Новости
Akademik Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif olunub
Мар 10, 2021 | 18:00 / Важные события
Прочитано 800 раз (-а)

Akademik Tofiq Nağıyev AMEA-nın vitse-prezidenti, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktorudur.

Alimin elmi fəaliyyətinin əsas istiqaməti qaz fazada hidrogen-peroksidlə koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları nəzəriyyəsi və  eksperimentlərin tətbiqi ilə təsdiqini tapmış mühüm nəticələrlə bağlıdır. Akademik T.Nağıyev kimyəvi və biokimyəvi reaksiyaların koherent sinxronlaşmasının makrokinetik nəzəriyyəsinin müəllifidir. O, kimyəvi interferensiya və determinant tənlik təyin edib. Kimyaçı alimin son illərdəki elmi-tədqiqat işləri biomimetik katalizin ən yeni sahəsi ilə bağlıdır. Akademik T.Nağıyevin təklif etdiyi yeni HO΄2 – asılılıqlı elementar reaksiyalar onun fundamental elmi nailiyyətləri sırasında mühüm yer tutur: atmosfer azotunun oksidləşdirici fiksasiyası (“Nağıyev effekti”) qoşulmuş dehidrogenləşmə, epoksidləşmə, hidroksilləşmə və metanın metanola, formaldehidə və hidrogentərkibli qaza oksidləşməsi reaksiyalarının tədqiqinə imkan vermiş, nəticələr mütəxəssislər tərəfindən tanınıb. Kimyəvi və biokimyəvi sistemlərdə kimyəvi enerjinin toplanması prinsipinin öyrənilməsi sahəsində çox işlər görülüb, onun rəhbərliyi ilə yeni analitik sistemlər olan biomimetik sensorlar yaradılıb.

Akademik Tofiq Nağıyevin rəhbərliyi ilə 24 fəlsəfə və 1 elmlər doktoru yetişdirilib. O, 500-dən artıq elmi əsərin, 42 patent və müəlliflik şəhadətnaməsinin, 5 monoqrafiyanın müəllifidir. Əsərlərinin bir çoxu xaricdə çap olunub, “Химическое сопряжение” (“Наука”, 1989, Moskva), “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyaları (“Elsevier”, Amsterdam, 2007) nəşr edilib. Akademik T.Nağıyevin rəhbərliyi ilə 2004-2020-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası”nın xüsusi cildi (Azərbaycan və rus dillərində) və çoxcildli universal ensiklopediyanın 9 cildi işıq üzü görüb.

Görkəmli alim “Rəşadətli əməyə görə” medalı, “Şöhrət” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub, Azərbaycanın Dövlət mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Tofiq Nağıyevin Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərini, ölkəmizi bu sahədə beynəlxalq miqyasda yüksək səviyyədə təmsil edən görkəmli alimin Azərbaycan Milli Ensiklopediyasının nəşrindəki uğurlu fəaliyyətini nəzərə alaraq onu 5 mart 2021-ci il tarixli Sərəncamı əsasında “Şərəf” ordeni ilə təltif edib.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kollektivi bu kollektivə 2004-cü ildən uğurla rəhbərlik edən direktoru - AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi, Dövlət mükafatı laureatı, akademik Tofiq Nağıyevi “Şərəf” ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edir.