
Июн 19, 2019 | 13:25 / Юбилеи
İxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı 3 il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.
İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuşdur. O, Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitioqallatlarının və -indatlarının sintezi və fiziki-kimyəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantanoidlərin mürəkkəb oksisulfidlərinin əmələ gəlməsinin və faza çevrilmələrinin quruluş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2010-cu ildə İxtiyar Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “professor” elmi adını almışdır.
Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.
Hazırda o, Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda "Keçid elementlərinin xalkogenidləri" laboratoriyasının rəhbəridir.
1988-ci ildə İ.Bəxtiyarlı Respublika Xalq Maarifi əlaçısı” adına layiq görülmüşdür.
İxtiyar Bəxtiyarlı elmi işində müəyyən etmişdir ki, lantanoidlərin bütün oksisulfidləri peritektik reaksiyalar vasitəsilə əmələ gəlir. Bu birləşmələrin və onların parçalanmasından yaranan bərk fazaların quruluşları arasında sadə planlı rekonstruksiya əlaqəsi ilə yanaşı onların bir-birinə çevrilməsini asanlaşdıran atomların kollektiv cüz’i sürüşmə mexanizmi də olmalıdır. Bu kriteriyalar peritektik reaksiyalarla əmələ gələn başqa sinif birləşmələrdə də ödənilir ki, bu da onun daha ümumi mahiyyət daşıdığını göstərir. Peritektik reaksiyalarla əmələ gələn birləşmələrin quruluşu ilə onların parçalanmasından əmələ gələn bərk fazaların quruluşları arasında belə bağlılıq onların birinin quruluşu məlum olduqda da, o birinin quruluşu haqqında qabaqcadan müəyyən fikir söyləməyə imkan verir və onların məqsədli sintezinin təşkilində, fiziki-kimyəvi xassələrinin izahında aparıcı ideyadır.
İxtiyar Bəxtiyarlı laboratoriya əməkdaşları ilə birgə lantanoid oksisulfidlərinin alınması üçün iki yeni üsul təklif etmiş, katodolüminsent və antistoks lüminofor materiallar almışdır. Üsulların və materialların yeniliyi müəlliflik şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
İ.Bəxtiyarlı 220-dən çox elmi əsərin, o cümlədən 3 müəlliflik şəhadətnaməsi, 1 patent, 3 kitabça və görkəmli kristalloqraf–vətəndaş alim, AMEA-nın müxbir üzvü X.S.Məmmədovun həyatı və elmi fəaliyyətinə həsr olunmuş elmi publisistik monoqrafiyanın müəllifidir. Elmi əsərlərin əksəriyyəti keçmiş SSRİ məkanında və uzaq xaricdə ( ABŞ, İtaliya , AFR, Hollandiya, Çexiya, Türkiyə, Norveç, Avstriya, İspaniya və s.) çap olunmuşdur.
İxtiyar Bəxtiyarlı bir sıra beynəlxalq konfrans və simpoziumlarda: Bratislava (Çexoslavakiya,1985), Moskva (SSRİ,1989), Bulder (ABŞ,1991), Genuya (İtaliya,1994), Krado (İtaliya,1994), Stresa (İtaliya,2000), Diyarbəkir (Türkiyə,2000), Oslo (Horveç,2001),Leoben (Avstriya,2001), İstambul (Türkiyə,2001) və b. şəhərlərdə məruzə ilə çıxış etmişdir.
İ.Bəxtiyarlının rəhbərliyi ilə 9 fəlsəfə doktoru və 1doktorluq dissertasiyası üdafiə olunmuşdur. O, 26 fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işlərinə opponentlik etmişdir.
Hazirda o, institutda fəaliyyət göstərən Dissertasiya Şurasının və İnstitut Elmi Şurasının üzvüdür.
İxtiyar Bəxtiyarlı elmin populyarlaşması sahəsində xidmətlərinə görə dəfələrlə Respublika Bilik Cəmiyyətinin və D.İ.Mendeleyev ad. Kimyaçılar Cəmiyyətinin Respublika İdarə Heyətinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Yubilyarı təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.