Новости
ФотоВидео
Dünya şöhrətli alim, əməkdar elm xadimi akademik Həbib Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir.
Сен 10, 2020 | 19:00 / Конференции, собрания
Прочитано 3576 раз (-а)

10.09.2020 –ci il tarixində  AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda   dünya şöhrətli alim, əməkdar elm xadimi akademik Həbib Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir.

Tədbiri  giriş sözü ilə AMEA-nın vitse prezidenti, Institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, dünya şöhrətli alim, əməkdar elm xadimi akademik Həbib Şahtaxtinskinin anadan olmasının 120 illik  yubileyi ilə bağlı Elmi Şuranın yubiley iclasının  keçirilməsi haqqında AMEA Rəyasət Heyəti qərarı vardır və yubiley iclası daha geniş miqyasda  Respublika səviyyəsində keçirilməli idi. Lakin mövcud karantin rejimi qaydaları buna imkan vermədiyindən biz yubiley iclasını karantin tələblərinə uyğun məhdud sayda alimlərlə keçirməyi qərara aldıq.

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, görkəmli kimyaçı alim  Həbib Şahtaxtinskinin el­mi fəaliyyəti­nin əsas istiqaməti Azərbaycanın mineral xammalının öyrənilməsi və kompleks işlənməsi idi. H.Şahtaxtinskinin Azərbaycanın mineral sərvətlərinin emalına aid tədqiqatları əsas mineral xammalların – alunitin, Filizçay polimetal filizinin, Daşkəsən dəmir filizinin, titanlı dəniz qumunun, baritlərın, daş duzun, dolomitlərin emal problemlərini, nadir, səpələnmiş, qara və əlvan metalların kimyası və texnologiyası kimi çox böyük sahələri əhatə etmişdir. Akademik Həbib Şahtaxtinskinin məşğul olduğu mühüm problemlərdən biri də, əlvan metallurgiya sənayesində alınan və tullantı qazlarının tərkibinə daxil olan kükürd qazlarından elementar kükürdün alınmasıdır. Dünya praktikasında ilk dəfə olaraq, müxtəlif katalizatorlardan istifadə etməklə kükürd 4-oksidin aşağı temperaturda konversiya qazı ilə reduksiyasının elmi əsasları işlənilib hazırlanmışdır. Keçmiş SSRİ əlvan metallurgiya sənayesi nazirliyi tərəfindən bu metod yüksək qiymətləndirilmiş və qərara alınmışdır ki, bu metod Norilsk metallurgiya kombinatında mis zavodunda tətbiq olunsun. H.B.Şahtaxtinskinin elmi işlərinin nəticələri 7 monoqrafiya və dərsliklərdə, 400 elmi məqalədə, müəllif şəhadətnamələrində və elmi hesabatlarda ümumiləşdirilmişdir. O, 40-dan çox elmlər namizədi və doktoru, minlərlə mühəndis-texnoloq, kimyaçı, müəllim və elmi işçilər hazırlamışdır

Həbib Şahtaxtinski “Əmək­dar Elm Xa­dimi” adına layiq gö­rü­l­üb və "Oktyabr İnqilabı" ordeni, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyinə görə” medalı, Azərbaycan SSR Ali Sove­tinin “Fəxri Fər­manı” ilə təltif olunub.

   Akademik Həbib Şahtaxtinski 1940-cı ildə  kimya üzrə fəlsəfə doktoru, 1949-cü ildə  kimya üzrə elmlər dok­toru elmi dərəcəsi, 1950-ci ildə professor elmi adı alıb. 1967-ci ildə  Azərbaycan SSR EA-nın həqiqi üz­vü seçilib. 1937-1959-cu  illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda analitik kimya kafedrasının müdiri işləmişdir.1959-cu ildə Həbib Şahtaxtinskinin təşəbbüsü ilə Azərbaycan EA-nın Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu) Azərbaycanda elmi istiqamətinə görə yeganə olan “Mineral maddələrin texnologiyası” laboratoriyası yaradılır və o, ömrünün sonuna qədər bu laboratoriyaya rəhbərlik edir.

Sonra kimya üzrə elmlər doktoru, görkəmli alimin yaratdığı şöbənin yetişdırməsi professor Arif Heydərov onun keçdiyi həyat yolu haqqında geniş məruzəilə çıxış etdi.

Daha sonra  professor Arif Əfəndi, professor İxtiyar Bəxtiyarlı, k.ü.f.d.Vaqif Qasımov və başqaları akademik Həbib Şahtaxtinski haqqında  xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Qeyd etmək lazımdır ki, yubiley iclası mövcud karantin rejimi qaydalarına əməl olunaraq keçirilib.