Новости
Фото
Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun professoru Fikrət Sadıqovun “Heydər Əliyev Bakıya gəlməsəydi nə ola bilərdi?” adlı məqaləsi “Ədalət” qəzetinin 10№ -də çap olunmuşdur.
Мар 29, 2023 | 12:24 / Публикации
Прочитано 1367 раз (-а)

Azərbaycan xalqı tarix boyu bir sıra çətin sınaqlara məruz qalmış və nə yaxşı ki, belə sınaqlardan çıxmaq üçün qüdrətli şəxsiyyətlərimiz olublar və ölkəmizi bu vəziyyətdən uğurla çıxarıblar. Bu mənada xalqımız Heydər Əliyevə öz xilaskarı kimi baxmağa borcludur və xilaskarı kimi də qəbul edir.

1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi nə ola bilərdi? O vaxt biz bilirdik ki, ölkəmizi bu vəziyyətdən təkcə Heydər Əliyev çıxara bilər və gələcək neqativ halların qarşısını o ala bilər. Ölkəmizin müstəqilliyi möhkəmlənər, Heydər Əliyevin öz təbirilə desək, suverenliyimiz əbədi olar. Lakin onu da bilirdik ki, Heydər Əliyev çoxlu teleqramlara, məktublara, şəxsi ziyalı və ağsaqqalların dəvətinə, ölkə rəhbərlərinin dəvətinə baxmayaraq vəzifəyə gəlmək istəmirdi. Buna 1993-cü il fevral ayında möhtərəm Heydər Əliyevlə görüşümüz zamanı baxmayaraq ki, ona iqtisadi vəziyyətlə olan çətinlikləri, ölkədə olan cəbhəçilərin dili ilə desək, “bez predeli” və onların haraya aparıb çıxara biləcəyini ona demişdim və o özü də bu vəziyyəti məndən də yaxşı bilirdi. O isə deyirdi, mən vəzifə istəmirəm, Naxçıvanda qalıb işləmək istəyirəm.

Lakin ölkədə kritik vəziyyət yaranandan, ölkədə vətəndaş müharibəsi başlayandan sonra Heydər  Əliyevin vətənpərvərliyi, azərbaycanlılığı, onun dahiliyi xalqına bağlılığı, onun xalqının fədaisi olmağı onu öz istəyinə qarşı gedib ölkə rəhbərliyinə gətirdi. Bir də təkrar edirəm. Əgər Heydər Əliyev vəzifəyə gəlmək istəsəydi o, fevralda, martda gələ bilərdi. O, gəlmək istəmirdi. Bu da təsadüfi deyil ki, o, birbaşa vəzifə kürsünə yox, Gəncədəki vəziyyətlə tanış olmağa, orada xalqa ürək –dirək verməyə getdi və Heydər Əliyevin həyatının qalan hissəsinin azərbaycan xalqına bağışlanmağı dövrü başlandı. Heydər Əliyev həyatının mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görərək onun ən böyük dayağı xalq olduğuna əmin idi.

Heydər Əliyev ölkəmizdə rəhbər işlədiyi vaxtlarda həyatımızın və fəaliyyətimizin elə bir sahəsi yoxdur ki, onun inkişafına qayğı göstərməsin. Bura “Əsrin müqaviləsini”, Milli ordumuzun formalaşdırılması üçün göstərilən səyləri, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda görülən işləri, müstəqil Azərbaycanın ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk Konstitusiyanı və onlarla, yüzlərlə belə işləri göstərmək olar.

Heydər Əliyevin fəaliyyət dairəsinə aid olan işləri bir-bir sadalamaq mümkün deyil. Amma bu mümkündür ki, Azərbaycanın şəhər və rayonlarını, onlarda tikilmiş sənaye və sosial obyektlərini göz önünə gətirəsən. Bu mənada mən inanıram ki, nə vaxtsa Azərbaycanın Heydər Əliyev dövrünün xəritəsi yaranacaq.

