Новости
“Horizon Avropa” Proqramı çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir
Сен 13, 2022 | 13:12 / Важные события
Прочитано 883 раз (-а)

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsi tərəfindən maarifləndirmə fəaliyyəti davam etdirilir, Azərbaycanın müxtəlif təşkilatlarından olan alim və mütəxəssislərin sualları cavablandırılır, mütəmadi  olaraq yeni proqram və çağırışlar haqqında məlumatlar verilir.

Bu istiqamətdə gənc alim və mütəxəssislərin məlumatlandırılması və proqrama cəlb edilməsinə xüsusi diqqət ayrılır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində keçirilən “Gənclərin İnnovasiya Düşərgəsi” və Qusar Olimpiya İdman Kompleksində təşkil edilən “Gənc Mühəndislərin Yay Düşərgəsi”ndə də bu proqrama yer verilib. “Horizon Avropa” Proqramının Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə milli əlaqələndiricisi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynurə Həsənova düşərgə iştirakçılarına proqram üzrə məlumatlandırma günü keçirib. 2021-2027-ci illər üzrə proqramın sağlamlıq, mədəniyyət, kreativlik, inklüziv cəmiyyət, rəqəmsal, sənaye, kosmos, iqlim, enerji, mobillik, qida, bioiqtisadiyyat, milli resurslar, kənd təsərrüfatı, ətraf mühit və s. kimi sahələri əhatə etdiyi və gənclər üçün geniş imkanlar açdığı diqqətə çatdırılıb.

MƏŞ Şəbəkəsi və onun fəaliyyəti, layihələrin hazırlanmasına tələblər, maliyyə imkanları, çağırışlara qoşulmaq üçün təşkilatların qeydiyyatı və s. barədə məlumat verilib, gənc alim və mütəxəssislərin sualları cavablandırılıb.