News
PhotoVideo
Azərbaycan Milli Elmlər Akademiyası magistrlərinin “Məzun günü” keçirilib
Jul 10, 2018 | 14:45 / Important events
Read 6761 time (-s)

İyulun 10-da AMEA-nın magistrlərinin Məzun günü keçirilib.

Respublikanın tanınmış elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. 

Akademiyada ali təhsilin magistratura pilləsinin 2015-ci ildə dövlət başçısının dəstəyi ilə ya­radıldığını deyən AMEA rəhbəri bunu elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Bildirib ki, akademiyada təhsil alan magistrlar beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşür, fikir mübadiləsi aparır, həmçinin müasir cihazlarla təchiz olunmuş  laboratoriyalarda təcrübə keçirlər.

“AMEA-da magistratura təhsilinin müasir səviyyədə təşkili və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışmışıq. Bu məqsədlə elmi müəssisələrdə müasir tələblərə cavab verən tədris mühiti yaradılıb" - deyə bildirən akademik A.Əlizadə magistrantların yaradılmış imkanlardan səmərəli faydalandıqlarını vurğulayıb. 

Alim AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Təhsil şöbələrinin yaradıldığını, bunun isə akademiyada  magistratura və doktorantura təhsili ilə bağlı bütün məsələlərin operativ həlli üçün geniş imkanlar açdığını bildirib. Diqqətə çatdırıb ki, akademiyanın magistraturasını keçən il bitirmiş ilk məzunların hamısı bu gün AMEA-da elmi karyeralarını uğurla davam etdirirlər. Onların əksəriyyəti hazırda fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün AMEA-nın doktoranturasında təhsil alırlar.

"Akademiyanı intellektual bir beyin mərkəzinə çevirmək niyyətindəyik" - deyən A.Əlizadə gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığını, məzunlarımızın işlə təmin olunduqlarını, eyni zamanda, qrant layihələrinə cəlb edildiklərini vurğulayıb. O, məzunları təhsil aldıqları elm ocağının adını daim uca tutmağa, gələcəyimizin layiqli qurucuları olmağa səsləyib.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun magistri Şəlalə Mansurova, Tarix İnstitutunun magistri Əsmər Göyüşova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistri Elnarə Sadiqova, Dilçilik İnstitutunun magistri Böyükxanım Əsgərova çıxış edərək AMEA-nın məzunu adını daşımaqdan qürur hissi duyduqlarını, onlara olan ümidləri doğrultmağa çalışacaqlarını söyləyiblər. Keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkürünü bildirən məzunlar bundan sonra da elmi fəaliyyətlərini uğurla davam etdirmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayev çıxış edərək məzunlara qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə ediblər.

Sonda AMEA-nın məzunlarına diplomlar təqdim edilib.

JOURNALS
Useful links