Bütün bu işlər haqqında ətraflı danışmaq fikrində deyiləm. Çünki bu işlər xalqın gözü qarşısında görülür, onları kiməsə sübut etməyə ehtiyac yoxdur. Bunu da sübut etməyə ehtiyac yoxdur ki, Heydər Əliyev cənablarının hər iş günü bir tarix idi.Bu və ya digər dərəcədə respublikamızın taleyi ilə bağlı problemlərin həlli sahəsində görülən işlərlə əlamətdar idi. Bu mənada Heydər Əliyevin xalqın təkidi və arzusu ilə hakimiyyətə gəldiyi günü, 15 iyunu Qurtuluş günü qeyd etməyimiz Heydər Əliyevə olan xalq inamının, məhəbbətinin məntiqi nəticəsi idi.

Əminəm ki, bu gün bizim görmədiyimiz işləri gələcək nəslin nümayəndələri mütləq görəcəklər. Heydər Əliyevin hər bir fikri xalqımızın gələcəyi, inkişafı, müqəddəratı ilə bağlı idi. Heydər Əliyevin iş üslubuna aid elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaq.

Mən konkret olaraq Heydər Əliyev cənablarının kimya sənayesinin inkişafına göstərdiyi qayğıdan danışmaq istərdim. Bu da səbəbsiz deyil. Çünki, konkret sahələrə göstərilən qayğını bəzən əhalinin əksər hissəsi bilmir. Heydər Əliyevin kimya sənayesinə qayğısı onun respublikamıza rəhbərlik etdiyi birinci dövrdən başlanmışdır.

Biz gələcəyimizi görmək üçün keçmişimizi yaxşı təhlil etməliyik. Ona görə də mən Azərbaycanda kimya sənayesinin inkişafında Heydər Əliyevin rolu barədə bir sıra fikirlərimi demək istərdim. Onu da demək istəyirəm ki, əgər möhtərəm prezidentimizin respublikaya rəhbərlik etdiyi dövrlərdəki başqa sahələrə aid xidmətləri nəzərə alınmasa belə, o, kimya sənayesinin inkişafındakı xidmətlərinə görə tarixdə özünə şərəfli bir yer tutacaqdır. Bu, tək mənim fikrim deyil, respublikamızın çoxminli kimyaçılarının fikridir.

Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hələ İttifaq məkanında yaşadığımız vaxtda Azərbaycanın başqa ölkələrdən asılılığını minimuma endirməkdən ötrü uzaqgörənliklə tədbirlər görürdü. O vaxtlar bu və ya digər obyektin Azərbaycan xəritəsinə düşməsi üçün İttifaq hökümətinin maneələrini qırmaq o qədər də asan deyildi. Heydər Əliyev qüdrəti və iradəsi bunu müdrikcəsinə həll edirdi. Onun hakimiyyətə başladığı 70-ci illərin əvvəllərindən Azərbaycanda genişmiqyaslı quruculuq dövrü başlanmışdır. Heydər Əliyevin dəst-xətti bütün sahələrdə özünü göstərirdi. Onun üçün ikincidərəcəli məsələ yox idi.

Ümumiyyətlə bu gündən çox sabahımız haqqında fikirləşmək Heydər Əliyevin xarakterindən, təəssübkeşliyindən irəli gəlir. O həmişə mövcud olanlarla kifayətlənməyib yenisini yaratmağa can atırdı. Yeniliyi yaratmaq isə həmişə, hər yerdə çətin olub. Mövcud olanla kifayətlənmək isə geriliyə yuvarlanmaqla nəticələnir. Bunları mən sizə faktlarla çatdırmaq istərdim.

