Новости
Dövri sistemin sonu varmı?
Июл 09, 2019 | 12:11 / Интересная информация
Прочитано 3350 раз (-а)

Tarixən, bütün dövrlərdə kimyaçılar təbiətdə mövcud olan elementləri vahid bir cədvəldə qanunauyğun şəkildə yerləşdirmək arzusunda olublar. İlk dəfə D.İ.Mendeleyev buna nail olanda (1869), kimyaçılar cəmi 63 element tanıyırdılar. Və elə həmin Dövri sistem cədvəlində də bu 63 element yerləşdirilmişdi. Sonradan yeni elementlər kəşf olunduqca cədvəlin ölçüsü böyüdü. Sıra nömrəsi 92 olan elementə (Uran) çatanda isə hamı düşündü ki, artıq bu sondur. Belə ki, təbiətdə bundan daha yuxarı atom nömrəli element mövcud deyil. Lakin sonralar elə həmin uran və digər radioaktiv elementlərlə aparılan təcrübələr nəticəsində süni yolla yeni elementlər əldə olunmağa başlandı və cədvələ əlavə olundu. Hazırda Dövri sistem cədvəlində 118 element mövcuddur. Və artıq alimləri belə bir sual düşündürür: Dövri sistemdə elementlərin sonu haradadır? Sonuncu elementin atom nömrəsi neçə olacaq? Doğurdan da, elementlərin sayı sonsuzdurmu ? - Bu suala cavab verməmişdən əvvəl orta məktəb kimya kimya kursunu yadımıza salaq. Bildiyimiz kimi, dövri sistem cədvəlində sonuncu qrupda təsirsiz qazlar yerləşir. Onlar heç bir elementlə birləşə bilmədikləri üçün bu cür adlandırılırlar. Çünki onların xarici elektron təbəqəsi tamamlanıb. Boş orbital olmadığından onlar rabitə əmələ gətirə bilmirlər. Bütün qalan elmentlər də rabitə əmələ gətirmək üçün bu prinsipdən istifadə edirlər. Bəziləri elektronu alır, bəziləri isə elektronlarını verir və nəticədə stabil quruluşlar yaranır (təsirsiz qazlardakı kimi). Yəni onlar sonuncu elektron təbəqələrində 8 elektron olmasına can atırlar. Oxşar prinsipdən çıxış edərək, alimlər belə bir qənaətə gəliblər ki, kimyəvi elementlərin nüvələri arasında belə demək mümkünsə, "ideal quruluşlar"  mövcuddur. Bu elementlərin atomlarının nüvəsində 2, 8, 20, 50, 82 və ya 126 neytron və ya proton olur. Belə nüvələri "qapanmış neytron və ya proton təbəqəsinə malik" nüvələr adlandırırlar. Belə elementlər öz qonşularına nisbətən daha davamlı olurlar.

Yuxarıda deyilənləri nəzərə alsaq, onda belə qənaətə gəlirik ki, hələ bundan sonra atom nömrəsi 126 - ya qədər ola elementlərin alınması mümkündür. Darmştadtda yerləşən "Ağır ionların tədqiqat mərkəzi"nin professoru Ziqurd Hoffmanın fikrincə Mendeleyevin dövri sistemində sonuncu element elə 126 - cı olacaq. O, bunu belə izah edir ki, bu nömrədən yuxarıda yerləşən atomlar öz ağırlıqları altında dağılacaqlar və mövcud ola bilməyəcəklər. Bu prosesə atom kollapsı (collapse - dağılma, məhv olma) deyilir. Lakin bu fikri təkzib edən digər alimlər də var. Onlar belə düşünür ki, qeyd olunan problemi çox yüksək təzyiqin köməyi ilə aradan qaldırmaq olar. Belə olan halda atom nömrəsi 126 - dan yüksək olan elementlərin də sintezi mümkün olacaq.

Sonda ümumiləşdirərək onu deyə bilərik ki, hələ ki, Dövri sistem cədvəlinin tamamlanması və orada yerləşəcək sonuncu elementin sıra nömrəsinin neçə olacağı məsələsi kimya elminin ən əsas problemlərindən hesab olunur. Bu səbəbdən bu suala konkret cavab yoxdur. Lakin elmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq çox yaxın gələcəkdə bu suala da cavab tapılacağını əminliklə söyləmək olar.