Новости
Фото
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Thomson Reuters” təşkilatı tərəfindən maarifləndirici seminar keçirilib
Апр 11, 2017 | 12:40 / Конференции, собрания
Прочитано 8068 раз (-а)

Aprelin 11-də Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Thomson Reuters” təşkilatı tərəfindən İnstitutun əməkdaşları üçün “Web of Science” Məlumat Platformasından istifadə qaydalarına dair maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində məqsəd İnstitutun alimləri üçün beynəlxalq “Web of Science” Məlumat Platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları ilə tanışlıq idi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, 2016-ci ilin oktyabr ayında AMEA ilə “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi  imzalanıb. Müqavilə çərçivəsində AMEA-nın elmi müəssisələri üçün “Web of Science” Məlumat Platformasından istifadə imkanları yaranmışdır. Təşkilatla əməkdaşlığı yüksək qiymətləndirən akademik Dilqəm Tağıyev seminarın institutda çalışan alimlər üçün qlobal elmi bazaya çıxış təcrübəsi qazanmaq baxımından faydalı olacağını bildirib.

Seminarda təqdimatla çıxış edən “Thomson Reuters”  təşkilatının Azərbaycan üzrə nümayəndəsi və bu təşkilatın elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə “Web of Science” Məlumat Platforması haqqında danışaraq bildirib ki, bu platformada elmi nəşrlərin aparıcı beynəlxalq məlumat bazası, elmi istinadların məlumat bazası, eləcə də elmi tədqiqatlar üçün bir sıra başqa məlumat bazaları yerləşir. Aygün Babazadə kimya elmləri üzrə elmi jurnalların göstəriciləri, beynəlxalq istinad səviyyəsi haqqında da, məlumat verib. Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.

Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.