Новости
Фото
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri beynəlxalq konqresdə ölkəmizi təmsil edir
Дек 03, 2022 | 15:00 / Конференции, собрания
Прочитано 1302 раз (-а)

1-3 dekabr 2022-cil tarixlərində Rusiyanın Krasnodar diyarının Sirius qəsəbəsində Gənc Alimlərin Konqresi keçirilir.

Beynəlxalq konqresdə Azərbaycanı AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev təmsil edir.

Konqresin ilk günü tədbirin açılış mərasimi və Rusiya prezidenti Vladimir Putinin gənc alimlərlə görüşü ilə yadda qalıb.

Dekabrın 2-də, konqresin növbəti günündə baş tutan “Dünya elmi və texnoloji inkişaf üçün prioritetlər: 2030-cu ilə baxış” sessiyasında Elmir Babayev plenar məruzə ilə çıxış edib. O, məruzəsində yaradılan fürsət və  çıxış üçün təqdim olunan platformaya görə təşkilatçılara minnətdarlığını bildirib. Müzakirəyə çıxarılan mövzunun dünyəvi prioritetlərdən biri olduğunu vurğulayan Elmir Babyev region gənclərinin də bu məsələyə töhfələrinin vacibliyini qeyd edib. O, Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının (MAAN) üzvü olan ölkələrin gənc alimlərinin cari ildə sıx əməkdaşlıq üçün çox vacib görüşlərdə bir araya gəldiyini və hazırda baş tutan konqresin də növbəti vacib əhəmiyyətli görüş olduğunu diqqətə çatdırıb.

“Əsas müzakirə subyektinə gəlincə, qeyd etməliyəm ki, ölkəmizdə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilib. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcəkdir. İdeologiyanın mərkəzində yaradıcı sahibkar, məhsuldar yatırımlar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur. Bu inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaqdır. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaqdır”, - deyə Elmir Babayev vurğulayıb.

Sonra “təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə strateji çərçivəyə” diqqət çəkərək ətraf mühitə dost sənayeləşməni təşviq etmək üçün prioritet istiqmətləri qeyd edib. Ölkəmizin 2030-cu ilə baxış mövqeyindən çıxış edən gənc alim davamlı və dayanıqlı enerji, həmçinin qida təminatı üçün region gənclərinin birgə layihələrdə təmsil olunmasını təklif edib və bu istiqamətdə mövcud Azərbaycan-Belarus, Azərbaycan-Özbəkistan qrant modellərini nümunə götürərək digər müştərək qrantların təsis edilməsinin vacibliyini bildirib.

Daha sonra dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivəyə fokuslanaraq qadınların elmi-texniki yeniliklərə çıxışını yaxşılaşdırmaq üçün yalnızca qadınların iştirakı ilə layihə və müsabiqələrin həyata keçirilməsini təklif kimi səsləndirib.

Sessiyanın yekununda səslənən təkliflər ətrafında müzakirələr aparılıb və mühüm tezislər formalaşdırılıb.