Heydər Əliyevin qətiyyəti nəticəsində "Sintezkauçuk" zavodunda az səmərəli, ekoloji təmiz olmayan istehsalatlar bağlanıldı, onların yerində o vaxt üçün ən müasir texnologiyalar ilə butadien istehsalatları tikilib istifadəyə verildi. Etil spirti istehsalı, sulfat turşusunun qatılılığının yüksəldilməsi sexinin fəaliyyətləri dayandırıldı. Ətraf mühitin sulfat turşusu ilə çirklənməsinin qarşısı alındı. Heydər Əliyev Respublikanın rəhbəri seçiləndə  “Sintezkauçuk” zavodunda mövcud etilen istehsalatında 70%-li etilen istehsal olunurdu, ondan etil-spirti və ondan da butadien istehsal olunurdu. Bu, ən köhnə, ekoloji cəhətdən ziyanlı, iqtisadi cəhətdən az səmərəli bir istehsalat idi. Yəqin ki, hələ də çoxlarının yadındadır: turşu buxarlandırma sexindən atmosferə atılan sulfat turşusunun buxarları o vaxt Siyəzəndən görünürdü. Bəlkə də hələ lap uzaqdan. Bu isə radiusda Şamaxıya qədər olan sahədə torpağı da, atmosferi də sulfat turşusu ilə zəhərləyirdi. Təsəvvür edin ki, sutkada atmosferə yüz tonlarla turşu atılırdı. Bağlanan istehsalatların yerində və yeni sahələrdə butanın dehidrogenləşməsindən alınan və kənardan gətirilən butan-butilen-butadien (divinil) butadien ayrılması istehsalı tikildi. Stirol istehsalının gücü artırıldı, butil kauçuk izobutilen, latekslər istehsalatları tikilib istifadəyə verildi. Kauçuk, stirol istehsalının gücü iki dəfə və daha çox artırıldı.

Heydər Əliyevin rəhbərliyi vaxtında ekoloji baxımdan ziyanlı olan o üç istehsalat bağlandı və yerində o vaxtın ən müasir qurğusu “EP-300” tikildi. Orada alınan butilen-divinil fraksiyasından isə o vaxtın ən müasir texnologiyasına əsaslanan divinil istehsalatı tikildi və 70%-li etilendən alınan etilbenzol istehsalatı bağlandı. Heydər Əliyevin böyük səyi nəticəsində lateks sexləri tikildi. 

Sumqayıt Superfosfat zavodunda kolçedandan sulfat turşusu istehsalatı bağlanıb onun yerinə ən müasir texnologiya ilə illik gücü 450 min ton olan turşu sexi tikildi. Özü də buradakı istehsal texnologiyası Polşaya məxsus olduğundan, avadanlıqların quraşdırılmasında da Polşa mütəxəssisləri iştirak edirdilər. Məhz bundan sonra həmin zavodun istehsal gücü 1100000 ton dənəvər superfosfata çatdırıldı. Əvvəlki texnologiya ilə atmosferə atılan hidrogenflorid qazından və alüminium hidrooksiddən silisium floridli natrium duzu istehsalatı tikildi. Bu da ölkəmizin bu xammala olan tələbatını ödədi.

Üzvi sintez istehsalat birliyində EP-60 etilen istehsalı bağlanılıb onun yerində EP-300 etilenə görə illik məhsuldarlığı 300 min ton olan istehsalat tikildi. Az effektivli olan benzol istehsalı saxlanıldı. Oksi propilen, poliefir, dixlor etan, poli izobutilen, butadien istehsalatı, polietilen istehsalatları tikilib istifadəyə verildi. Gündəlik gücü 168 min m3 olan çirkab sularını təmizləyən qurğular istifadəyə verildi. Üzvi sintez istehsalat birliyində sulfat turşusu ilə işləyən, ekoloji baxımdan təmiz olmayan izobutilen sexi dayandırıldı. İqtisadi cəhətdən az səmərəli olan “EP-60” qurğusunun əvəzinə daha müasir EP-300 qurğusu layihələndirildi. Onun əsasında benzol istehsalı da planlaşdırıldı. Polipropilen, polietilen istehsalatları planlaşdırıldı.

Bunun üçün biz Heydər Əliyevə minnətdar olmalıyıq. Onu da deyim ki, Rusiya, Ukrayna, Belarus kimi böyük respublikalarda hələ də “EP-60” qurğularından istifadə olunur.

