Новости
Alimlər bioloji həyat üçün vacib xüsusi molekulu ilk dəfə kosmosda aşkar ediblər
Июл 03, 2023 | 12:01 / Интересная информация
Прочитано 440 раз (-а)

Alimlər bioloji həyatın formalaşması üçün vacib olan xüsusi karbon molekulunu ilk dəfə kosmosda aşkar ediblər. Xüsusi karbon molekulu Yer kürəsindən 1350 işıq ili uzaqlığında yerləşən cavan ulduzun protoplanet diskində (yenicə formalaşmış cavan ulduzun ətrafında dövr edən və sıx qaz ilə tozdan ibarət disk) aşkar edilib. Lakin bu, sözügedən cavan ulduz sistemində olan yeganə təəccübləndirici faktor deyil. James Webb kosmik teleskopu tərəfindən əldə edilmiş spektral məlumatların analizi sayəsində alimlər metil-kation (CH3+) molekullarını aşkar ediblər. Bu, Yer kürəsindən kənarda sözügedən birləşmənin kəşf olunduğu ilk haldır.

Hələ keçən əsrin 70-ci illərində alimlər tərəfindən belə bir fərziyyə irəli sürülmüşdü ki, Yer kürəsində və kosmosda bioloji həyatın formalaşması üçün metil-kation kimi karbon birləşməsinin əmələ gəlməsi lazımdır. Bu, bir çox kimyəvi reaksiyaları işə salan bir növ katalizator rolunu oynayır. Keçən əsrdə irəli sürülmüş bu fərziyyənin təsdiqlənməsi üçün isə metil-kation kosmosda aşkar edilməli idi. Lakin bu birləşmənin molekullarının sahib olduqları xüsusi struktur səbəbilə radioteleskoplar onu aşkar edə bilmirlər. Yer kürəsində olan infraqırmızı teleskoplar isə bu prosesdə yardımçı ola bilmirlər. Nəticədə problem James Webb kosmik teleskopu vasitəsilə aradan qaldırılıb.

Alimlər sözügedən teleskopda olan müasir təchizatlardan istifadə edərək Orion dumanlığında yerləşən d293-506 adlı qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafındakı protoplanet diskində metil-kation molekulu aşkar ediblər. Maraqlısı ondadır ki, ulduzun protoplanet diski ona yaxın yerləşən cavan və daha böyük kütləli ulduzlar tərəfindən güclü ultrabənövşəyi şüalanmaya məruz qalır. Qırmızı cırtdan özü buna qadir deyil. Təəccüblü hal ondan ibarətdir ki, ultrabənövşəyi şüalanma protoplanet diskindəki metil-kationu məhv etmir. Əksinə onun sintezi prosesinin işə düşməsi üçün enerji rolunda çıxış edir. Çox güman ki, bu, üzvi kimyanın formalaşmasının ilk mərhələlərində baş verir və zərər yetirmək əvəzinə əksinə inkişafa təkan verən faktor rolunda çıxış edir.