Новости
Фото
AMEA-nın Gəncə Bölməsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda Respublika konfransının bağlanış mərasimi keçirilib
Июн 26, 2023 | 12:08 / Конференции, собрания
Прочитано 1132 раз (-а)

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Bölməsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının bağlanış mərasimi keçirilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, tanınmış elm xadimləri, gənc alimlər, mütəxəssislər və ziyalılar iştirak ediblər.

Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra AMEA-nın Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgiyə baxış keçirilib.

Konfrans  Bölmənin böyük akt zalında keçirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə çıxışında “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusundakı 4 günlük Respublika konfransının Bakıdan sonra Gəncədə davam etdirildiyini və burada yekunlaşdığını vurğulayıb. Bu işdə hərtərəfli dəstəyə görə o, AMEA Gəncə Bölməsinə və onun sədri akademik Fuad Əliyevə təşəkkür edərək, konfransın daha bir bölmə iclasının da dünən bu elm ocağında keçirildiyini xatırladıb. Akademik İ. Həbibbəyli Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. O qeyd edib ki, Heydər Əliyevin zəngin həyatının, çoxcəhətli fəaliyyətinin, ideallarının mərkəzində Azərbaycan dövlətinin müstəqilliyinin əbədi qorunub saxlanması, inkişaf etdirilməsi dayanırdı və bu siyasətin içərisində daim gənclərə xüsusi önəm verirdi.

Akademik İ. Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması haqda ölkə başçısının Sərəncamının işığında AMEA tərəfindən Ulu Öndərin həyat və fəaliyyətinə dair 39  yüksək səviyyəli konfrans, seminar, simpozium və digər elmi toplantların keçirildiyini, bu tədbirlərdə dünyanın bir çox ölkələrindən gəlmiş tanınmış alimlərin də iştirak etdiyini qeyd edib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, tədbirin iştirakçlarını və qonaqları salamlayıb və bu mötəbər elmi toplantıya uğurlar arzulayıb. O, ölkəmizdə müasir gənclər siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu və bu siyasətin Prezidet İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, bu strategiyanın nəticəsi kimi Azərbaycanda dövlətçiliyimizə sadiq fəal gənclər ordusunun formalaşdığını qeyd edib.   

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında şəhər rəhbəri Niyazi Bayramova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə,  AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova və Respublika konfransına qatılmış digər qonaqlara, gənc tədqiqatçılara təşəkkür edib.

Akademik F. Əliyev Ulu Öndər Heydər Əliyev irsinin gənclər üçün ən doğru yol, ən yüksək ideal olduğunu bildirib. Akademik F. Əliyev AMEA-nın Gəncə Bölməsi əməkdaşlarının birgə əməyinin nəticəsi olan “Heydər Əliyev və Gəncə” monoqrafiyasına verilən qiymətə görə AMEA-nın prezidentinə minnətdarlıq bildirərək, həmin kitabda dünyanın aparıcı siyasət adamlarının, məşhur politoloqların, ictimai xadimlərin Heydər Əliyev fenomeni haqda fikirlərinin də yer aldığını xatırladıb və həmin mülahizələrin gənclərimizin düşüncələrinin formalaşmasına xidmət etdiyini vurğulayıb.

Sonra konfransın məruzələri  dinlənilib.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elmi”, AMEA Gənc Alim  və mütəxəssislər Şurasının sədri Elmir Babayev “Heydər Əliyev və Azərbaycan gəncliyi”, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “Ulu Öndər Heydər Əliyevin elm və təhsil siyasəti”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Ədəbiyyatın və mədəniyyətin inkişafında Ümummilli Liderimizin xidmətləri “, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov “Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin banisidir”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin doktorantı Təranə Verdiyeva “Heydər Əliyev və klassik irs”, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova “Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan gənclərinin yeri” mövzularında çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda bir qrup gənc alimə bu konransın işində fəal iştiraklarına, eləcə də məhsuldar tədqiqat fəaliyyətlərinə görə təşəkkürnamələr verilib.