Новости
AMEA-da ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Мая 08, 2021 | 15:00 / Конференции, собрания
Прочитано 2137 раз (-а)

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə dahi lider Heydər Əliyevin 98-ci doğum günü münasibətilə onlayn tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ulu öndərin keçdiyi həyat yolunu, indiki və gələcək nəsillərə qoyub getdiyi mənəvi-siyasi irsi böyük sərvət, əvəzsiz nümunə kimi təqdim edib. Bildirib ki, Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərib.

Akademik ulu öndəri Azərbaycanın müstəqillik konsepsiyasının banisi, demokratik dövlət quruculuğunun memarı, cəmiyyəti milli ideya ətrafında birləşdirən lider kimi qiymətləndirib. O qeyd edib ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirir. Əldə olunan uğurlar sübut edir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir.

Daha sonra çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva xatirələrdə yaşayan böyük liderin obrazını canlandırıb. O, ulu öndəri Azərbaycanı ciddi sınaqlardan çıxaran siyasi düha, kadr siyasəti ilə yeni bir dövr başladan dövlət adamı kimi təqdim edib.

AMEA-nın Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, dosent Rəvan Mehdiyeva ulu öndərin dövlət elm siyasətindən söz açıb. Bildirib ki, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub. Böyük liderin həssas münasibətilə formalaşan intellektual atmosferdə mövcud elmi potensialın qorunması, inkişaf etdirilməsi yolunda mühüm addımlar atılıb. Bura neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, kimya, neft-kimyası sahələrinin inkişafı üçün xammal bazasının, kimya texnologiya kompleksinin yaradılması, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətli tədqiqatların aparılması aiddir. Ümummilli liderin elm siyasəti həm sovet, həm də müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi inkişafının əsas dayaqlarından biri olub.

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi Günel Əzimova dahi liderin dövlət gənclər siyasətindən danışıb. Onun sözlərinə görə, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin əhəmiyyətli rolu var. Dahi şəxsiyyət gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını vacib məsələlərdən biri elan etmişdi. Bu gün Azərbaycan gəncləri qarşısında duran ən mühüm vəzifələrdən biri dahi liderin ənənələrini yaşatmaqla, onun açdığı yolda irəliləməkdir.

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə müstəqil Azərbaycanın inkişafında əsasını böyük liderin qoyduğu dövlət qadın siyasətinin əhəmiyyətindən söz açıb. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq, onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul edib, qanunvericilikdə qadın hüquqları mövzusunu təkmilləşdirib. Bu kimi tədbirlər dövlət müstəqilliyinin qurulmasında qadınların rolunun artmasına səbəb olub. Bu gün ulu öndərin dövlət qadın siyasəti onun siyasi varisi, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasəti və iqtisadiyyatını dərindən bilən Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbir ulu öndərin çağırışları ətrafında mobilləşmək arzusu ilə başa çatıb.