Новости
AMEA-nın müxbir üzvü Əli Nuriyevin 90 yaşı tamam olur
Дек 28, 2018 | 10:21 / Юбилеи
Прочитано 333 раз (-а)

Dekabrın 29-da qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində tanınmış mütəxəssisi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 90 yaşı tamam olur.

Əli Nəcəfqulu oğlu Nuriyev 29 dekabr 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1944-cü ildə Nehrəm kənd orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Tibb Texnikumuna daxil olub və təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra Naxçıvan şəhər xəstəxanasında feldşer işləyib.

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub və III kursdan Qorki (indiki Nijni Novqorod) şəhərində yerləşən Dövlət Universitetinin Kimya fakültəsinə göndərilib. 1953-cü ildə oranı "Analitik kimya" ixtisası üzrə müvəffəqiyyətlə bitirib və Sumqayıt Kauçuk Zavodunun Texniki-nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Lakin elmə olan həvəsi Ə.Nuriyevi 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Geokimya və radiokimya laboratoriyasına gətirib, burada kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1971-ci ildən indiyə kimi o, institutun Sorbsiya prosesləri şöbəsinə, həmçinin Qeyri-üzvi və sintetik sorbentlər laboratoriyasına rəhbərlik edir.

1962-ci ildə Ə.Nuriyev "Neft yataqları, lay sularında radioaktiv elementlərin paylanması" mövzusunda namizədlik, 1972-ci ildə isə "Azərbaycan neft yataqlarının lay sularında, neftlərdə və çökmə süxurlarında nadir və səpələnmiş elementlərin paylanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

1980–1985-ci illərdə professor Ə.Nuriyev işlədiyi institutun direktor müavini olmaqla yanaşı, Naxçıvan Elmi Mərkəzinə də rəhbərlik edib. Həmin Mərkəzin elmi istiqamətinin müəyyənləşdirilməsində və kadr hazırlığında böyük səy göstərib.

Professorun əsas elmi istiqaməti neft–su–süxur üçlü heterogen sistemlərində mikroelementlərin paylanmasının qanunauyğunluqlarının aşkar edilməsi və onların mineral neft-lay və dəniz sularından sorbsiyası mexanizminin öyrənilməsindən ibarətdir. O, ilk dəfə olaraq Azərbaycanın demək olar ki, bütün neft mənbələrində neft-lay suları-süxur sistemində nadir və radioaktiv elementlərin paylanmasını öyrənib, onların miqrasiya, səpələnmə və toplanmasının qanunauyğunluqlarını müəyyənləşdirib. Alim sübut edib ki, neft-lay suları–süxur sistemi mikroelementlər üçün xarakterik olan kinetik əlaqəni və miqdarı nisbəti pozaraq onların yenidən paylanmasına şərait yaradan spesifik mühitdir.

Ə.Nuriyev, həmçinin ilk dəfə olaraq müxtəlif süxurların minerallaşma dərəcəsinin, kimyəvi tipinin və ion tərkibinin formalaşma şəraitinin mikroelementlərin miqrasiyasını fəallaşdırdığını müəyyən edib. Onun elmi tədqiqatlarının mühüm istiqamətlərindən biri də təbii sulardan sorbsiya yolu ilə kimyəvi elementlərin ayrılması üçün yeni sorbentlərin sintezidir.

Ə.Nuriyevin rəhbərliyi ilə Darıdağ (Naxçıvan MR) termal mineral suyundan xalq təsərrüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyası işlənib hazırlanıb və Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edilib. Bu tədqiqata görə, Ə.Nuriyev Dövlət mükafatı laureatı adına layiq görülüb.

1980-cı ildən başlayaraq professor və əməkdaşları "Okean problemi" çərçivəsində Rusiya Elmlər Akademiyasının Geokimya və Analitik Kimya İnstitutunun əməkdaşları ilə birlikdə (akad. B.Myasoyedov, Komarevski və b.) okean və dəniz suyundan uranın alınması istiqamətində geniş tədqiqat işi aparıb. Bu məqsədlə bir sıra qeyri-üzvi sorbentlər sintez edilib və Xəzər dənizinin sahilində qurulmuş təcrübi-sənaye qurğusunda dəniz suyundan uranın alınması üçün laboratoriyada hazırlanan texnologiya sınaqdan keçirilib və qiymətli nəticələr əldə edilib.

Ə.Nuriyevin rəhbərliyi ilə Neftçala yod-brom zavodunun tullantı suyundan elektrolizlə yeyinti sənayesi üçün yararlı olan xörək duzunun alınması texnologiyası işlənib hazırlanıb. Tədqiqat işi Respublika Milli Patentinə layiq görülüb və hazırda İran İslam Respublikasında Urmiya gölündən xörək duzunun istehsal olunmasında tətbiq olunur.

Son illər Ə.Nuriyevin əməkdaşları ilə birlikdə apardığı elmi-tədqiqat işləri bentonit və kaolinitin müxtəlif modifikasiya olunmuş formalarının alınmasına, onların fiziki-kimyəvi xassələrinin öyrənilməsinə, kationaktiv metilen abısı, fuksin, rodamin və tionin boyalarının göstərilən sorbentlərdə sulu məhlullardan ad sorbsiyasının tədqiqinə, həmçinin model tullantı sularının həmin boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinə həsr olunub, aparılan tədqiqatların nəticələri sınaqdan keçirilib.

Alimin apardığı tədqiqatların nəticələri 3 monoqrafiyada, 306 elmi əsərdə, o cümlədən 16 müəlliflik şəhadətnaməsində və 3 patentdə öz əksini tapıb. Onun rəhbərliyi ilə 14 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə edərək Əli Nuriyev məktəbi kimi tanınan elmi istiqaməti müvəffəqiyyətlə inkişaf etdirir. Bundan əlavə o, respublikanın müxtəlif elm və təhsil müəssisələrində 60-a yaxın fəlsəfə və elmlər doktorluğu işlərinə opponentlik edib.

Görkəmli kimyaçı alimi 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!