News
Xalqımızın yüksək intellektual potensialının bariz göstəricisi olan qələbə
Jan 05, 2021 | 11:23 / Important events
Read 731 time (-s)

İdmanda qələbə də, məğlubiyyət də labüddür. Gərgin idman mübarizəsinin sonunda daha üstün oyun nümayiş etdirən qalib gəlir. Təbii ki, həmin idmançının bu qələbəsinə nəinki onun özü, yaxınları ilə yanaşı, təmsil etdiyi xalq da sevinir. Lakin bəzi qələbələr var ki, adi idman uğurundan daha böyük sevincə səbəb olur, xalqın gücünü, əzmini bütün dünyaya nümayiş etdirir. Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbovun nüfuzlu beynəlxalq turnirin finalında Ermənistan təmsilçisi, qrossmeyster Levon Aronyan üzərində qazandığı qələbə kimi...

AZƏRTAC xəbər verir ki, Teymur Rəcəbov 2021-ci ilin ilk günlərində parlaq qələbə qazanmaqla xalqımıza yeni uğurların ilk müjdəsini verdi. Onun dünyanın nüfuzlu şahmat turnirlərindən olan “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı məğlub edərək yarışın qalibi adını qazanması yeni ildə xalqımız üçün ən gözəl təbrik oldu. Əslində, rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Teymur Rəcəbov-Levon Aronyan finalının adi bir şahmat qarşılaşması olmayacağı hamıya aydın idi. Oyundan əvvəl bəzi şahmat mütəxəssislərinin bu qarşılaşmaya siyasi don geyindirməsi cəhdi də təsadüfi deyildi. Bu, istər-istəməz hər iki şahmatçıya ciddi psixolojı təsir göstərirdi.

Digər tərəfdən, Levon Aronyanın Vətən müharibəsi dövründə idman prinsiplərinə qarşı çıxaraq bir-birinin ardınca separatçı açıqlamalar verməsini, üstəlik, şahmatçı nüfuzundan istifadə edərək dünyanı təmsil etdiyi işğalçı dövləti dəstəkləməyə çağırmasını, bunu həyasızcasına tələb etməsini hamı yaxşı xatırlayır. Erməni qrossmeyster az qala bütün dünyanı Azərbaycana qarşı döyüşə qaldırmaq üçün hay-küy salsa da, özü vəzifəsinin öhdəsindən, yəni azərbaycanlı rəqibi ilə idman mübarizəsindən belə qalib çıxa bilmədi. Özü də bir ay yarım ərzində ikinci dəfə.

Xatırladaq ki, noyabrın 23-də “Skilling Open” turnirində də Teymur Rəcəbov Levon Aronyanı məğlub etmişdi. Erməni rəqibi ilə budəfəki qarşılaşma final matçı olduğundan daha prinsipial əhəmiyyət kəsb edirdi. FIDE-nin ən güclü şahmatçılar reytinqində 6-cı sırada yer alan erməni rəqibin gərgin səylərinə baxmayaraq, Teymur Rəcəbov rəqibinin müqavimətini qıraraq onu təslim olmağa məcbur etdi.

Teymurun qazandığı qələbə onun psixolji durumunun ermənidən daha yaxşı olduğunu və ümumiyyətlə, belə vəziyyətlərdə xalqımıza xas səbir və təmkin nümayiş etdirdiyini göstərdi. Bunu hətta dünyanın tanınmış şahmatçılarından biri olan hollandiyalı Aniş Giri də turnirdən sonra etiraf edib. O, emosional insan olan Teymurun bu dəfə hisslərini cilovlamağı bacardığını və gözəl oyun nümayiş etdirdiyini bildirərək onu qəhrəman adlandırıb.

Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə səsləndirdiyi “Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur”, - fikirləri Azərbaycan xalqını, onun mentalitetini və xarakterini tam dolğunluğu ilə təcəssüm etdirir. Dövlətimiz beynəlxalq aləmdə nüfuzu, əsgər və zabitlərimiz döyüş meydanında cəsurluğu, şahmatçımız idman arenasında yüksək intellekti ilə Azərbaycanın qüdrətini və uğurlu gələcəyini təmin edən həmrəyliyimizi, gücümüzü bir daha dünyaya nümayiş etdirdi.

Şahmatçımızın parlaq qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrikində də məhz bu amilə xüsusi diqqət yetirilib: “Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir”.

