Новости
ФотоВидео
AMEA-nın Ümumi yığıncağı keçirilib
Мар 17, 2023 | 09:28 / Важные события
Прочитано 1451 раз (-а)

Martın 16-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.

Sonra elmi nailiyyətlər sərgisinə baxış olub.

İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. AMEA rəhbəri ötən bir il ərzində Akademiyanın həqiqi üzvlərindən Eldar Salayev və Musa Rüstəmov, müxbir üzvlərdən Tofiq Məmmədov, Akif Musayev və Abbasqulu Quliyevin dünyalarını dəyişdiyini diqqətə çatdırıb və iclasda görkəmli alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik giriş nitqində qeyd edib ki, bu gün Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Heydər Əliyev İli”ndə ölkəmizin ictimaiyyəti qarşısında hesabat verir. Akademiyanın bugünkü həqiqi və müxbir üzvlərinin mütləq əksəriyyətinin Heydər Əliyev epoxasında böyük elmi mühitə vəsiqə almış elm adamlarından ibarət olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, 1945-ci ildə yaradılmış Milli Elmlər Akademiyası da Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələlərdə özünün həqiqi inkişafına nail ola bilmişdir. Müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan elmini cəmiyyətdə baş vermiş böhrandan xilas etmiş və bu elm ocağına Milli Elmlər Akademiyası statusu vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmimizin və o cümlədən Akademiyanın inkişaf etdirilməsi üçün mühüm qərarlar qəbul etdiyini, əhəmiyyətli addımlar atdığını bildirən akademik qeyd edib ki, cənab Prezidentimizin Akademiyanın yubileylərində iştirak etməsi və dərin məzmunlu nitqlə çıxış etməsi elm məbədimizin tarixinin unudulmaz səhifələrinə çevrilmişdir.

“Hazırda cənab Prezidentin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən Milli Elmlər Akademiyası yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat institutları və ölkəmizin digər elmi qurumları ilə qarşılıqlı əlaqə və birgə əməkdaşlıq şəraitində öz işini davam etdirməkdədir”, - deyə AMEA rəhbəri bildirib.

Diqqətə çatdırıb ki, Elmlər Akademiyasında həm elm sahəsində, həm də struktur islahatları və kadr dəyişikliyi istiqamətlərində islahatların aparılması davam etdirilir.

AMEA-nın tabeliyində olan institutlarda və Rəyasət Heyətində struktur islahatlarının davam etdirildiyini deyən akademik İsa Həbibbəyli Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət, Tarix, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarındakı oxşar qurumların ləğv edildiyini, cəmiyyətin inkişafından doğan yeni şöbələrin yaradıldığını vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, ölkə başçısının Qərbi Azərbaycan icması ilə görüşü zamanı səsləndirdiyi çağırışları həyata keçirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq elmi tədqiqat şöbələri yaradılmış, Rəyasət Heyəti səviyyəsində əlaqələndirmə şurası təsis edilmiş və şuranın ilk iclası keçirilmişdir. Həmçinin Akademiyanın Rəyasət Heyətinin aparatında yaradılmış “Elektron Akademiya” şöbəsinin təsis olunmuş yeni idarəetmə qurumlarından olduğunu bildirib və struktur islahatları istiqamətində müzakirələrin davam etdirildiyini ictimaiyyətin diqqətinə çatdırıb.

“Məlum olduğu kimi, Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasında bütün sahələrin milli prioritetlər əsasında inkişaf etdirilməsi strategiyasını müəyyən etmişdir. Buna uyğun olaraq Azərbaycan elminin müstəqil ölkəmizin daha da inkişaf etdirilməsinə doğru istiqamətləndirilməsi sahəsində düşünülmüş addımlar atılmışdır. Akademiyanın tarixində ilk dəfə olaraq Nizamnaməyə elmi fəaliyyətin Prezident İlham Əliyevin müəyyən etdiyi ölkəmizin milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə qurulmasına dair ayrıca maddə daxil edilmişdir. Bu, sovet hakimiyyəti illərində SSRİ-nin hərbi sənaye kompleksinin inkişaf etdirilməsinə və sovet ideologiyasının təbliğ olunmasına doğru istiqamətləndirilmiş elmimizin xalqımızın milli maraqlarına və müstəqil dövlətçilik mənafeyinə uyğun şəkildə inkişaf etdirilməsinə hüquqi təminat verəcəkdir”, - AMEA-nın prezidenti giriş nitqində bildirib.

