Новости
Azərbaycan Milli Elmlər Akademiyası elmi tədqiqat proqramlarının respublika müsabiqəsinin nəticələrini elan etdi
Мар 29, 2018 | 15:00 / Важные события
Прочитано 4473 раз (-а)

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 14 mart 2017-ci il tarixli 14/34 nömrəli qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə keçirilmiş respublika müsabiqəsinin nəticələrini təsdiq etmişdir. Maliyyələşdiriləcək elmi tədqiqat proqramlarının siyahısında institutumuzun əməkdaşları iştirak edən 2 proqram vardır.

Bu proqramlardan biri BDU ilə, digəri AMEA-nın Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi ilə olan işlərdir.

“Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi” proqramının iştirakçısı k.e.d., prof. Nizami Zeynalov proqramın aktuallığını belə izah etdi:

“Son illər nanogellərin sintezi və onların işrirakı ilə dərman  preparatlarının  uzun müddətli təsirə malik olmaları tədqiqatçıların diqqət mərkəzindədir. Polimerlərdən istifadə olunması müasir üsullar arasında dərman preparatlarının lazımı orqanlara çatdırılmasında da mühüm yer tutur. Polimerlər bu halda matrisa olub, dərman preparatlarını özündə uzun müddət saxlayır və orqanizmdə onların tədricən ayrılmasını təmin edirlər, belə ki, polimer makromolekullar lazım olan hüceyrəyə daxil olana qədər dərman preparatları polimerdən ayrılmırlar. Bununla əlaqədar təbii və sintetik əsaslı, toksikliyi aşağı olan polimer nanogellərdən daşıyıcı kimi istifadə edilməsi vacib əhəmiyyət kəsb edən problemlərdən biridir.

Tədqiq edilməsi nəzərdə tutulan layihədə təbii və sintetik polimerlər əsasında yeni nanogellərin alınmasının elmi əsaslarının işlənilməsi, onların fiziki üsullarla xarakterizə edilməsi, gələcəkdə biotəbabətdə, biotexnologiyada, molekulyar və hüceyrə biologiyasında istifadə olunması üçün təkliflərin verilməsi gözlənilir”.