Новости
Azərbaycanın gənc alimlərinin birinci qurultayında AMEA prezidentinin çıxış nitqi
Дек 15, 2017 | 17:30 / Конференции, собрания
Прочитано 4481 раз (-а)

Hörmətli Qurultay iştirakçıları! Əziz gənc alimlər! Hörmətli xanımlar və cənablar!

Biz bu gün ölkəmizdə ilk dəfə keçirilən Azərbaycanın gənc alimlərinin birinci qurultayına toplaşmışıq.

Azərbaycan xalqı onilliklər ərzində Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə çoxsaylı uğurlara imza atmışdır. Bugünkü Qurultayımız da ölkəmizdə ardıcıl həyata keçirilən gənclər siyasətinin məntiqi davamıdır.

Bu Qurultay Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Qurultayda ölkəmizin bütün elmi müəssisələrində və universitetlərində fəaliyyət göstərən gənc alimlərin nümayəndələri iştirak edirlər.

Mən bu möhtəşəm salonda sizinlə görüşməkdən böyük məmnunluq hissi keçirirəm. Ölkəmizin ali və müqəddəs elm ocağı olan Milli Elmlər Akademiyasına xoş gəlmisiniz!

Hörmətli Qurultay iştirakçıları!

Ölkəmizdə gənclərlə bağlı aparılan siyasət Azər­baycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması, onların intellektual inkişafı, təhsili və məşğulluğu ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Təsadüfi deyil ki, gənclər siyasəti ilə bağlı ölkə rəhbəri möhtərəm cənab İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncamlar imzalanmış, bir sıra mühüm dövlət proqramları qəbul edilmişdir.

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respub­likası Prezidentinin 26 yanvar 2015-ci il tarixli Sərəncamı gənclər siyasətinin davamlılığının təminatına və qarantına çevrilmişdir.

Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədə­biyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nai­liyyətlərini təşviq etmək məqsədi ilə Azərbaycan Respubli­ka­sının Prezidenti 2 iyul 2013-cü il tarixində “Gənclər üçün Prezident Mükafatının təsis edil­məsi haqqında” Fərman imzalamışdır. Fərmana əsasən elm, mə­dəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə ildə bir dəfə Prezident Mükafatı verilir.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2010-cu il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mər­kəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haq­qın­da” Sərəncamına əsasən son illər AMEA-nın 100-ə yaxın gənc alimi dünyanın nüfuzlu elmi mərkəzlərinə göndərilmişdir. Bu proses AMEA-da fasiləsiz ola­raq bu gün də davam etdirilir.

Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, 14 iyun 2016-cı il tarixində qüvvəyə minmiş "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda möhtərəm Prezident cənab İlham Əliyevin birbaşa təşəbbüsü ilə magistratura və doktoranturada əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi barədə xüsusi müddəa öz əksini tapıb ki, bu da təhsildə və elmdə fasiləsizliyin təmin olunması, magistrantların və doktorantların təhsildən, elmi inkişafdan ayrılmaması üçün olduqca vacib addım olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azər­­baycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da müvafiq dövlət qurumları, ilk növbədə isə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Azərbaycan gənc alimlərinin birinci qurultayının keçirilməsi də bu Dövlət Proqramının həyata keçirilməsində yaxından iştirak etmək, proqramda gənc­lərin hərtərəfli inkişafı ilə bağlı nəzərdə tutulan vəzifələrin ic­ra­sına töhfə verməkdir.

Dövlətin ali elmi təşkilatı olaraq Azərbaycan Milli Elmlər Akademiyası gənclərin elmi fəaliyyətə daha aktiv cəlb edilməsi üçün doktorantura təhsilinin təkmilləşdirilməsi, gənc alim və mütəxəssislər üçün müxtəlif müsabiqələrin, təqaüd və qrant şəklində əlavə stimulların təsis edilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması, mənzil probleminin həlli və digər stimullaşdırıcı tədbirlər həyata keçirir.

Bildiyiniz kimi 2015-ci ildə AMEA-da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistratura yaradılmış və həmin ildən başlayaraq magistratura təhsili uğurla həyata keçirilir. Cari ilin iyul ayında Akademiyanın ilk magistrlərinin buraxılışını böyük təntənə ilə qeyd edildi. Sevindirici hal odur ki, onların hamısı Akademiyada qalıb öz elmi karyeralarını davam etdirirlər.

Akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışırıq. Elmi müəssisələrdə müasir tələblərə cavab verən tədris mühiti yaradılıb. Hazırda Akademiyada 123 magistrant təhsil alır. Akademiyanın 30-a yaxın üzvü, 100-ə yaxın elmlər doktoru və 150-yə yaxın fəlsəfə doktoru magistraturada tədris prosesinə cəlb olunmuşdur. Zəruri hallarda xaricdən alimlər dəvət olunur. Magistrantlara xarici dil və informatika yüksək səviyyədə tədris olunur. İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış AzScienceNet şəbəkəsinin imkanları çox böyükdür və bu imkanlardan siz hamınız istifadə edə bilərsiniz.

Akademiyada çalışan tələbələrimiz müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçməklə yanaşı, xaricdə beynəlxalq təcrübəkeçmələrdə də iştirak edirlər. Elmlər Akademiyasında bütün magistrantlar işlə təmin olunur, eyni zamanda bəziləri qrant layihələrinə də cəlb olunurlar.

2016-cı ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazir­liyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə "Sabahın alimləri"  Respublika müsabiqəsi keçi­rilmişdir. Bu müsabiqədə iştirak edən məktəblilərin əksəriyyətinin mövzu seçimində və məsləhətçi qismində AMEA-nın alimləri yaxından iştirak ediblər.

Bu yaxınlarda AMEA-nın magistrant, doktorant və dissertantları arasında  ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə   “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi keçirilib. Müsabiqədə AMEA-nın müxtəlif institutlarından 120-yə yaxın magistr, doktorant və dissertant iştirak edib. Qaliblər müvafiq diplomlarla və pul mükafatı ilə təltif olunacaqlar.

Ümumiyyətlə Gənc alimlərin fəaliyyətinin stimullaşdırılması və onların sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir.Ona görə dəhesab edirik ki, gənc alimlərin müasir tələblər səviyyəsində stimullaşdırılması olduqca vacibdir. Zənnimizcə, iqtisadiyyatın  və  cəmiyyətin inkişafında  elmin  rolunu artırmaq və bu istiqamətdə genişmiqyaslı vəzifələri yerinə yetirmək üçün elm yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməlidir. Xüsusən, büdcədənkənar fondlardan maliyyələşmə, məqsədli proqramlar üzrə ünvanlı maliyyələşmə və biznes fəaliyyəti üzrə maliyyələşmə prioritet istiqamətlərdən olmalıdır. Düzdür,  bizdə qrant yolu ilə maliyyələşmə artıq bir neçə müddətdir ki, həyata keçirilir. Lakin aktiv işləyən elmi qrupların dəstəklənməsinə yönəlmiş qrant sistemi, sözsüz ki, müasir tələblərə uyğun olaraq təkmilləşdirilməli və bunların kifayət qədər böyük hissəsi gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılmasına yönəldilməlidir. Biz həm tələbələrə, həm ilk elmi dərəcəni almaq üçün çalışan gənc alimlərə, həm də artıq elmi dərəcəsi olan gənc kadrlara müstəqil elmi araşdırmalar üçün imkanlar yaratmalıyıq.

Hamını düşündürən ən ciddi məqamlardan biri də gənc alimlərin sosial müdafiəsi ilə bağlı məsələlərdir. Yuxarıda qeyd olunduğu kimi, mürəkkəb və şərəfli bir zəhmət olan elmi əməyin stimullaşdırılması olduqca zəruri məsələdir. Öz həyat yolunu yenicə müəyyənləşdirən, həyatını yeni quran gənclik üçün bu xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Gənc alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir. Bilirsiniz ki, biz bu istiqamətdə əməli fəaliyyətdəyik. Artıq ilkin olaraq xeyli sayda alimə öz şəxsi mənzillərinin açarları təqdim olunmuşdur. Onların böyük əksəriyyəti gənclərdən ibarətdir.

Növbəti mərhələlər üçün gənclərin mənzil təminatının həlli üzrə AMEA-nın elmi müəssisələrinin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Konkret olaraq Saray qəsəbəsində Azərbaycan alimləri üçün «Alimlər şəhərciyi» – “Science City” yaşayış kompleksi salınması barədə razılıq əldə edilmişdir. Yaxın vaxtlarda orada təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. Ümid bəsləyirik ki, 2020-ci ilə qədər növbəti mərhələ üçün yeni mənzillərin açarlarını  gənc alimlərə təqdim etməklə onları sevindirə biləcəyik.

Hörmətli Qurultay iştirakçıları!

Ümumiyyətlə, Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib bir istiqamət kimi qəbul edərək, bu sahədə aktiv fəaliyyət göstərməkdədir. Hazırda AMEA-nın institutlarında müxtəlif universitetlərin baza kafedraları fəaliyyət göstərir.

