Новости
Azərbaycanda atmosferə atılan karbon qazının mənbəyinin müəyyənləşdirilməsində dronlardan istifadə olunacaq
Июн 28, 2018 | 11:15 / Важные события
Прочитано 226 раз (-а)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən "Azərbaycanda metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması və istifadə edilməsinin elmi-texniki, iqtisadi əsaslarının işlənməsi və təkliflərinin hazırlanması" layihəsi üzrə müsabiqə elan edilib. Həmin müsabiqəyə təkliflər arasından AMEA Neft və Qaz İnstitutunun (NQİ) təklifi uğur qazanıb və layihənin icrası bu müəssisəyə həvalə olunub.

Layihənin əsas məqsədi iri sənaye mənbələrindən atmosferə atılan karbon qazının məqsədyönlü və iqtisadi baxımdan səmərəli istifadəsidir.

Belə ki, ölkəmizdə iri karbon dioksid (CO2) tullantı mənbələrinin təyin edilməsi, CİS xəritələrində mənbələrin qeydiyyatının aparılması, tullantı mənbələrinə yaxın geoloji formasiyaların qaz tutumu imkanlarının öyrənilməsi, CO2-nin konkret istifadə sahəsindən asılı olaraq nəql olunma sxeminin işlənməsi və s. tədbirlərin həyata keçirilməsində pilotsuz uçan aparatlardan (PUA) istifadə vacib hesab edilib.

Bununla əlaqədar olaraq “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə NQİ arasında PUA-nın alqı-satqı müqaviləsi bağlanıb. Müqavilə əsasında Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal olunan "M 4-0.5 (Albatros)" PUA-sı Neft və Qaz İnstitutuna təqdim olunub.

Təqdimetmə mərasimində YT Parkın direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, NQİ-nin direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Vaqif Qurbanov, “SOCAR”ın Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev və digər şəxslər iştirak ediblər.