Дек 16, 2016 | 12:00 / Важные события
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda - Kimya texnologiyasının proses və aparatları, texnoloji və istehsal proseslərinin avtomatlaşdırılması ixtisasında “Mikro-EHM əsasında avtomatlaşdırılmış sistemlərlə kimya proseslərinin modelləşdirilməsi, intensivləşdirilməsi və optimal layihələşdirilməsi” elmi istiqamətində mühüm xidmətləri olan alim, kimya elmləri doktoru, professor, baş elmi işçi Eldar Məmmədov 73 yaşında vəfat edib.
Eldar Məmmədov 1943-cü il fevralın 21-də Xızı rayonunda anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.
Alimin rəhbərliyi altında kimya-texnoloji proseslərini nəzarət və idarə etmək üçün modul kompleksli rəqəmli cihazlar hazırlanmış, onların əsasında PC-kompüterlə birləşdirilmiş və avtomatlaşdırılmış sənaye, pilot və laborator qurğular işlənib hazırlanmışdır. Bu qurğularda bir sıra heterogen-katalitik və əlaqəli proseslər tədqiq olunmuş, bu proseslərin riyazi modeli, optimal idarəedilməsi və layihələşdirilməsi məsələləri həll edilmiş, propilenin asetona, metanın metanola və s. oksidləşməsi proseslərinin texnoloji rejimləri optimallaşdırılmış, aktiv katalizatorların seçilməsi üçün avtomatlaşdırılmış eksperimentlərin optimallaşdırılması üçün metodlar və üsullar işlənib hazırlanmışdır. Resirkulyasiya üsulu ilə istilik elektrik stansiyalarında yanma proseslərində çıxan qazların tərkibində olan azot oksidlərinin azaldılması metodikası işlənib hazırlanmış, neft emalı proseslərində alınan məhsulların sərfinə və nəmlik miqdarına nəzarət edən üsul və dispetçer sistemi təklif olunmuşdur. İzobutanın dehidrogenləşdirmə prosesinin riyazi modeli və texnoloji parametrlərin fasiləsiz nəsarət metodikası işlənib hazırlanmış, alınan nəticələrin əsasında zavod şəraitində optimal idarəetmə sistemləri yaradılmış və tətbiq olunmuşdur.
Modifikasiya olunmuş təbii mordenit üzərində metanolun qarışqa turşusuna oksidləşmə prosesinin riyazi modeli işlənib hazırlanmışdır. Kimya-texnoloji pilot qurğusunda prosesin texnoloji parametrlərinin qarışqa turşusunun maksimal çıxımını təmin edən optimal qiymətləri tapılmışdır. Nəzəri optimallaşdırılma aparılmış, reaktorun optimal tipi seçilmiş və konstruktiv ölçüləri hesablanmışdır. Qarışqa turşusunun sənaye istehsalı üçün prinsipial texnoloji sxem işlənib hazırlanmış və təklif olunmuşdur.
Qaz fazada propilenin katalizatorun qaynar layinda polimerləşməsi prosesinin kinetik tənliyi qurulmuşdur.
Eldar Məmmədov 217 elmi əsərin, 15 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlanmışdır.
2013-cü ildə alim AMEA-nın Rəyasət Heyətinin “Fəxri fərmanı” ilə təltif olunmuşdur.
Eldar Məmmədovun əziz xatirəsi institut əməkdaşlarının və onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!