Azərbaycan elminin dünya elminin ümumi üzvi tərkib hissəsi olduğunu və buna görə də beynəlxalq elmi təşkilatlarla əlaqələr yaratmaq istiqamətində təşəbbüslərin göstərildiyini, yeni elmi nəslin formalaşdırılması üçün tədbirlərin həyata keçirildiyini deyib.

Azərbaycanda yüksək impakt faktorlu elmi jurnalların çap edilməsinin əhəmiyyətli hadisə olduğunu bildirib və ölkəmizdə yüksək indeksli jurnalların çap edilməsi şəbəkəsinin genişləndirilməsinə diqqətin artırılmasının önəmini vurğulayıb.

“İstinad göstəricilərinə görə də Azərbaycan elminin nüfuzu artmışdır. Lakin bu sahəyə də diqqətin artırılması vacibdir. Xüsusən, humanitar və ictimai elmlər sahəsində istinad göstəricilərinin müəyyən edilməsi sahəsində sistemli iş aparılmasına ciddi ehtiyac vardır. Eyni zamanda mühüm elmi nəticə hesab etdiyimiz ciddi elmi əsərlərin xarici dillərdə və nüfuzlu dünya nəşriyyatlarında çap olunması elmimizin beynəlxalq nüfuzunu artıra bilər. Azərbaycan elmi ölkəmizin sosial iqtisadi inkişafı proseslərində daha çox və daha yaxından iştirak etməlidir. Qarabağa və Qərbi Azərbaycana Böyük Qayıdış hərəkatlarına elmimiz daha çox töhfələr verməyə səfərbər olmalıdır. Elmimiz dünya elminə daha çox inteqrasiya etməli, bəşəri problemlərin araşdırılıb tədqiq olunmasına daha fəal şəkildə qoşulmalıdır. Beynəlxalq qrantlar və patentlər sahəsində də dönüşə nail olmalıyıq. Biz Azərbaycan alimləri Nobel mükafatına gedən yolun dərslərini təhlil və müzakirə etməklə Azərbaycan elminin diqqətini dünya elminin prioritetlərinə doğru daha geniş şəkildə istiqamətləndirməyi planlaşdırırıq”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Akademik çıxışının sonunda qeyd edib ki, AMEA-nın Ümumi yığıncağı ilk növbədə Azərbaycan elminin aktual problemlərini müzakirə edərək nəticələr çıxaracaq, elm sahəsində yaxın və uzaq gələcəyin vəzifələrini müəyyən edəcəkdir.

Sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimovun “AMEA-nın 2022-ci ilə dair elmi fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Akademik bildirib ki, hesabat ili kimi qeyd etdiyimiz 2022-ci il UNESCO-nun Baş Konfransı tərəfindən “Fundamental Elmlər İli” elan edilmişdir. Akademik Arif Həşimov vurğulayıb ki, bu baxımdan AMEA-nın 2022-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında təqdim olunan hesabata “İnnovativ iqtisadiyyat və elmin təşkili sistemində islahatlar: klassik layihələrdən sistem layihələrinə keçid” kimi baxmaq məqsədəuyğun olardı: “Müasir dünyanın reallıqları şəraitində baş vermiş strateji problemlərin həlli sosial tədqiqatların rolunun əhəmiyyətli dərəcədə artırılmasını tələb edir”.

O qeyd edib ki, hər il olduğu kimi, 2022-ci il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı baxımından uğurlarla xarakterizə olunmuşdur. Akademik-katib diqqətə çatdırıb ki, AMEA ölkə başçısı tərəfindən imzalanmış Fərman, Sərəncam və digər tapşırıqları öz fəaliyyətində rəhbər tutur, onları daim diqqət mərkəzində saxlayır.

AMEA-nın əməkdaşları tərəfindən 2022-ci ildə “Şuşa İli” ilə əlaqədar 63 kitabın çap edildiyini, 45-dən artıq tədbirin keçirildiyini deyən A.Həşimov bunlardan 11-nin beynəlxalq, 30-nun respublika elmi konfransı olduğunu söyləyib.

“Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin, “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istifadəyə verilməsinin, AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) üzvlüyünə qəbul edilməsinin, akademik Şahin Mustafayevin Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Vaqif Fərzəliyevin isə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsinin, eləcə də “Elm” nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyasının üzvlüyünə qəbulunun hesabat dövrünün əlamətdar hadisələri olduğunu deyib.

Məruzəçi bildirib ki, 2022-ci ildə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə alınmış 45, Kimya Elmləri Bölməsi üzrə 45, Yer Elmləri Bölməsi üzrə 8, Biologiya və Tibb Elmləri Bölməsi üzrə 46, Humanitar Elmlər Bölməsi üzrə 29, İctimai Elmlər Bölməsi üzrə isə 41 mühüm elmi nəticə hesabata daxil edilib.

Akademik-katib, həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, Şəki və Lənkəran Regional Elmi Mərkəzlərinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin mühüm elmi nəticələrini, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətini və digər nəticələri diqqətə çatdırıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, tex.e.ü.f.d., dosent, Hüseyn Hüseynov “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr” və AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, r.ü.f.d., dosent Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri. Gələcəyə baxış” mövzusunda məruzəyə əlavələrlə çıxış ediblər.

Ümumi yığıncaqda çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev hazırda 150-dən artıq ali təhsil və elmi müəssisənin “Web of Science” və “Scopus” bazalarına giriş imkanlarının təmin edilməsi ilə bağlı bir sıra addımların atıldığını deyib. Nəticələrə görə maliyyələşdirmə prinsipinin elmə gətirilməsinin vacibliyini vurğulayan E.Əmrullayev ali təhsil müəssisələri ilə elmi müəssisələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev isə çıxışında 2020-ci ildən bu günə qədər elmi dərəcə və elmi adların verilməsi statistikasını, elmi jurnallar qarşısında qoyulan tələblər, elmi müəssisələrin akkreditasiyası prosesi, elm sahəsi və ixtisaslarının nomenklaturasının təkmilləşdirilməsi haqqında danışıb.

İclasda akademiklər Əhliman Əmiraslanov, Nailə Vəlixanlı, Asəf Hacıyev və AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə AMEA-nın 2022-ci ildəki elmi fəaliyyətinə dair çıxış edib, mövcud problemləri və təkliflərini səsləndiriblər.

Sonra AMEA-nın Nizamnaməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın yeni Nizamnaməsi Azərbaycanın elminin gələcək inkişafının təmin edilməsi məqsədilə bir çox yenilikləri özündə ehtiva edir və təkmilləşdirilmiş variant müasir dövrün reallıqlarına və dünya elminin çağırışlarına uyğunlaşdırılıb.

AMEA rəhbəri yeni Nizamnamədə müəssisələrin baş və icraçı direktoru vəzifəsinin bundan sonra direktor kimi əksini tapdığını, elmi bölmələrin yaradılması mexanizmi, Akademiyanın əhatə etdiyi müəssisələrə elmi-metodiki köməklik göstərilməsi, tarix, mədəniyyət abidələrinin qorunması və s. maddələrin yer aldığını söyləyib.

AMEA-nın yeni Nizamnaməsi səsverməyə qoyularaq qəbul edilib və təsdiq edilməsi üçün ölkə Prezidentinə təqdim olunması qərara alınıb.

Həmçinin Ümumi yığıncaqda AMEA Nizamnamə Komissiyasının sədri və yeni tərkibi də seçilib. AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov Nizamnamə Komissiyasının sədri, akademiklər Telman Əliyev, İsmayıl Hacıyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, h.e.d. Habil Qurbanov, b.e.d. Ulduz Haşımova, h.e.d. Nazim Cəfərli, tex.ü.f.d. Hüseyn Hüseynov, Kamal Əliyev və f.ü.f.d. Ağahüseyn Şükürov üzvü seçiliblər.

Çıxışlardan sonra akademik İradə Hüseynova AMEA-nın Ümumi yığıncağının qərar layihəsini səsləndirib.