Новости
“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans işini davam etdirir
Авг 05, 2020 | 14:00 / Конференции, собрания
Прочитано 108 раз (-а)

4 avqust 2020-ci il tarixində açıq elan edilən AMEA-da “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans öz işini bu gün də davam etdirir.

Konfransın ikinci günündə plenar iclası giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova tədbir iştirakçılarını AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb. O, tədbirin ilk günündə plenar və seksiya iclaslarında COVID-19-un müxtəlif problemlərinə həsr olunmuş çoxlu sayda fundamental məruzələrin təqdim olunduğunu diqqətə çatdırıb.

Daha sonra konfransın moderatoru, AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova çıxış edərək tədbirin ikinci günündə də dolğun və məzmunlu məruzələrin təqdim olunacağını vurğulayıb.

Konfrans işini “COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr”, “Məsafədən spektrofotometrik müşahidələr əsasında Bakı şəhəri havasında mikroorqanizmlərin yayılması arealının operativ təyini”, “COVID-19 pnevmoniyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya müayinələrinin imkanlarının öyrənilməsi”, “COVID-19 ilə bağlı miokarditlər”, “COVID-19 xəstəliyindən sonra yaranan psixoloji pozuntuların reabilitasiyası”, “SARS-CoV-2 virusunun genom verilənlərinin analizi üçün yeni bioinformatik proqramın və veb-səhifənin yaradılması”, “SARS-CoV-2 və digər koronavirusların membran zülallarının bioinformatik müqayisəsi” və digər mövzularda məruzələrlə davam etdirir.