Новости
Akademik Murtuza Nağıyev Azərbaycan kimya elminə dəyərli töhfələr verib
Мая 05, 2023 | 12:00 / Важные события
Прочитано 524 раз (-а)

Görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyev Azərbaycan elminə dəyərli töhfələr verib. O, kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdəndir. Murtuza Nagiyev kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən edib. Akademikin Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksəkixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətləri olub.

Murtuza Fətulla oğlu Nağıyev 1908-ci il mayın 5-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. Onun elmi fəaliyyətinin əsas istiqaməti neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikası idi. M.Nağıyev dünyada kimya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qəbul olunmuş resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır. Onun işləyib hazırladığı resirkulyasiya prosesləri nəzəriyyəsi kimya və texnologiya proseslərinin, eləcə də kimya texnologiyası kombinatlarının (KTK) ən effektli yolla intensivləşdirilməsinə imkan yaradıb. Murtuza Nağıyevin qlobal optimallaşdırma anlayışı, məhz mürəkkəb KTK-nın optimallaşdırılmasına sistemli yanaşma nəticəsində kimyəvi proseslərin modelləşdirilməsinə ilkin təkan verib və onun bu sahədə prioritetliyi bütün dünyada qəbul olunub. Alim tərəfindən əsası qoyulmuş superoptimallıq prinsipi kimyanın klassik ənənələrindən fərqli olaraq kimya proseslərinin tədqiqinə yeni yanaşma üsulu idi. Bu da kimyəvi proseslərin aparılması üçün elə bir şərait yaradır ki, kimyəvi reaktorların yüksək məhsuldarlıqla işləməsi və tullantıların azalması mümkün olur, superoptimallıq prinsipinin istehsalatda tətbiqi qurğuların intensiv işləməsi ilə tullantısız istehsala təminat verir.

Murtuza Nağıyev 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə elmlər doktoru dərəcəsini, 1945-ci ildə isə professor elmi adını alıb. O, 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) həqiqi üzvü seçilib. Akademik Murtuza Nağıyev Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və direktoru olub. Azərbaycan elmini müxtəlif beynəlxalq konqres, simpozium və konfranslarda uğurla təmsil edib. O, uzun müddət akademiyanın institutlarına rəhbərlik etməklə yanaşı, 1952-1957-ci illərdə AMEA-nın Fizika-Texnika bölməsinin akademik-katibi, 1957-1959-cu illərdə AMEA-nın vitse-prezidenti, 1961-1966-cı illərdə isə AMEA-nın baş elmi katibi olub.

Görkəmli alim 300 elmi əsərin, o cümlədən 12 müəlliflik şəhadətnaməsi və 30 fundamental monoqrafiyanın müəllifidir. Ana dilimizdə neftin texnologiyasına dair ilk dərslik onun qələminin məhsuludur. Alim pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya texnologiyası fakültəsində krekinq proseslərinin texnologiyası fənnini tədris edib, Bakı Dövlət Universitetinin Fiziki-kimya kafedrasına rəhbərlik edib və tələbələrə kimyəvi kinetika sahəsi üzrə mühazirələr oxuyub. Onun rəhbərliyi ilə neçə-neçə dissertasiyalar müdafiə olunub. Alim, həmçinin müxtəlif dövlət mükafatlarına layiq görülüb.

Akademik Murtuza Nağıyev 1975-ci ildə Bakıda vəfat edib.