News
Teodor Svedberq
Nov 14, 2017 | 10:30 / Interesting information
Read 95 time (-s)

Teodor Svedberq 1884-cü ilin avqustun 30-da İsveçdə Evleborq vilayətinin Valbo şəhərində anadan olmuşdur. 1907-ci ildə Upsal Universitetini bitirmişdir və orada işləmişdir. 1921-ci ildən Upsal Universitetində professor, 1949-cu ildən Upsaldakı nüvə kimyası institutunun direktoru işləyir. Əsas tədqiqatları kolloid kimyaya, molekuların ölçülərinin və formalarının müəyyən olunmasına, elektroforezə həsr olunmuşdur. 1907-ci ildə A. Eynşteyn və M. Smoluxovski tərəfindən  işlənib hazırlanmış broun hərəkəti nəzəriyyəsini eksperimentlə təsdiq edir; 1907-ci ildə molekulların mövcudluğunun reallığını sübut edir və müasir molekulyar-kinetik təsəvvürləri əsaslandırır.

1907-ci ildə qızılın, kükürdün və digər elementlərin kolloid məhlullarda diffuziya əmsallarını müəyyən edir. 1909-cu ildə D. Stremqolm ilə birlikdə belə bir nəticəyə gəlir ki, kimyəvi eyni radioelementlərin  dövri cədvəldə bir xanada yerləşməsi  doğrudur.

1919-cu ildə məhluldan kolloid hissəciklərin ayrılması üçün ultrasentrifuqalaşdırma üsulunu işləyib hazırlayır və 1923-cü ildə ilk dəfə olaraq yüksək disperslikli zolları öyrənmək üçün  ultrasentrifuqa yaradır. Bu cihazların köməyi ilə 1925-ci ildə hemoqlabinin və müxtəlif zülalların molekul kütlələrini müəyyən edir. İkinci Dünya Müharibəsi zamanı sintetik kauçukun alınmasının sənaye üsulunu işləyib hazırlayır.

1950-ci ildən başlayaraq Upsalda nüvə kimyası institutunda sinxrosiklotronda tədqiqatlar aparır və zülalların fiziki kimyasını öyrənir.

O, bir sıra elmlər akademiyalarının və elmi cəmiyyətlərin üzvü olmuşdur.

1926-cı ildə “dispers sistemlər sahəsində işlərinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Svedberq 1971-ci ilin fevralın 26-da Kopparberqdə vəfat etmişdir.

JOURNALS
Useful links