“Məişətkimyası” zavodunda gücü 60min ton olan yeni istehsalat işləməyə başladı. Bununla əlaqədar heç bir yerdə deyilməyən bir faktı yada salmaq istərdim. O vaxt Sumqayıtdakı yuyucu vasitələr zavodu üçün lazım olan əsas avadanlığı qurutma qülləsini Heydər Əliyev Qazaxıstanda tikilməyə başlayan zavoddan gətirməklə özünü bir növ Kunayev kimi bir şəxsə qarşı qoyurdu. Və yaxud Leninqradda tikilən zavoddan poliqrafiya sistemini respublikamıza gətirməklə özünü Romanova qarşı qoyurdu. Belə işləri nəinki görmək, hətta dilə gətirmək də asan deyildi. Heydər Əliyev xalqının, ölkəsinin rifahı naminə öz nüfuzundan istifadə edirdi. Bunlar hamısı faktdır. Onları danmaq, qiymətləndirməmək ən azı nankorluqdur. Bəziləri vicdan əzabı çəkmədən deyirlər ki, Heydər Əliyev Sumqayıtı krimatoriyaya çevirmək istəyirdi. Belə “krimatoriya” ilə ABŞ, Almaniya və sair kimi dünyanın inkişaf etmiş ölkələri fəxr edirlər.

Yəqin ki, çoxlarının yadındadır vaxtı ilə Sovet İKP MK yarımçıq qalmış mədəniyyət obyektlərinin tikintisini davam etdirməyi vəsaitin olmaması üzündən qadağan etmişdi. Amma bütün bu qadağalara baxmayaraq Heydər Əliyevin nüfuzu sayəsində Sumqayıtdakı 1300 yerlik mədəniyyət sarayının tikintisi kimya sənaye nazirliyinin vəsaiti hesabına davam etdirildi. Bununla əlaqədar o vaxtlar SSRİ Nazirlər Sovetinin sədrləri Tixonovun, Rıjkovun üç dəfə sərəncamları olmuşdur. Bu, Azərbaycana xüsusi qayğı deyildi. Heydər Əliyevə xüsusi hörmət idi.Bunu necə danmaq, necə qiymətləndirməmək olar ki, o vaxt “Baş Moskvatikinti”dən xüsusi bir briqada gəlib həmin sarayda tamamlama işləri ilə məşğul olurdu. Bu, Heydər Əliyevin o vaxt Moskva şəhərinin rəhbərliyi, xüsusən Promıslov ilə şəxsi münasibətlərinin sayəsində mümkün olurdu. Yeqin ki, müxalif qüvvələr təəccüblənəcəklər: o vaxt Moskvadan gəlmiş inşaatçılar deyirdilər ki, bu tipli mədəniyyət sarayı ittifaqda dörd, ya beş ədəddir. Bu, Heydər Əliyevin Sumqayıtlılara, Azərbaycan kimyaçılarına əvəzsiz hədiyyəsidir və bu hədiyyə gələcək nəsillərə də yadigardır.

Civə üsulu ilə xlor-qələvi istehsalatı o vaxt üçün müasir sayılan Almaniyadan alınan elektroliz vannaları əsasında yenidən qurulub. Bir sözlə, elə il olmazdı ki, yeni istehsal sahələri tikilib istifadəyə verilməsin.

Əgər o vaxtlar Heydər Əliyevin təşəbbüsü ilə “Üzvi sintez” zavodunun tərkibində sutkalıq gücü 168000 kubmetr olan, həm şəhər, həm də sənaye müəssisələri üçün nəzərdə tutulmuş yeganə sutəmizləyici qurğu tikilməsəydi dənizin, şəhərin vəziyyəti necə olardı. Mənə elə gəlir ki, bunu hamı bilir. Belə quruculuq işləri bütün respublikanı əhatə edirdi. Bu günkü kimya sənayesi Heydər Əliyevin dünənki qayğısının dirəkləri üzərində dayanıb. Bunu görməmək, qiymətləndirməmək sadəcə olaraq mümkün deyil.