News
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin NİZAMNAMƏSİ
Oct 22, 2022 | 14:19 /
Read 1101 time (-s)

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 21 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (bundan sonra – Agentlik) informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində (bundan sonra – müvafiq sahə) sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə və digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, qısaldılmış halda – İKTA;

1.7.2. ingilis dilində tam halda – Information Communication Technologies Agency, qısaldılmış halda – ICTA.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. müvafiq sahə üzrə investisiyaların cəlb edilməsi üçün tədbirlər görmək, beynəlxalq və yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasını, həyata keçirilməsini və idarə olunmasını aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək;

2.1.4. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək, sağlam rəqabət mühitinin formalaşdırılmasında, inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınmasında aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə iştirak etmək;

2.1.5. müvafiq sahədə tənzimləməni həyata keçirmək və normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək;

2.1.6. radiospektr idarəçiliyini həyata keçirmək, o cümlədən radiotezliklərdən səmərəli istifadənin təşkili, eləcə də Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak etmək;

2.1.7. müvafiq sahədə sertifikatlaşdırmanın və uçotun təşkilini həyata keçirmək;

2.1.8. telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi məqsədilə tədbirlər görmək;

2.1.9. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının planlanmasında və ayrılmasının təşkilində iştirak etmək, o cümlədən operatorlar arasında nömrə daşınması ilə əlaqədar tədbirlər görmək;

2.1.10. universal telekommunikasiya xidmətlərinin təsnifatının, təşkilinin, keyfiyyətinin, müddətinin və digər tələblərin müəyyən edilməsində, xidmətlərə nəzarətlə bağlı zəruri tədbirlər görülməsində iştirak etmək;

2.1.11. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında, dəyişdirilməsində, ləğvində və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. müvafiq sahədə tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla) həyata keçirmək;

3.1.4. telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılması işlərinin təşkilində iştirak etmək;

3.1.5. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçota alınması ilə bağlı tədbirlər görmək;

3.1.6. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə ölkənin qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə zəruri tədbirlər görülməsində iştirak etmək;

3.1.7. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müvafiq sahə üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəricilərinin müəyyən edilməsi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu sahədə fəaliyyət göstərən subyektlərin xidmətlərinin keyfiyyətinə nəzarət olunması məqsədilə monitorinqlərin aparılmasında iştirak etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı tədbirlər görmək;

3.1.8. universal telekommunikasiya xidmətlərinin təsnifatının, təşkilinin, keyfiyyətinin, müddətinin və digər tələblərin müəyyən edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, habelə həmin tələblərə riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

3.1.9. telekommunikasiya operatorları arasında arabağlantı şərtlərinin müəyyən edilməsi, bu sahədə fəaliyyətin tənzimlənməsi, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək;

3.1.10. radiospektr idarəçiliyini həyata keçirmək, o cümlədən Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirakla bağlı tədbirlər görmək;

3.1.11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-cı maddəsində və 2 nömrəli əlavə – “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nın 4-1-ci maddəsində nəzərdə tutulmuş lisenziyaya malik olan lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti yerinə yetirərkən lisenziya şərtlərinə riayət etməsinə nəzarətin həyata keçirilməsində iştirak etmək, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə, lisenziyanın dayandırılması və ləğvi barədə Nazirlik qarşısında məsələ qaldırmaq;

3.1.12. müvafiq sahə üzrə xidmət bazarlarını təhlil etmək və onların formalaşdırılması istiqamətində tədbirlər görmək;

3.1.13. xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələrin həllində iştirak etmək;

3.1.14. telekommunikasiya bazarında hökmran mövqe tutan operatorların fəaliyyəti üzrə xüsusi tələblərin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

3.1.15. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının planlaşdırılmasında və ayrılmasının təşkilində, eləcə də operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;

3.1.16. müvafiq sahə üzrə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək, habelə qanuna uyğun olaraq dövlət–özəl tərəfdaşlıq layihələrinin özəl investisiyalarının cəlb edilməsi yolu ilə həyata keçirilməsi üçün tədbirlər görmək;

3.1.17. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılması ilə bağlı, habelə bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə Nazirliyə təkliflər vermək, müvafiq sahədə razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.18. mövcud telekommunikasiya infrastrukturunun yeni texnologiyalar tətbiq edilməklə qurulması istiqamətində tədbirlər görmək;

3.1.19. genişzolaqlı internetə çıxış səviyyəsini maksimum həddə çatdırmaq məqsədilə mövcud infrastrukturun texnoloji inkişafını təmin etmək;

3.1.20. elm, bilik, texnologiya və innovasiya əsaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” ekosisteminin formalaşması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görmək;

3.1.21. müvafiq sahə üzrə inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində Nazirliyə təkliflər vermək;

3.1.22. müvafiq sahədə mövcud vəziyyəti təhlil etmək, proqnozlaşdırma işlərini təşkil etmək və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək;

3.1.23. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.24. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.25. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.26. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.28. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.29. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.30. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.31. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.32. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.33. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.34. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

3.2.3. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. müvafiq sahədə sistem risklərinin, sınaq və ssenarilərin təhlilini aparmaq, bu təhlil əsasında sahənin tənzimlənməsi istiqamətlərini müəyyənləşdirmək və tətbiq etmək;

3.2.5. müvafiq sahədə dövlət orqanları (qurumları) tərəfindən normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, bu məqsədlə müvafiq tədbirlər görmək, o cümlədən qanunda nəzərdə tutulduğu halda icrası məcburi olan göstərişlər vermək;

3.2.6. müvafiq sahəyə, habelə fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən layihələrin maliyyələşdirilməsi ilə əlaqədar daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək;

3.2.7. fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.8. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, habelə analitik materiallar hazırlamaq;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.11.müstəqil ekspertləri və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

3.2.12.əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.13.sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.14.Agentliyin fəaliyyətini təbliğ etmək, müxtəlif metodiki vəsaitlər, jurnallar, xüsusi bülletenlər, kitablar və digər nəşrlər buraxmaq;

3.2.15.bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.

4.4. Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.

4.5. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri həyata keçirir.

4.6. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.6.1. Agentliyin fəaliyyətini təşkil etmək və onun fəaliyyətinə nəzarət etmək;

4.6.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.6.3. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün Nazirliyə təkliflər vermək;

4.6.4. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.6.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.6.6. Nazirliyin razılığı ilə Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.6.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqların toqquşmasının istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.6.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.6.9. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.6.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.6.11. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə dair hesabatlar almaq, habelə Nazirliyin razılığı ilə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.6.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.6.13. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.6.14. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.6.15. bu Nizamnamənin 3.1.28-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.6.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.6.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.6.18. Agentliyin fəaliyyəti ilə əlaqədar təsisçinin və ya İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.7. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.8. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.11.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.11.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.11.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.11.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.11.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.11.11. Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.11.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.11.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.11.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

JOURNALS
Useful links