Новости
Фото
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Yanvar hadisələrində əbədiyyətə qovuşmuş şəhidlərin ruhu ehtiramla anıldı
Янв 17, 2019 | 11:00 / Конференции, собрания
Прочитано 5815 раз (-а)

Artıq xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 29 il keçir. Hər il olduğu kimi, bu il də AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar hadisələrinə həsr olunmuş anım tədbiri keçirildi. Əbədiyyətə qovuşmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 90-cı illərdə Azərbaycanda mövcud olan ictimai-siyasi şəraitdən danışdı. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu qanunsuz olaraq Bakı şəhərinə hücum etdi, Qarabağ uğrunda və azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə Azərbaycan xalqına qarşı hərbi cinayət törətdi. SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində 146 nəfər xüsusi qəddarlıqla öldürülüb, 744 nəfər yaralanıb və 841 nəfər qanunsuz həbs olunub. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı faciə zamanı AMEA-nın Polimer Materialları İnstitutunun üç, Riyaziyyat və Mexanika İnstitutunun isə bir əməkdaşının şəhid olduğunu diqqətə çatdırıb. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 

Alim qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyevin bildirdiyini, ulu öndərin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini söyləyib.

Sonra professor Arif Əfəndiyev, k.ü.f.d. Süleyman Verdiyev, b.e.i.Məhyəddin Hacıyev və başqaları vurğuladılar ki, xalq bu faciəni heç vaxt unutmayacaq! Müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımız həyat durduqca qəlbimizdə yaşayacaqlar.

Tədbirdə qanlı 20 Yanvar hadisələrini özündə əks etdirən video-slayd nümayiş etdirildi.