Новости
Bioloji həyat üçün vacib olan daha bir komponent kosmosda aşkar edilib
Июл 07, 2023 | 11:24 / Интересная информация
Прочитано 523 раз (-а)

Astronomlar Günəş sisteminə yaxın məsafədə yerləşən kosmik sahədə yüksək miqdarda triptofan adlı amin turşusunun olduğunu aşkar ediblər. Triptofan isə proteinlərin formalaşmasında iştirak edən 20 amin turşusundan biridir. Proteinlər Yer kürəsində həyat forması üçün vacib rol oynayırlar. Triptofan üçün xarakterik olan unikal spektral xətlər artıq fəaliyyətini dayandırmış Spitzer adlı kosmik teleskopun infraqırmızı diapazonda əldə etmiş olduğu məlumatlar arasında aşkar edilib. Kosmik teleskop vaxtı ikən IC348 adlı kosmik sahənin infraqırmızı diapazonda məlumatlarını əldə etmişdi.

Sözügedən kosmik sahədə yeni ulduzların formalaşması prosesi gedir. Həmin kosmik sahədə triptofanın aşkar edilməsi proteinlərin formalaşmasında iştirak edən və əsasən meteoritlərdə aşkar edilən amin turşularının kosmik qazın və tozun tərkibində də olduğuna işarə edir. Qeyd etmək lazımdır ki, cavan ulduz sistemlərində qaz və tozdan müəyyən mərhələdə planetlər formalaşırlar. Kanar Astrofizika İnstitutunun təmsilçilərinin sözlərinə əsasən Persey adlı molekulyar kosmik buludda triptofanın mövcud olmasının sübutu bu kosmik sahədə və yeni ulduzların formalaşdıqları digər sahələrdə yeni amin turşularının axtarışlarını stimullaşdıracaq.

Proteinlərin formalaşmalarında iştirak edən komponentlərin, ulduzların və planetlərin formalaşmalarında iştirak edən kosmik qazın tərkibində geniş şəkildə olmaları faktorunun sübutu çox vacibdir. Belə ki, bu, ekzoplanetlərdə mümkün həyat növünün formalaşma mexanizmlərini anlamağa yardımçı ola bilər. Triptofanın aşkar edildiyi IC348 adlı kosmik sahə Persey molekulyar buludunun bir hissəsidir. Bu bulud nəhəng qaz toplusudur və onun kütləsi 10 000 Günəş kütləsinə bərabərdir. Yer kürəsindən cəmi 1000 işıq ili uzaqlığında yerləşən IC348 adlı kosmik sahə yeni ulduzların formalaşdıqları kosmik sahələr arasında Yer kürəsinə ən yaxın yerləşənlərdən biridir.