
Сен 25, 2018 | 10:25 / Важные события
AMEA-nın vitse prezidenti, Kataliz və Qeyri-üzvi Kimya institutunun direktoru, akademik Dilqəm Tağıyev 2018-ci il 22-24 oktyabr tarixlərində Almaniyanın Frankfurt şəhərində keçiriləcək və Fransa, Almaniya, Birləşmiş Krallıq, Rusiya, Misir, Qətər, İspaniya, Polşa kimi ölkələrin tanınmış alimlərinin iştirak edəcəyi növbəti «Kimya və Üzvi Kimya üzrə 8-ci Dünya Konqresi»nin təşkilat komitəsinə üzv seçilmişdir. Birləşmiş Millətlər Təşkilatı 2010-cu ili Beynəlxalq Kimya ili elan etdiyindən həmin ildən başlayaraq hər il dünyanın müxtəlif ölkələrində kimya yönümlü sənaye, akademik qurumlar və elmi-tədqiqat mərkəzlərinin istehsalat yönümlü və tətbiqi xarakterli elmi-tədqiqat işlərini, yeniliklərini sürətləndirmək üçün yeni əməkdaşlıq yaratmaq məqsədilə «Kimya və Üzvi Kimya üzrə Dünya Konqresi» təşkil olunur. Bu il konqres oktyabrın 22-23-ü tarixlərində Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Konqresə dünyanın müxtəlif kimyəvi cəmiyyətləri, akademik qurumları, kimya sənaye birlikləri və hətta tibbi-farmakoloji dərman istehsalçıları da cəlb olunur. Akademik təşkilatların, universitet rəhbərlərinin, eləcə də gənc tədqiqatçılar və biznes nümayəndələrinin iştirak edəcəyi konqres kimyanın müxtəlif sahələrini – farmaseptik və kliniki kimya, biokimya və yaşıl kimya, qida və kənd təsərrüfatı kimyası, dəniz və geokimya və s. əhatə edir. Konqresdə akademik Dilqəm Tağıyev “Dərman maddələrinin immobilizə olunmasında polimer əsaslı nanovektorların istifadəsi” mövzusunda məruzə ilə çıxış edəcək. 3 gün davam edəcək konqresdə akademiklər, tədqiqatçılar, alimlər, sənaye mütəxəssisləri və tələbələr üçün öz tətbiqi xarakterli, istehsalat yönümlü tədqiqat işlərini nümayiş etdirmək üçün bir forum yaradılacaq, kimya mühəndisliyi və biotexnologiya sahəsində meydana çıxan perspektivlərdən gələcək qlobal problemlərin həlli üçün effektiv fikir mübadiləsi təmin ediləcək. Konqresdə həmçinin, İnstitutun əməkdaşı k.ü.f.d. Şamo Tapdıqov da iştirak edəcək. O, «N-metil N-benzil xitozanın so-alkilləşmə metodu ilə sintezi və tədqiqi» mövzusunda məruzə ilə çıxış edəcəkdir.