda 4 ədəd supernova əks olunub və alimlər onları öz tədqiqatlarında istifadə ediblər. Sözügedən supernovalar SN 1979CSN 1987ASN 2010jl və SN 1994I adlanırlar. Təqdim edilmiş fotolarda əks olunmuş supernovalardan SN 2010jl adlı supernova daha çox rentgen şüalanması ifraz edib. Alimlərin hesablamalarına əsasən sözügedən supernova özündən 100 işıq ili uzaqlığında yerləşən Yer kürəsinə bənzər planetləri rentgen şüalanmasının ölümcül dozası ilə təmin edib. Rentgen şüalanması axınının daimi şəkildə davam etməsi öz növbəsində planetin atmosferinin kimyəvi tərkibini dəyişə bilər. Məsələn Yer kürəsinə bənzəyən planetin ozon təbəqəsinin böyük hissəsi bu cür hadisə nəticəsində tamamilə məhv ola bilər. Qeyd etmək lazımdır ki, ozon təbəqəsi planetdəki canlıları ultrabənövşəyi şüalanmadan qoruyur.

Daimi rentgen şüalanması həmçinin çoxlu sayda canlı orqanizmlərin məhv olmalarına səbəb ola bilər. Əsas da suda yaşayan canlı orqanizmlərin. Daimi rentgen şüalanması nəticəsində kimyəvi tərkibi dəyişmiş atmosfer daha çox azot dioksidindən təşkil olunacaq. Bu, havada qəhvəyi rəngli dumanın yaranması ilə müşaiyət ediləcək. Bunun nəticəsində bitkilər məhv olmağa başlayacaq. Yer kürəsində mənşəyləri həddən artıq qamma şüalanma ilə əlaqələndirilən izotoplar aşkar edilib. Bu isə birbaşa supernovalara işarə edir.

Bu isə o deməkdir ki, 2-8 milyon il bundan öncə baş vermiş supernovalar Yer kürəsinə müəyyən dərəcədə təsir göstərmiş ola bilərlər. Qiymətləndirməyə əsasən həmin supernovalar Yer kürəsindən 65-500 işıq ili uzaqlığında yerləşiblər. Hal hazırda Yer kürəsi və Günəş sistemi potensial supernova partlayışları məsələsində daha təhlükəsiz nöqtədə yerləşirlər. Lakin Süd Yolu qalaktikasındakı digər planetlər eyni səviyyədə təhlükəsizliyə sahib yerlərdə yerləşmirlər. Buna görə də bu cür yüksək enerjili hadisələr qalaktikamızda potensial həyat növünün ola biləcəyi kosmik sahələri daha da məhdudlaşdırır.

JOURNALS
Useful links