Новости
Azərbaycanlı alimlər Səmərqənd onlayn forumunda iştirak edirlər
Авг 13, 2020 | 10:38 / Конференции, собрания
Прочитано 2366 раз (-а)

Avqustun 12-də “Gənclər 2020: Qlobal həmrəylik, davamlı inkişaf və insan hüquqları” mövzusunda Səmərqənd onlayn forumu öz işinə başlayıb. Tədbir BMT-nin 75-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində Özbəkistan hökuməti və bu respublikanın İnsan Hüquqları üzrə Milli Mərkəzi tərəfindən təşkil olunub.

Forum Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, BMT-nin Baş katibi Antoniu Quterreşin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başeletin, Parlamentlərarası Birliyin Katibi Martin Çunqonqun, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun rəhbəri İnqibyorq Solyrun Gisladottirin, hökümət nümayəndlərinin, beynəlxalq və regional qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin, milli insan hüquqları institutlarının, gənclər təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə baş tutub.

Konfransda ölkəmizi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə və müəssisənin Beynəlxalq hüquq şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov təmsil edirlər.

Tədbirin “Davamlı İnkişaf Məqsədləri və gənclərin hüququ” mövzusunda bölmə iclasında əsas problemlərin müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

İclasda çıxış edən professor Aytən Mustafazadə diqqətə çatdırıb ki, bu gün Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin vacib tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəallığı ilə fərqlənir, ictimai, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin qabaqcıl qüvvəsinə çevrilib. Gənclərin potensialının, bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi, həmçinin onların cəmiyyətdə layiqli yer tutmalarını təmin edən mühitin yaradılması üçün dövlət tərəfindən müəyyən edilən gənclər siyasəti çərçivəsində tədbirlər həyata keçirilir. O çıxışında qeyd edib ki, , Ermənistan işğal altında olan ərazilərimizin sülh yolu ilə qaytarılması istiqamətində atılan addımlara müsbət cavab vermir. Aytən Mustafazadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin apardığı gənclər siyasətində işğal altındakı ərazilərimizdən olan gənclərə xüsusi diqqət ayrılır.

“Ziyalıların nümayəndəsi olaraq qeyd etmək istərdim ki, bəşəriyyətin inkişafındakı elmin rolu inkar edilə bilməz, insan fəaliyyətinin bütün sahələrinə təsir göstərən elm yeni biliklərin doğulmasını, təhsilin inkişafını, həyat keyfiyyətinin yaxşılaşdırılmasını və texnoloji tərəqqini təmin edir. Azərbaycanda elmin inkişafında gənclərin rolu əvəzedilməzdir. Gənclər bütün digər sahələrdə olduğu kimi, elmi sahədə də uğurlar qazanmağa, ölkənin inkişafına töhfə verməyə, onu dünya səhnəsində ləyaqətlə təmsil etməyə çalışırlar. Gənclər siyasətində əsas məqsəd gənclərin müxtəlif sahələrdə biliklərini genişləndirmək, təkmilləşdirmək, onların təcrübə qazanması və digər imkanlar əldə etməsi üçün şərait yaratmaqdır”, - deyə professor Aytən Mustafazadə bildirib.

Qeyd edək ki, Səmərqənd onlayn forumu öz işini bu gün də davam etdirəcək. Konfransda beynəlxalq və regional təşkilatların, milli insan hüquqları təsisatlarının, beynəlxalq və milli QHT-lərin, gənclər təşkilatlarının 1000-ə yaxın nümayəndəsi iştirak edəcək, 50-dən çox mütəxəssisin çıxışı dinləniləcək.