Новости
Kataliz və Qeyri –üzvi Kimya İnstitutu da öz fəaliyyətini karantin rejiminin tələblərinə uyğun qurub.
Апр 13, 2020 | 08:50 / Важные события
Прочитано 2764 раз (-а)

Koronavirus (COVİD-19) pandemiyasının dünyada və Azərbaycanda vüsət alması səbəbindən dövlətimiz tərəfindən ardıcıl, təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu tədbirlərin məntiqi davamı olaraq 2020-ci il martın 29-dan etibarən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə akademiyanın əməkdaşları bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilmişlər.

Kataliz və Qeyri–üzvi Kimya İnstitutu da öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə bağlı tələblərinə uyğun davam etdirir. İnstitutun rəhbərliyi şöbə və laboratoriya müdirləri ilə  mütəmadi olaraq onlayn formada əlaqə saxlayaraq onlara tapşırıq və tövsiyyələrini verir.

İnstitutun rəsmi veb-saytı  olan kqkiamea.az -ın əməkdaşları ölkədə karantin rejimi elan olunan gündən öz fəaliyyətini İnstitut rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq onlayn şəkildə davam etdirir və  hər gün, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatları, bu virusla mübarizə məqsədilə görülən tədbirləri, aparılan araşdırmaları, eləcə də, İnstitutun həyatında baş verən yenilikləri  işıqlandırırlar.

Məlum olduğu  kimi, Koronavirus (COVİD-19) epidemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda tədris prosesi aprelin 20-dək dayandırılmışdır. Bunu nəzərə alaraq  AMEA magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini və  tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamının icrasını təmin etmək məqsədilə İnstitut rəhbərliyinin göstərişinə əsasən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantları üçün dərslər onlayn formada  davam etdirilir. Bununla yanaşı II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. II kurs magistrantların elmi rəhbərləri onlara onlayn formada həm tədris prosesi, həm də dissertasiya işlərinin yekunlaşdırılması üzrə elmi-metodiki məsləhətlər verirlər.

İnstitutun elmi işçiləri  2020-ci il üçün nəzərdə tutulan laboratoriya tədqiqatlarını karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində yerinə yetirmişlər. Hazırda aparılan elmi-tədqiqat işləri emal edilir və alınan nəticələr əsasında məqalələr hazırlanır. Artıq 10-dan yuxarı məqalə çapa qəbul edilmişdir. İnstitutun iki elmi jurnalı- “Azərbaycan kimya jurnalı” və “Kimya problemləri jurnalı” da öz fəaliyyətlərini  onlayn formada davam etdirirlər. Daxil olan məqalələr rəyə göndərilir və redaksiya üzvlərinin onlayn müzakirəsinə verilir. Hər iki jurnalın növbəti nömrələrinin  çapa hazırlığı ilə bağlı işlər gedir.

İnstitutda fəaliyyət göstərən iki Beynəlxalq laboratoriya da karantin dövrünə qədər apardıqları elmi-tədqiqatların nəticələrini xarici həmkarları ilə onlayn rejimdə müzakirə edir və növbəti mərhələləri planlaşdırırlar.