Новости
Suyun buza çevrilməsi üçün ən azı 90 su molekulu lazımdır.
Фев 03, 2020 | 10:25 / Интересная информация
Прочитано 2930 раз (-а)

Beynəlxalq elmi tədqiqat qrupu suyun maye haldan kristal hala keçməsi prosesini kompyuter modelləşdirilməsi və təcrübələr vasitəsilə tədqiq edərkən maraqlı qanunauyğunluğun şahidi olublar. Məsələ burasındadır ki, suyun buza çevrilməsi üçün ən azı 90 su molekulu tələb olunur.

 Məlumat üçün qeyd edək ki, Kristalloqrafiyada buzun iyirmidən çox modifikasiyası ayırd edilir. Lakin, təbiətdə mövcud olan buzların demək olar ki, hamısı bu modifikasiyalardan yalnız birinə (Ih) aiddir. Bu növ buzlar heksaqonal kristallik quruluşa malikdir. Burada hər bir su molekulu 4 digər molekulla əhatə olunmuşdur və birlikdə onlar düzgün tetraedr əmələ gətirirlər. Molekullar arasındakı məsafə isə 2,76 anqstrem təşkil edir. Buzun Ic adlandırılan digər modifikasiyasına isə atmosferin yuxarı qatlarında rast gəlinir. Onun kristalları kubik quruluşa malikdir. Belə buz -133°C-dən -123°C temperatura qədər aralıqda əmələ gəlir və öz quruluşunu -73°C-yə qədər saxlayır. Bundan yuxarı temperaturda isə birinci növ - heksaqonal formaya keçir. Buzun digər formalarının yaranması üçün isə xüsusi şərait, əsasən yüksək təzyiq tələb olunur.

 Tədqiqatın məqsədi çox az miqdarda suyun buza çevrilməsi zamanı molekulların özlərini necə apardığını müşahidə etmək olub. Bu məqsədlə tədqiqat zamanı su və arqon qarışığı diametri 60 mkm olan dəlikdən keçirilib. Alınmış su nanodamcıları üç zonadan keçirilib ki, hər bir zonada temperatur tədricən azalaraq son nəticədə 150 Kelvinə (-123°C) çatdırılıb. Xüsusi hazırlanmış kompyuter modelləşdirməsi vasitəsilə nanodamcıların xassələri proqnozlaşdırlıb. Modelin reallığa nə dərəcədə uyğun olması isə infraqırmızı spektroskopiyanın köməyi ilə yoxlanıb. Sonda belə nəticəyə gəlinib ki, əgər su molekullarının sayı 90-dan azdırsa, onda buz əmələ gələ bilməz. Çünki bu zaman molekullararası cazibə qüvvələri molekulları bir yerdə saxlaya bilmir. Bu sayda molekuldan əmələ gələn damcılar isə cəmi 2 nm ölçüdə olur, yəni adi qar dənəsi ondan milyon dəfə böyükdür.

Qeyd edək ki, tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.