News
PhotoVideo
“Elm Günü”nə həsr olunmuş elmi seminar keçirilmişdir
Mar 27, 2019 | 14:00 / Conferences, assemblies
Read 4989 time (-s)

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institutunda  “Elm  Günü”nə həsr olunmuş Seminar keçirilib.

Seminarı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev  açaraq qeyd edib ki, Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb. Bu tarix ölkəmiz üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, 27 aprel 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradılmışdır. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.

Sonra akademik “Elmin populyarlaşdırılması: Elmin sürətli inkişafı və onun nəticələri haqqında  proqnozlar” adlı məruzə ilə çıxış edib. Akademik qeyd etdi ki, elmin populyarlaşdırılmasında məqsəd getdikcə çətinləşən elmi nəticələrin sadə və anlaşılan tərzdə ictimaiyyətə çatdırmaqdır. Dünyanın bir sıra aparıcı dövlətlərində elmin populyarlaşdırılması və təbliği ilə məşğul olan institutlar, laboratoriyalar fəaliyyət göstərir. Azərbaycanda da elmin təbliği və populyarlaşması ilə əvvəllər məşğul olan alimlərimiz olmuşdur. Bunlara misal olaraq  Xudu Məmmədov “Qoşa qanad”, Azad Mirzəcənizadənin “İxtisasa giriş” kitablarını və s. misal göstərmək olar. Hazırda respublikamızda, həmçinin AMEA-da  elmin populyarlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Elmi yeniliklərlə cəmiyyətin mütəmadi məlumatlandırılması üçün “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri məcmuəsi” və "Elm dünyası" jurnalları təsis edilib, “Elm və həyat” jurnalının işi təkmilləşdirilib, “Elm və innovasiya” verilişləri mütəmadi olaraq yayımlanır (2016-cı ildən, AzTV), AMEA RH-nin qərarı ilə 2017 və 2018-ci illərdə keçirilən ən yaxşı elmi-populyar əsər müsabiqələri və s. bu qəbildən olan tədbirlər elmin populyarlaşdırılmasına xidmət edir.

Akademik D.Tağıyev kimya sahəsində elmi-populyar kitablar,elmin mənası haqqında bəzi dünya alimlərinin fikirləri və düşüncələri haqqıda danışdı.

Daha sonra akademik yaxın 50 ildə kimyanın əsas inkişaf istiqamətləri haqqıda danışaraq bildirdi ki, mürəkkəb molekulların kimyası, kompüter kimyası (süni intellekt və informasiyanın saxlanması üçün yeni mürəkkəb quruluşların sintezi, molekulyar kompyuterlərin yaradılması), gen mühəndisliyi, nano texnologiyalar (atomları ardıcıl birləşdirməklə yeni molekulların qurulması, reaksiya gedişinin vizuallaşdırılması, zülal molekulunun formasını dəyişməklə onun bioloji fəallığının dəyişdirilməsi) və digər  başqa sahələrə kimyanın nüfuz etməsi hesabına kimya keyfiyyətcə yeni səviyyədə inkişaf edəcəkdir.

Sonda “Elm Günü” ilə əlaqədar olaraq İnstitutun bir qrup əməkdaşına AMEA Kimya Elmləri Bölməsinin Fəxri fərmanı təqdim olundu, bəzi əməkdaşlara isə institut rəhbərliyinin təşəkkürü elan olundu.

JOURNALS
Useful links