Новости
AMEA-nın 2022-ci ilə dair elmi fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr
Мар 17, 2023 | 09:10 / Важные события
Прочитано 642 раз (-а)

Olduqca əlamətdar bir haldır ki, hesabat ili kimi qeyd etdiyimiz 2022-ci il UNESCO-nun Baş Konfransı tərəfindən “Fundamental Elmlər İli” elan edilmişdir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında təqdim olunan hesabata “İnnovativ iqtisadiyyat və elmin təşkili sistemində islahatlar: klassik layihələrdən sistem layihələrinə keçid” kimi baxmaq məqsədəuyğun olardı. Müasir dünyanın reallıqları şəraitində baş vermiş strateji problemlərin həlli sosial tədqiqatların rolunun əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.

Bu sözləri AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov Akademiyanın Ümumi yığıncağında “AMEA-nın 2022-ci ilə dair elmi fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzəsində deyib.

O qeyd edib ki, hər il olduğu kimi, 2022-ci il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı baxımından uğurlarla xarakterizə olunmuşdur. Akademik-katib diqqətə çatdırıb ki, AMEA ölkə başçısı tərəfindən imzalanmış Fərman, Sərəncam və digər tapşırıqları öz fəaliyyətində rəhbər tutur, onları daim diqqət mərkəzində saxlayır.

AMEA-nın əməkdaşları tərəfindən 2022-ci ildə “Şuşa İli” ilə əlaqədar 63 kitabın çap edildiyini, 45-dən artıq tədbirin keçirildiyini deyən A.Həşimov bunlardan 11-nin beynəlxalq, 30-nun respublika elmi konfransı olduğunu söyləyib.

“Akademik Zərifə Əliyeva” və “Zərifə Əliyeva” gəmi-bərələrinin, “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istifadəyə verilməsinin,  AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) üzvlüyünə qəbul edilməsinin, akademik Şahin Mustafayevin Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Vaqif Fərzəliyevin isə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsinin, eləcə də “Elm” nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyasının üzvlüyünə qəbulunun hesabat dövrünün əlamətdar hadisələri olduğunu deyib.

2022-ci ildə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfindən təqdim edilən mühüm elmi nəticələr müzakirə edilərək onlardan 45-i hesabata daxil edilmişdir. Bunlar fizika-riyaziyyat və mühəndis elmlərini əhatə edən elmin prioritet istiqamətləri üzrə yüksək effektivliyə malik funksional materialların yaradılması və tətbiqi, süni intellekt texnologiyalarının, rəqəmsal transformasiyalar şəraitində cəmiyyətin kibertəhlükəsizliyi və dayanıqlılığının təmin olunması, enerji təhlükəsizliyinin və enerji çevirmə proseslərinin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi, metod və alqoritmlərin işlənməsi, nüvə və yüksək enerjilər fizikası istiqamətində tədqiqatların genişləndirilməsi ilə onun aktual problemlərinin həllinə yönəldilmiş nəticələrdən ibarətdir.

Kimya Elmləri Bölməsi üzrə də 45 mühüm elmi nəticə hesabata daxil edilmişdir ki, bunlar neft emalı və neft-kimya proseslərinin səmərəliliyinin yüksəldilməsi, az tonnajlı kimyəvi məhsulların, o cümlədən xüsusi təyinatlı məhsulların yaradılması və istehsalının təşkili, fizioloji fəal maddələrin sintezi, yüksək texnologiyalar üçün unikal xassəli yeni topoloji Dirak materiallarının, səmərəli katalizatorların, elektrod materiallarının, karbon nanoborularının, nanogellərin və bioaktiv polimerlərin yaradılması istiqamətində tədqiqatların genişləndirilməsi ilə onun aktual problemlərinin həllinə yönəldilmiş nəticələrdən ibarətdir.

Yer Elmləri Bölməsi üzrə isə 8 mühüm elmi nəticənin hesabata salındığını bildirən akademik Arif Həşimov vurğulayıb ki, bunlar geofiziki və geodinamik proseslərin monitorinqi, ətraf mühitin qlobal, regional və ekoloji dəyişiklikləri, faydalı qazıntı yataqlarının tədqiqinin genişləndirilməsi ilə onun aktual problemlərinin həllinə yönəldilmiş nəticələrdən ibarətdir.

Biologiya və Tibb Elmləri Bölməsi üzrə nəticələri təqdim edən natiq mühüm elmi nəticələrdən 46-sının hesabata daxil edildiyini bildirib: “Bunlar rəqəmsal, bio-, nano- və postgenom texnologiyaların tətbiqi, genom, proteom və metabolom araşdırmalarla ərzaq və qida təhlükəsizliyi, insan sağlamlığı və biotəhlükəsizlik problemlərinin həlli, Azərbaycan populyasiyasının molekulyar-genetik öyrənilməsi, biotibbi, neyrobioloji və herantoloji tədqiqatlar, maşınöyrənmə üsullarının və süni intellektin biologiya, kənd təsərrüfatı və tibbdə istifadəsi, yaşıl enerji istiqamətində araşdırmaların genişləndirilməsi ilə onun aktual problemlərinin həllinə yönəldilmiş nəticələrdən ibarətdir”.

Humanitar  Elmlər  Bölməsi üzrə isə mühüm elmi nəticələrdən 29-u hesabata daxil edilmişdir ki, bunlar Azərbaycan xalqının dilinin, folklorunun, ədəbiyyatının, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, müasir nəzəri-metodoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında araşdırılması, yeni dövrləşdirilmə konsepsiyası üzrə Azərbaycan ədəbiyyatı tarixinin yazılması sahəsində tədqiqatların həyata keçirilməsinin genişləndirilməsi ilə onun aktual problemlərinin həllinə yönəldilmiş nəticələrdən ibarətdir.

“İctimai Elmlər Bölməsi üzrə elmi-tədqiqat müəssisələri, universitetlər tərəfindən təqdim edilən mühüm elmi nəticələrdən 41-i hesabata daxil edilmişdir. Bunlar Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, tarixinin müasir çağırışlar, nəzəri-metodoloji baxışlar, o cümlədən azərbaycançılıq prinsipləri əsasında araşdırılması, Azərbaycançılıq ideyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, müasir dünya fəlsəfəsinin müxtəlif problemlərinin öyrənilməsi, şərqşünaslıq və qafqazşünaslıq, sosiologiya sahəsində tədqiqatların genişləndirilməsi ilə onun aktual problemlərinin həllinə yönəldilmiş nəticələrdən ibarətdir”, - deyə akademik Arif Həşimov İctimai Elmlər Bölməsinin nəticələrini təqdim edərkən bildirib.

Məruzəçi, həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, Şəki və Lənkəran Regional Elmi Mərkəzlərinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin mühüm elmi nəticələrini, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətini və digər nəticələri diqqətə çatdırıb.