Новости
Arçer Con Porter Martin
Ноя 29, 2017 | 10:50 / Интересная информация
Прочитано 4227 раз (-а)

İngilis biokimyaçısı və fiziki kimyaçısı Martin Londonda 1910-cu ilin martın birində anadan olmuşdur. O, 19 yaşında Kembric universitetinə daxil olmuş, 1932-ci ildə biokimya üzrə bakalavr dərəcəsi, 1936-cı ildə doktor dərəcəsi almışdır. 1936-1938-ci illərdə həmin  universitetdə çalışmışdır. 1938-ci ildən Lidsdə yun sənayesinin tədqiqat assosiasiyasında, 1946-cı ildən “Buts Pyut Drer” kompaniyasında, 1948-ci ildən Dövlət tibbi tədqiqatlar şurasında çalışdı. 1952- 1956-cı illərdə Milli tibbi tədqiqatlar institutuna fiziki kimya bölməsinə rəhbərlik etdi. 1956-1958-ci illərdə kimya üzrə məsləhətçi oldu. 1959-1970-ci illərdə Ebbotsbarda sənaye şirkətinin tədqiqat laboratoriyasının direktoru vəzifəsində işlədi. 1964-1974-cü illərdə Hollandiyada Eyndxoven texnoloji institutunda, 1974-1979-cu illərdə ABŞ-da Xyuston universitetində dərs demişdi.

Əsas elmi işləri bioloji əhəmiyyətli birləşmələrin ayrılması və bölünməsi üsullarının işlənib hazırlanmasına həsr olunmuşdur.

Hələ Kembric universitetində tələbə olduğu zaman Martin vitaminlərin ayrılması və bölünməsi üzərində təcrübələr aparmışdı.

Sonralar Martinin elmi rəhbəri zülal molekullarının  əsasını təşkil edən aminturşuların bölünməsi üzərində işləməyi təklif edir. Analiz üçün bu komponentləri çıxara bilən vasitənin yaradılması cəhdi uğurla nəticələnmədi.

Martin kalon xromatoqrafiyasına əks axın qovulması prinsipini tətbiq etdi. Bu analitik yanaşma paylayıcı xromatoqrafiya adlandırıldı, çünki, onda xromatoqrafiya texnologiyası istifadə olunsa da, o, həm də aparatda istifadə olunan iki həlledici arasında həll olan maddənin kimyəvi paylanmasından da asılıdır. Adsorbsiyalı xromatoqrafiyadan fərqli olaraq paylayıcı xromatoqrafiya həlledicilərin və nasadka materiallarının çeşidini genişləndirməyə imkan verir.

Martin tədqiqatlar zamanı müəyyən etmişdir ki, sellüloza kalon xromatoqrafiyası üçün yaxşı su uducu mühitdir. Bu kəşf 1944-cü ildə kağız xromatoqrafiyasının işlənib hazırlanmasına gətirib çıxardı. Bu xromatoqrafiyada daşıyıcı kimi filtr kağızı istifadə olunur.

İkiölçülü kağız xromatoqrafiyası yüksək maddi məsrəf və güc sərf etmədən mürəkkəb qarışıqların analizinə imkan verir. Tezliklə kağız xromatoqrafiyası kimyanın müxtəlif sahələrində istifadə edilməyə başladı və zülalların, antibiotiklərin, vaksinlərin, polisaxaridlərin strukturuna və nadir torpaq elementlərinə aid olan əhəmiyyətli kəşflərə imkan verdi.

1952-ci ildə Martin “paylayıcı xromatoqrafiyanı kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görüldü.

Onun çoxlu sayda başqa təltifləri də olmuşdur:

  • İsveç tibb cəmiyyətinin Berselius medalı;
  • Con Prays Uezterill medalı;
  • Franklin institutunun Franklin medalı.

O, bir çox elmi cəmiyyətlərin üzvü olmuşdur.

1953-cü ildə Martin E.T. Ceyms ilə birlikdə qaz maye xromatoqrafiyası üsulunu işləyib hazırlamışdır. Bu üsul mikroqramlar miqdarında olan yağ turşularının və steroid qarışıqlarının xarakteristikası üçün xüsusilə faydalı olmuşdur.

Martin 2002-ci il iyulun 28-də vəfat etmişdir.