AMEA-nın elmi tədqiqat müəssisələrində ali təhsil müəssisələri üçün təcrübə mərkəzlərinin təşkili, həmin mərkəzlərdə ali təhsil müəssisələri tərəfindən tədqiqatların aparılması və tələbələrin təcrübə keçməsinə şəraitin yaradılması, həmçinin birgə elmi tədqiqatların aparılması və elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali təhsil müəssisələrində yaradılmış "SABAH" qrup­larında təhsil alan 210  tələbə AMEA-nın elmi müəs­sisələrində təcrübə keçmişdir.

AMEA-nın dəstəyi ilə elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin bir sıra lisey və məktəblərində “Kiçik Akademiya”lar da yaradılmışdır. "Kiçik Akademiya"ların yaradılmasında məqsəd istedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onları maraqlandırmaq və bir məqsəd ətrafında birləşdirməkdir.

Son illərdə  bəzi təhsil kompleksi və orta məktəblərdə, Avropa, eləcə də Akademik Zərifə Əliyeva adına liseylərdə də  "Kiçik Akademiya"lar açılmışdır. Akademik Zərifə Əliyeva adına liseydə istedadlı şagird­lərdən ibarət yaradılmış “Kiçik Akademiya”nın iki üzvü Qazaxıstanda keçirilən yarışmalarda qızıl və gümüş medallara layiq görülmüşlər.

Hörmətli Qurultay iştirakçıları!

İndi isə Elmlər Akademiyasının gənc tədqiqatçılarının mühüm elmi nailiyyətləri haqqında bir neçə söz demək istərdim.

Gənc alimlərimiz dünyanın ən böyük proton sürətləndiricisi olan Adron Kollayderin ATLAS qurğusunun həm fiziki proqramının hazırlanmasında, həm quraşdırılmasında və həm də bu qurğunun müxtəlif hissələrinin sınağında yaxından iştirak edirlər. Fizika İnstitutunda Milli GRİD – seqmenti yaradılıb. Böyük  Adron Kollayder təcrübələrində bir sıra mühüm nəticələr əldə olunub.

Azərbaycan gənc alimlərinin Dubna Beynəlxalq Elmi Mərkəzində, SERN-də aparılan qlobal elmi layihələrdə də iştirakı diqqətəlayiqdir.

Birləşmiş Nüvə Tədqiqatları Mərkəzi ilə bağlanmış Memorandum əsasında bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə bir qrup gənc əməkdaşımız müsabiqə yolu ilə Dubna şəhərinə göndərilmişdir.

Akademiyanın gənc alimlərinin yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunmuş, Avropa Birliyi ölkələrinin və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilmişdir. Alınan nəticələr yüksək impakt faktorlu jurnallarda çap olunan seriya məqalələrdə öz əksini tapmışdır. Yaxın gələcəkdə topoloji izolyatorlar əsasında keyfiyyətcə yeni elektronikanın – spintronikanın yaradılması nəzərdə tutulur.

İnformasiya texnologiyaları sahəsində gənc tədqiqatçılar tərəfindən əldə olunmuş bir sıra elmi-nəzəri nəticələr ölkəmizin qloballaşan dünyada dayanıqlı inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, virtual məkanda ölkəmizə qarşı informasiya müharibəsi aparan gizli sosial şəbəkələrin aşkarlanması, həmçinin Bigdata şəraitində elektron-dövlətin informasiya təhlükəsizliyinin təmin olunması üçün bir sıra effektiv texnologiyalar işlənilmişdir.

Gənclərimiz riyaziyyatın müasir sahələri olan riyazi modelləşdirmə, freymlər nəzəriyyəsi, aktuar riyaziyyat, kompüter modelləşdirilməsi, riyazi informatika sahələrində, habelə proqramlaşdırmanın riyaziyyatın müxtəlif sahələrinə tətbiqi ilə bağlı istiqamətlərdə uğurlu tədqiqatlar aparırlar.

Neft kimyası istiqamətində gənc alimlərinin iştirakı ilə yaradılmış çoxfunksiyalı kimyəvi reagentlərin təcrübi-sənaye istehsalı təşkil olunmuşdur.

Gənc geofiziklər kosmik geodeziya məlumatı əsasında Qafqazın müasir geodinamik proseslərinin qanunauyğunluqlarını müəyyən etmişlər.

Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı sekvens analiz nəticəsində Azərbaycanda ilk dəfə olaraq xüsusi bitkilərdə fitoplazma  patogeni aşkar olunmuş, genetik müxtəlifliyi tədqiq edilmiş və dünya elmi üçün dörd yeni genotip müəyyən edilmişdir. Dünyada ilk dəfə olaraq müxtəlif fitoplazma növləri arasında rekombinasiya aşkar edilmişdir.

Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatı müstəqillik dövründə” çoxcildli ədəbiyyat tarixinin hazırlanmasında gənc ədəbiyyatçı alimlərin müstəsna rolu olmuşdur.

Gənc alimlər ölkə tarixinin yazılmasında, xalqımıza qarşı əsrlər boyu törədilmiş soyqırımları haqqında faktların açılmasında və onların beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi fəallıq göstərirlər. Təsadüfi deyil ki, bir neçə gənc tarixçi alim ölkəmizdə gənclər üçün təsis olunmuş yüksək mükafatlara, o cümlədən Prezident mükafatına və Dövlət gənclər mükafatına layiq görülüblər.

Əziz gənclər!

Siz hamınız yaxşı bilirsiniz ki, adətən böyük elm mükəmməl elmi məktəblərdə yaranır. Elmi məktəblərdə təcrübəli, bəzən də şöhrətli alimlər yanında yeni gənc nəsil çalışaraq, inkişaf edir və elmi uğurlara nail olurlar. Tarixən, Sovetlər dönəmində də, indi də, Azərbaycanda yaranmış bir çox elmi məktəblərdə yaşlı nəsillə gənclərin bir vəhdətinin yaradılması elmin əsas inkişaf yollarından biridir. Demək olar ki, bu gün də belə olmalıdır.

Lakin, bəzi vaxtlar Akademiyanı günahlandırırlar ki, orada işləyənlərin çoxu yaşlı nəslin nümayəndələridir. Bununla bağlı demək istəyirəm ki, məsələ heç də yaşda deyil, intellektual qabiliyyətdədir. Baxın, Akademiyamızın Neft-kimya Prosesləri İnstitutunda 93 yaşlı akademik Məhərrəm Məmmədyarov bu gün də uğurla çalışır. O, İkinci dünya müharibəsinin iştirakçılarındandır. Müharibədən sonra isə ömrünü üzvi kimya, neft kimyası, neft-kimya biotexnologiyaları sahələrinə həsr etmişdir və bu istiqamətdə görkəmli bir alim kimi tanınmaqdadır. İndi də gənc alimlərimizin əksəriyyəti onun elmi fəallığına və elmə olan həvəsinə qibtə edirlər.

Elmdə uzunömürlüyün başqa bir parlaq örnəyi görkəmli Azərbaycan heykəltəraşı, sənətşünası, akademik Ömər Eldarovdur. Bu il dekabrın 21-də onun 90 yaşı tamam olur. Ömər Eldarovun görkəmli elmi və sənət əsərləri təkcə Azərbaycanın paytaxtını yox, eləcə də, bütövlükdə Respublikamızı bəzəmişdir. Onun əsərlərinin sorağı ölkə sərhədlərindən çox-çox uzaq olan diyarlardan gəlir.

Elmi fəallıq və yaradıcılıq enerjisi digər bir akdemikimizə - görkəmli etnoqraf və arxeoloq, akademik Teymur Bünyadova da xasdır. Onun ilk elmi məqalələri hələ 1957-ci ildə işıq üzü görmüşdür.

Biz nəsillərarası varisliyə nail olmaq haqqında danışarkən yuxarıda adları çəkilən püxtələşmiş alimlərimizin zəngin bilik və təcrübəsinin, mənəvi-əxlaqi keyfiyyətlərinin daşıdığı elmi ideyaların gənc nəsillərə uğurla ötürülməsini belə nəzərdə tuturuq. Bu baxımdan, güman edirik ki, elmi cəmiyyətimizi gəncləşdirmək üçün AMEA-nın və respublika universitetlərinin elmlər doktorları korpusundan geniş istifadə edərək gənc alimləri akademik elmə cəlb etməliyik. AMEA-da bu iş 2017-ci ildə başlamış və Rəyasət Heyəti tərəfindən “AMEA-nın professoru” adına layiq görülmək üçün seçki müsabiqəsi elan edilmişdir. Gizli səsvermə yolu ilə seçilən ilk 12 elmlər doktoru bu gün AMEA-nın kadr siyasətinin perspektivlərini təmsil edə bilərlər.

Əziz gənclər!

Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanda hər il onlarla beynəlxalq elmi konfrans, seminar keçirilir, əməkdaşlarımız, o cümlədən gənc alimlərimiz xaricdə elmi tədbirlərdə fəal iştirak edirlər.

Siz özünüz də beynəlxalq əməkdaşlığın qurulmasında fəal olmalısınız. Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək dünyanın elmi mərkəzləri ilə əlaqələr yaratmalı, bu barədə AMEA rəhbərliyi qarşısında təşəbbüslə çıxış etməlisiniz.

