Новости
Azərbaycan kimya elminə ağır itki baş vermişdir.
Авг 07, 2020 | 23:00 / Важные события
Прочитано 585 раз (-а)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Gülməmməd Süleymanov uzun sürən ağır xəstəlikdən sonra 07.08.2020-ci il tarixində dünyasını dəyişmişdir.

Kimya elmlər doktoru, professor G.Z.Süleymanov 15 sentyabr 1948-ci ildə Gürcüstan Respublikası Borçalı mahalının Başkeçid (hazırkı Dumanisi) rayonun Muğanlı kəndində  ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı Az.Dövlət Neft və Sənaye Universiteti) kimya –texnologiya fakultəsini bitirmiş, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə 1974-cü ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki ak.M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis vəzifəsi ilə başlamışdır. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyası  Rəyasət Heyətinin qərarı ilə SSRİ EA-nın (indiki Rusiya Federasiyası Elmlər Akademiyası) A.N.Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutuna uzun müddətli elmi ezamiyyətə göndərilən G.Suleymanov, 1979-cu ildə akademik O.A.Reutov və professor V.İ.Sokolovun rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakultəsinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək kimya elmlər namizədi elmi dərəcəsi almışdır.

Profesor  Gülməmməd Süleymanov elmi – tədqiqat işlərini davam etdirmək və yekunlaşdırmaq məqsədilə 1982-ci ildə yenidən uzun müddətə A.N.Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutuna ezam edilmiş və  akademik İ.P.Beletskayanın elmi məsləhətçiliyi altında onun yaratdığı, “Metalkomplekslərlə kataliz” laboratoriyasında doktorluq işini tamamlayaraq, həmin institutun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasına təqdim etmiş, 1987-ci ildə “Element üzvi birləşmələr kimyası” ixtisası üzrə Kimya elmləri doktoru dərəcəsi almışdır. Uzun müddətli elmi ezamiyyətdən qayıdan prof. Gülməmməd Suleymanovun formalaşdırdığı elmi istiqamət üzrə 1987-ci ildə Qeyri-üzvi və  Fiziki Kimya İnstitutunda “Metal üzvi kataliz” sektoru yaradılmış və bu sektorun rəhbərliyi professor Gülməmməd Süleymanova tapşırılmışdır.

O, 1992-ci ildə “Element üzvi birləşmələr kimyası” ixtisası üzrə  professor elmi adına layiq görülmüşdür. 1996-cı ildə  Gülməmməd Süleymanovun rəhbərliyi altında “Koordinasion birləşmələrin katalitik kimyası” laboratoriyası yaradılmışdır. Sonralar o, ömrünün sonuna qədər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar” laboratoriyasına rəhbərlik etmişdir.   

Gülməmməd Süleymanov rəhbəliyi altında aparılan geniş tədqiqat işləri nəticəsində bəzi keçid və nadir torpaq elementi üzvi və metalkarbonil liqandlı yeni sinif koordinasion və metalüzvi birləşmələr üçün müvafiq sintez metodları işlənib hazırlanmışdır. Quruluşla xassə arasında mövcud asıılıqlar və qanunauyğunluqlar müəyyən edilməklə bu birləşmələrdəki metal atomlarının və onlarla əlaqədə olan liqandların təbiətlərinin öncə onların reaksiyayagirmə qabiliyyətlərinə, sonra isə katalitik və antidetanasion xassələrinə təsiri olduğu öz təsdiqini tapmışdır. Bu birləşmələrin  bəzilərindən polimer daşıyıcısı fotohəssas elementlərin yaradılmasında, kükürdlü neft məhsullarının demerkaptanizasiyası və sintez qazdan yüksək qaynama temperaturlu maye birləşmələrin alınması üçün yeni daha effektiv katalitik sistemlərin, ekoloji təmiz oktanqaldırıcı qatı kompozisiyalarının hazırlanmasında istifadə olunması tövsiyyə olunmuşdur. G.Z.Süleymanovun rəhbərliyi altında yerli neft və kimya sənaye məhsullarından istifadə etməklə, vacib kimya sənayesi məhsulu - ferrosenin tullantısız texnologiya ilə alınma üsulu işlənib hazırlanmışdır.

Professor Gülməmməd Süleymanov 500-dən artıq elmi məqalənin, o cümlədən, 15 məcmuənin, 25 çox patent və müəlliflik şəhadətnaməsinin, 4 monoqrafiya və 1 metodiki vəsaitin həmmüəllifidir. Məqalələrdən 150-dan artığı nüfuzlu xarici elmi jurnallrında dərc olunmuşdur. O, xaricdə keçirilən bir sıra Beynəlxalq konfranslarda elmi məruzələr etmişdir.

Gülməmməd Süleymanov elmi fəaliyyətlə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşul olmuşdur. Onun rəhbərliyi altında 28 fəlsəfə doktorluğu , 2 elmlər doktorluğu dissertasiya işi müdafiə edilmişdir.

Professor Gülməmməd Süleymanov geniş, məhsuldar və səmərəli elmi fəaliyyətinə görə, AMEA-nın “Fəxri-fərmanı” ilə təltif olunmuş və “İlin Nüfuzlu Ziyalısı” Ali media mükafatına layiq görülmüşdür.

Gülməmməd müəllimin xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!