Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şöhrət” ordenli, görkəmli kimyaçı, akademik Əjdər Məcidovun anadan olmasının 85 illiyi qeyd olunub
Мар 07, 2023 | 10:00 / Юбилеи
Прочитано 1616 раз (-а)

AR Elm və Təhsil Nazirliyinin  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda   görkəmli kimyaçı alim, “Şöhrət”, akademik Əjdər Məcidovun anadan olmasının 85 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir.

Tədbiri  giriş sözü ilə açan Institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, akademik Əjdər Məcidovun keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, yeni koordinasyon birləşmələrin alınması, onların molekulyar və kristallik qurluşlarının öyrənilməsi sahəsində tanınmış alim Əjdər Məcidov  6 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 1960-ci ildə ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirən alim 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq işini müdafiə edib. 1985-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib. Alim tərəfindən ilk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristallik kompleks birləşmələri sintez edilərək onların kristallik və molekulyar quruluşları öyrənilib. Onun rəhbərliyi ilə aparılmış metalların xelatlaşdırıcı stabil radikallarla komplekslərinin sintezi, quruluşu və xassələrinin tədqiqi sahəsindəki tədqiqatlar koordinasion birləşmələr kimyasının və homogen katalizin yeni istiqamətinin yaranması üçün təməl olub. Son illərdə Ə.Məcidovun rəhbərliyi ilə yeni koordinasyon birləşmələrin alınması istiqamətində elmi işlər aparılıb, alınmış birləşmələrin rentgen quruluşu və reaksiyayagirmə qabiliyyəti öyrənilib, nitratların reduksiya edilməsi ilə metalların, oksid və karbonatların nanoölçülü tozlarının alınmasının reaksiyalarının yeni hidrotermal metodu işlənib hazırlanıb. O, 300 elmi əsərin, 20-dən çox müəlliflik  şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 20 fəlsəfə doktoru yetişdirilib. Uzun müddətli elmi fəaliyyəti və elmdə əldə etdiyini naillyyətləri dövlət tərəfindən qiymətləndirilmiş və akademik “Şöhrət” ordeni, “Əməkdə fədakarlığa görə” medalı, AMEA-nın Fəxri  Fərmanlarına layiq görülmüşdür.

Sonra akademik Dilqəm Tağıyev uzunmüddətli səmərəli elmi fəaliyyətinə görə Kimya Elmləri Bölməsi tərəfindən verilmiş  Fəxri Fərmanı yubliyara təqdim etdi.

Tədbirdə çıxış edən institut əməkdaşları və alimin tələbələri  akademik Ə.Məcidov haqqında ürək sözlərini bildirib, ona elmi yaradıcılığında uğurlar arzulayıblar.

Sonda akademik Ə.Məcidov ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.