Beynəlxalq əlaqələrin genişlənməsi yollarından biri də beynəlxalq bazalarda olan “İmpakt faktorlu” jurnalların tələblərinə uyğun məqalələrin yazılması və dərc edilməsidir.

Hörmətli Qurultay iştirakçıları!

Müasir informasiya cəmiyyətində müşahidə olunan ən mühüm yeniliklərdən biri də texnologiyaların sürətli intellektuallaşması prosesidir. Bu proses elə bir miqyas almışdır ki, onu bütövlükdə homosapiensdən infosapiensə transformasiya kimi xarakterizə etmək mümkündür.

İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan Big Datanın (“Böyük həcmli verilənlər”in) yaratdığı imkanlardan faydalanmaq üçün xüsusi yanaşmaların, texnologiyaların və platformaların araşdırılması yeni elmi istiqamətin – Data science-in yaranmasına səbəb olmuşdur.

Hesab edirik ki, Azərbaycan gəncliyi dünyada gedən bu proseslərə həssas yanaşmalı, ən modern elmi yenilikləri yaxından izləməli, hətta bu sahədə elmi nailiyyətlərin müəllifliyinə belə iddialı olmalıdırlar.  Zənnimizcə, Azərbaycan üçün artıq yüksək texnologiyalar, nano, info, bio, nüvə texnologiyaları sahəsindəki yeniliklərin izlənməsi kifayət deyil – indi onların müəllifi olmağın zamanı gəlib çatmışdır.

Gənclik təbiətən yenilikçidir. Onlar yeni texnologiyalar, yeni proseslər, yeni sosial norma və praktikalar yaratmağa qadir, aşıb-daşan fəaliyyət enerjisinə malikdirlər. Gənc elmi ictimaiyyətin iştirak edə biləcəyi mürəkkəb, genişmiqyaslı layihələrin işlənməsinə və təşkil edilməsinə başlamaq vaxtı çatmışdır. Bu baxımdan başqa elmi qurumlarla müqayisədə Elmlər Akademiyasının bir sıra üstünlükləri vardır. Ənənəvi olaraq burada informasiya texnologiyalarının nəzəri bazasını və bu texnologiyaların tətbiqini təmin edən güclü elmi məktəb formalaşmışdır. Düzdür indi bizim proqramçılarımız o qədər də çox deyil. Yaxın zamanda onların sayını ən azı 10 dəfə artırmaq lazımdır. Yeri gəlmişkən deyim ki, Banqalorda 70 min proqramçı fəaliyyət göstərir. Bu yöndə yüksək hazırlıqlı mütəxəssisləri Azərbaycan universitetləri və AMEA-nın magistraturası yetişdirməlidir.

Məlumdur ki, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması Azərbaycan dövlətinin strateji hədəflərindən birini təşkil edir. Biliklər cəmiyyətinin əsas işçi qüvvəsi isə innovativ təfəkkürlü perspektivli gənclik olmalıdır. İndi zamanın tələbi ondan ibarətdir ki, müasir prosesləri anlayan yeni insan, innovativ dəyər yaratmağı bacaran yeni gənclik yetişdirilsin.

Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı yaradılmışdır. AMEA-nın elm və biznesin qovuşduğu Yüksək Texnologiyalar Parkı yarandığı gündən Akademiyada innovasiya ekosisteminin inkişafı istiqamətində bir çox layihələrin icrası həyata keçirilir. AMEA Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlər startap müsabiqələrində fəal iştirak edirlər. Həmin Texnoparkda bu gün fəaliyyət göstərən 6 rezident sırasında təsisçisi gənc rezidentlər də vardır.

Əziz gənclər!

Sonda sizin hamınızı Qurultayın keçirilməsi münasibətilə bir daha səmimiyyətlə təbrik edirəm! Sizi həyatda aktiv olmağa, məqsədyönlü fəaliyyət göstərməyə çağırıram. Azərbaycan gəncliyinin avanqardı olaraq siz öz intellektinizlə, innovativ düşüncə və dövlətçilik təfəkkürünüzlə Azərbaycan gəncliyinin önündə getməyə qadirsiniz. Sizə bu yolda uğurlar arzulayıram!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə isə ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaratdığı şəraitə, onlara göstərdiyi xüsusi diqqət və qayğıya görə bütün Qurultay iştirakçıları adından dərin minnətdarlığımı bildirirəm!

Cənab Prezidentin Qurultay iştirakçılarına göndərdiyi təbrik məktubu da dövlətimizin gənclərə yüksək hörmət və etimadının təzahürüdür!