Новости
Знаете ли Вы?
Окт 03, 2017 | 09:30 / Интересная информация
Прочитано 5012 раз (-а)

Yəqin ki, mətbəxdə istifadə etdiyiniz, qoxusunu bir o qədər də sevmədiyiniz sirkə hamımıza tanışdır. Gəlin onun haqqında danışaq. Asetat turşusu olaraq da bilinən bu birləşmənin elmi adı etan turşusudur. Bəzən o bizim qarşımıza Vineqar olaraq da çıxır. Bu söz latın sözü olub sirkə mənasını verir. Sirkənin tərkibində bu turşu etil spirtinin fermentativ oksidləşməsi ilə əmələ gəlir. Bu proses həm də ağzı açıq saxlanılan şərabın sirkə iyi verməsinə səbəb olur. Beləki, ağzı açıq qalan şərabın tərkibində olan etil spirti tədricən oksidləşərək sirkə turşusuna çevrilir.

Sirkənin tərkibində sirkə turşusunun faizlə miqdarı fərqli olur. Belə ki, süfrəsirkəsi sirkə turşusunu suda məhluludur. Süfrə sirkəsində sirkə turşusunun miqdarı 8-9 faizdən çox olmasa da sirkə esensiyası üçün onun miqdarı 70-80 faizə çatır.  Süfrə sirkəsinə məxsusi rəngi və tamı başqa birləşmələr verir. Təmiz sirkə turşusu rəngsiz olur.

Sirkə turşusu bizə süfrə sirkəsi kimi məlum olsa da, dünya üzrə istehsal olunan sirkə turşusunun çox cüzi miqdarı süfrə sirkəsinin istehsalına sərf olunur. Hesablamalara görə dünya üzrə hər il 6,5 milyon ton sirkə turşusu istehsal olunur. Maraqlıdır ki, bunun çox hissəsi fermenativ proseslərdən yox, neft-kimya sənayesi məhsullarından alınır. Etil spirtinin fermentativ oksidləşməsi ilə aparılan ənənəvi üsul sənayenin təlabatını ödəmək üçün kifayət etmir.

Saf sirkə turşusu kimya laboratoriyalarında həlledici kimi istifadə olunur. Saf halda o "buzlu" sirkə turşusu kimi tanınır. Belə ki, onun ərimətemperaturu 16,7°C olduğundan, soyuq havalarda saxlandığı konteynerdə onun bir miqdarı asanlıqla donur. Biz onu zərərsiz birləşmə kimi tanısaq da, saf halda o öz aşındırıcı xassəsini bəlli edir.

Məişətdə biz ona ərp təmizləyici vasitələrin tərkibində rast gələ bilərik. Bəzən biz ondan çaydanın dibində toplanmış ərpi həll etmək üçün istifadə edirik. Bu proses sirkə turşusunun Kalsiumlu duzlarının həll olan olması ilə izah olunur. Belə ki, sirkənin iştrakı ilə baş verən proses çaydanın dibindəki ərpin həll olan hala keçməsinə səbəb olur.

Tədqiqiqatlar göstərir ki, sirkə turşusunun antibakterial və funqusid funksiyaları mövcuddur, yəni o hətta kiçik konsentrasiyalarda belə bakeriyalara və göbələklərə məhvedici təsir göstərir. Onun dezinfeksiyaedici kimi istifadə olunması bununla izah olunur.

Yazımızın sonunda sizə sirkə turşusu ilə apara biləcəyiniz sadə bir təcrübə təklif edirik. Siz  sirkə turşusu və çay sodasını qarışdırsanız qaz qabarcıqlarının əmələ gəlməsini müşahidə edə bilərsiniz. Bu qabarcıqları,prosesdən alınan karbon qazı əmələ gətirir. Bir ağzı dar şüşə qab götürün, içinə sirkə turşusu tökün. Bir şarın içinə çay sodası töküb, qabın ağzına keçirin. Sonra şardakı sodanı, qabdakı sirkənin üzərinə əlavə edin. Reaksiyadan alınan karbon qazı şarın şişməsinə səbəb olacaq.