Новости
AMEA-da akademik İsa Həbibbəylinin sədrliyi ilə müşavirə keçirilib
Сен 06, 2023 | 11:02 / Конференции, собрания
Прочитано 516 раз (-а)

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Akademiyada yeni iş mövsümünün başlaması münasibətilə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin alimləri tərəfindən görkəmli dövlət xadiminin zəngin irsinə həsr olunmuş genişmiqyaslı tədqiqatların aparıldığını və hər biri fundamental monoqrafik əsər olmaqla, 29 kitabın işıq üzü gördüyünü söyləyib. Qeyd edib ki, cari ilin sonuna kimi ümumilikdə bu istiqamətdə 40-a yaxın nəşrin çapı nəzərdə tutulur və ərsəyə gətirilmiş əsərlər dekabr ayında AMEA-da “Heydər Əliyev İli”nə həsr olunmuş Rəyasət Heyətinin genişləndirilmiş iclasında geniş ictimaiyyətə təqdim olunacaq.

Akademik İsa Həbibbəyli, həmçinin bu günlərdə Türkiyəyə səfəri zamanı qardaş ölkədəki elmi qurumlarda keçirdiyi görüşlər barədə müşavirə iştirakçılarını məlumatlandırıb. Diqqətə çatdırıb ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Dil Qurumunun hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq Oğuz Türkcəsi konfransı bu ilin sentyabr ayında Qurumun tarixində ilk dəfə olaraq Türkiyədən kənarda, Azərbaycanda AMEA ilə birgə keçiriləcək. AMEA prezidenti, beynəlxalq konfransın Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr ediləcəyini vurğulayıb.

AMEA prezidenti həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanı ilə əlaqədar olaraq Akademiyada həyata keçirilməkdə olan tədbirləri diqqətə çatdırıb.

Müşavirədə, o cümlədən AMEA-nın qarşıda keçiriləcək Ümumi yığıncağına, oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, uğurlar və çağırışlar” mövzusunda elmi konfransa, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyinə və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AMEA prezidenti, həmçinin cari ilin sentyabr ayında Rəyasət Heyətinin qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyasının yaradıldığını diqqətə çatdırıb və ekspedisiyanın işğaldan azad olmuş ərazilərdə uğurla fəaliyyət göstərdiyini söyləyib.

Müşavirədə Rəyasət Heyətinin üzvləri, akademiklər – Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev və Gövhər Baxşəliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və təkliflərini səsləndiriblər.