Xəbərlər
FotoVideo
AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı Əli Nuriyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir
Dek 28, 2018 | 13:47 / Yubileylər
Oxunub 683 dəfə

28.12.2018 –ci il tarixində  saat 10-da AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı Əli Nuriyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, Əli Nuriyev qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlərin kimyası sahəsində tanınmış mütəxəssisdir.

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, professor Əli Nu­riyevin əsas elmi isti­qaməti neft–su–süxur üçlü heterogen sistem­lərində mikroelementlərin pay­lanmasının qanu­na­uyğunluqlarının aşkar edil­məsi və onların mineral neft-lay və dəniz su­larından sorbsiyası mexanizminin öyrənil­mə­sin­dən ibarətdir. O, ilk dəfə olaraq Azərbaycanın demək olar ki, bütün neft mənbələrində neft-lay suları­–süxur sis­te­mində nadir və radioaktiv elementlərin paylan­masını öyrənmiş, onların miqrasiya, səpələnmə və toplanmasının qanu­nauy­ğunluqlarını müəy­yən etmişdir. O, sübut etmişdir ki, neft-lay suları–süxur sistemi mik­ro­elementlər üçün xa­rakterik olan kinetik əlaqəni və miqdari  nisbəti pozaraq onların yenidən paylanmasına şərait ya­radan spesifik mühitdir.Professor Əli Nuriyev ilk dəfə olaraq müx­təlif süxurların mine­ral­laşma dərəcəsinin, kim­yəvi tipinin və ion tər­kibinin formalaşma şəra­itinin mikroele­ment­lərin miqrasiyasını fəal­laş­dı­ran əsas faktorlar olduğunu müəyyən et­mişdir. Ə.Nuriyevin rəhbərliyi ilə Darı­dağ (Nax­çıvan MR) termal mineral suyundan xalq təsər­rüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyası işlənib hazırlanmış və Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edilmişdir. Bu tədqiqata görə Əli Nuriyev Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Ə.Nuriyevin rəhbərliyi ilə Neftçala yod-brom zavodunun tullantı suyundan elektrolizlə yeyinti sənayesi üçün yararlı olan xörək du­zu­nun alınması texnologiyası işlənib hazır­lan­mış­dır. Tədqiqat işi Respublika Milli Patentinə la­yiq görülmüşdür və hazırda İran İslam Res­pub­likasında Urmiya gölündən xörək duzunun is­tehsal olunmasında tətbiq olunur.

Akademik qeyd etdi ki, professor Ə.Nuriyevin apardığı tədqi­qatların nəticələri 3 monoqrafiyada, 306 elmi əsərdə, o cümlədən 16 müəlliflik şəhadət­na­məsində və 3 patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 14 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə edərək Əli Nuriyev məktəbi kimi tanınan elmi istiqaməti müvəf­fəqiyyətlə inkişaf etdirir. O, hazırda bir neçə doktorluq işinə rəhbərlik edir. Bundan əlavə o, Respublikanın müxtəlif elm və təhsil müəs­sisələrində 60-a yaxın fəlsəfə və elmlər dok­torluğu işlərinə opponentlik etmişdir. O, təkcə Respublikada deyil, həmçinin Rusiya, İran, Türkiyə və bir çox ölkələrin alimləri ilə geniş elmi əlaqələr yaratmışdır.

Akademik Dilqəm Tağıyev bildirdi ki, professor Əli Nuriyev bu gün də yorulmaz əzmkarlıqla, elmi tədqiqatlarını davam etdirir. Öz istedadı və insani keyfiyyətləri ilə bütün gənc tədqiqatçılara örnək olan, ömrünün müdrik dövrünü yaşayan Əli müəllimə bundan sonra da uzun ömür, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Sonra AMEA Kimya Elmləri Bölməsinin akademik katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev yubliyar haqqında xoş sözlərini bildirərək qeyd etdi ki, professor Əli Nuriyev həm yaxşı alim, həm də səmimi dost və prinspial bir insandır. Akademik AMEA KEB –nin  fəxri fərmanını yubilyara təqdim etdi.

Daha sonra AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ələddin Abbasov professor Əli Nuriyevin həyatı və elmi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi.

Sonra AMEA Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, AMEA Neft–Kimya Prosesləri İnstitutunun direktor müavini, professor Hikmət İbrahimov, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev, akademik Ağadadaş Əliyev, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professorları Arif Əfəndi və İxtiyar Bəxtiyarlı, İnstitutun Qadınlar Şurasının sədri k.ü.f.d.Esmira Quluzadə, k.ü.e.d. Elza Salahova və başqaları yubilyar haqqında ürək sözlərini deyərək onu təbrik etdilər.

Sonda Professor Əli Nuriyev iclas iştirakçılarına və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi.

JURNALLAR
Faydalı linklər