Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Aysel Məmmədova Budapeşt Texnologiya və Ekonomika Universitetində dissertasiya müdafiə edərək fəlsəfə doktoru adına layiq görüldü
Мая 04, 2023 | 15:00 / Конференции, собрания
Прочитано 1207 раз (-а)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının doktorantı Məmmədova Aysel  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsaslanan “Stipendium Hungaricum” təqaüd proqramının müsabiqəsində iştirak etmiş və müsabiqənin qaliblərindən biri olmuşdur. Dörd il müddətinə nəzərdə tutulmuş təhsil və tədqiqat xərcləri Macarıstan hökuməti tərəfindən ödənilmişdir. Məmmədova Aysel Budapeşt Texnologiya və Ekonomika Universitetinin  Kimya Texnologiyası və Biotexnologiya  fakultəsində professor Gyrmati Benjamin Sandorun rəhbərlik etdiyi laboratoriyada  nəzarətli dərman daşınması sahəsində elmi tədqiqat işləri aparmışdır. Onun dissertasiyası tiollaşdırılmış kationik poliaspartamidlərin sintez edilməsi və onların struktur -xüsusiyyətlərinin araşdırılmasına  əsaslanır. Disulfid bağlarla birləşmiş hidrogellərdən anionik tərkibli  model dərman maddəsinin  ayrılma kinetikası müəyyən edilmiş və elektrostatik  əlaqələrin model dərman maddələrinin ayrılmasına təsiri öyrənilmişdir. Dissertasiyaya aid tədqiqat işinin nəticələri  beynəlxalq reytinqli nəşriyyatlara (Elsevier, Springer və s.) daxil olan jurnallarda nəşr olunmuş elmi məqalələrdə öz əksini tapmışdır.

Aysel Məmmədovanın müdafiəsi 07.03.2023-cü il tarixində onlayn formatda həyata keçirilmişdir. İlk növbədə müdafiə komissiyasının sədri prof. İvan Bela doktorantı və digər komissiya üzvlərini təqdim edərək müdafiəni açıq elan etmişdir. Komissiyanın katibi   Hirsch Edit xanım  doktorantın qısa CV-si ilə müdafiəyə qoşulanları tanış etmişdir. Doktorant  20 dəqiqə ərzində slaydlar təqdim edərək öz işi barədə komissiya üzvlərinə  məlumat vermişdir. Opponentlər dissertasiya işinin aktuallığı, məqsədi, yeniliyi və praktiki əhəmiyyəti barədə çıxış edərək dissertasiya işinə aid olan iradlarını doktorantın nəzərinə çatdırdırmışlar. Opponetnlərin sualları cavablandırıldıqdan sonra söz auditoriyaya verilmiş və onların da suallarını doktorant geniş şəkildə cavablandırmışdır. Sonra komissiya üzvləri qısa  fasilə elan edərək qərar verməyə ayrılmışlar.Qısa müzakirədən sonra dotorantın işi 100 balla qiymətləndirilmiş və  Aysel Məmmədova doktorluq adına layiq görülmüşdür.