Şahmat mütəxəssisləri Teymur Rəcəbovun bu uğurunun onun qələbələrinin davamlı olacağını demək üçün güclü əsas yaratdığını bildirirlər. Onun son qələbəsi ilə bağlı fikirlərini bölüşən Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov şahmatçımızın final görüşünün hər iki günündə özünü yüksək səviyyədə göstərdiyini bildirib və bu nəticəni Teymurun mənəvi qələbəsi adlandıraraq deyib: “Teymur Rəcəbovun “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn “Airthings Masters” turnirində qələbəsi Azərbaycan şahmat məktəbinin uğuru, xalqımızın intellektual potensialının göstəricisidir. Teymur Rəcəbov 2019-cu ilin sonunda Azərbaycan şahmatı tarixində ilk dəfə Dünya Kubokunun qalibi oldu. O, həmin qələbədən sonra yaxşı idman formasını davam etdirir. Biz gələcəkdə də Teymur Rəcəbovdan və digər şahmatçılarımızdan böyük uğurlar gözləyirik. 2021-ci il şahmatımız üçün Teymur Rəcəbovun qələbəsi ilə başladı. İnanırıq ki, qələbələrimiz davamlı olacaq”.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov da dünya şahmat ictimaiyyətinin böyük rəğbət bəslədiyi Teymur Rəcəbovun çox böyük nailiyyətlər qazanması üçün üçün böyük potensiala malik olduğunu qeyd edib: “Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub. Qrossmeysterimiz dünya şahmat ictimaiyyətinin böyük rəğbət bəslədiyi zəka sahiblərindən biridir. Əminik ki, onun qələbələri davamlı olacaq”.

Dünyanın daha bir aparıcı şahmatçısı, FIDE reytinqində 8-ci sırada qərarlaşan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “Facebook” səhifəsindəki paylaşımında komanda yoldaşını təbrik edərək uğurlarının davamlı olmasını arzulayıb: “Bu il bizim ilimizdir. Təbrik edirəm, Tima. Uğurlarının davamı gəlsin”.

Teymur Rəcəbovun prinsipial qələbə ilə start verdiyi bu ilin şahmatçımız üçün böyük uğurlarla zəngin il olacağına ümidlər əsassız deyil. Belə ki, “Airthings Masters” turnirinin qalibi olmaqla o, “Champions Chess Tour”un finalına birbaşa vəsiqə qazanıb. Bu il keçiriləcək digər nüfuzlu yarışlarda da şahmatçımızın iştirakı planlaşdırılır.

Hələ yeniyetməlik çağlarından dünya şahmatının vunderkindlərindən biri kimi tanınan Teymur Rəcəbovun uğurlu karyerasının dünya şahmatsevərləri tərəfindən maraqla izlənilməsi təsadüfi deyil. Bu maraq istedadlı şahmat ustasının 2001-ci ilin martında - 14 yaşında qrossmeyster adını qazanaraq şahmat tarixinin ən gənc ikinci qrossmeysteri ünvanına sahib olanda yaranıb. İki il sonra - 2003-cü ildə Linares turnirində ovaxtkı dünya birincisi Harri Kasparovu məğlub etdikdən sonra dünya çempionuna qalib gələn ən gənc şahmatçı kimi məşhurlaşıb. Həmin il keçmiş dünya çempionları Vişvanatan Anand və Ruslan Ponomaryov üzərində qələbələrlə bir ildə üç dünya çempionunu məğlub edən yeganə şahmat ustası kimi tarixə düşüb. Əldə etdiyi maksimum - 2793 reytinqlə 2012-ci ilin noyabrında dünya reytinqində 4-cü sırada yer alması Teymurun parlaq zəkasından xəbər verirdi.

İstedadlı qrossmeysterimiz iki dəfə - 2011-ci və 2013-cü illərdə iddiaçılar turnirində mübarizə aparıb. O, Azərbaycan milli komandasının heyətində 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionatının qalibi olub. Onun əsas fərdi uğurları arasında 2007-ci ildə Veyk-an-Zee turnirinin, 2008-ci ildə Elista Qran-Prisinin, 2017-ci ildə Cenevrə Qran-Prisinin və ən əsası 2019-cu ildə dünya kubokunun qalibi olmasını göstərmək kifayətdir.

Şahmatçımızın uğurlarının əsasında onun güclü intellektə sahib olması ilə yanaşı, həm də yüksək vətənpərvərliyi dayanır. Vətən müharibəsinin ilk günlərindən haqq səsini ucaldaraq Azərbaycanın rəşadətli Ordusunun doğma torpaqlarımızda ədaləti bərpa etdiyini dünyaya çatdıran T.Rəcəbov öz paylaşımlarında xüsusilə vurğulayıb: “Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq!”.

Elə iki gün bundan əvvəl erməni rəqibi Levon Aronyana 2:0 hesabı ilə qalib gəlməklə gözünü açmağa imkan verməyərək ona təmiz və ədalətli qələbənin nə demək olduğunu dünyanın gözü qarşısında başa saldığı zaman qələbə sevincindən doğan göz yaşları bunun ən gözəl təsdiqi oldu.

JOURNALS
Useful links