Apr 18, 2018 | 14:35 / Conferences, assemblies
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Kimyanın davamlı inkişafda rolu” mövzusunda Azərbaycan İtaliya Beynəlxalq elmi seminarı keçirilib.
Tədbir AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (KQKİ) və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Seminarı akademiyanın vitse-prezidenti, KQKİ-nin direktoru, akademik Dilqəm Tağıyev açaraq tədbirin AMEA və İtaliyanın müvafiq elmi müəssisələri arasında kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmli olduğunu bildirib. O, seminarın əlamətdar zamanda baş tutduğunu və hazırda dünyada İtaliya Tədqiqatlar Gününün qeyd edildiyini söyləyib.
D.Tağıyev bu gün iki ölkənin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu və 2017-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin 4 milyard avroya yüksəldiyini bildirib.Akademik qeyd etdi ki, İtaliyanın Maire Technimont şirkəti Dövlət Neft Şirkəti ilə bir sıra layihələrin reallaşmasında, o cümlədən Sumqayıt etilen-propilen zavodunun və Neft Emalı zavodunun yenidən qurulmasında əməkdaşlıq edir.
Alim həmçinin, müğənni Bülbülün İtaliyanın ən ali ordenlərindən biri olan “Haribaldi Ulduzu” ilə mükafatlandırıldığını xatırladıb, Müslüm Maqomayev, Şövkət Ələkbərova və digər unudulmaz sənətkarlara hər zaman bu ölkədə yüksək diqqət göstərildiyini deyib.
Akademik son illərdə iki ölkə arasında elmi əlaqələrin də gücləndiyini, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişinin imzalandığını, birgə tədqiqat proqramlarının elan edildiyini diqqətə çatdırıb və qeyd etdi ki, bu il qalib olan 4 layihə üzrə birgə tədqiqat işlərinə start veriləcək.
Sonra çıxış edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari qeyd edib ki, beynəlxalq səviyyədə təcrübələrin bölüşdürülməsi olmadan innovasiya və mühüm nəticələr əldə oluna bilməz və dayanaqlı inkişafa nail olmaq çətin olar.Bu mənada hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kimya sahəsində inkişaf etdirilməsi önəmlidir. Səfir hazırda AMEA ilə İtaliyanın elmi müəssisələri arasında 5 istiqamətdə birgə elmi tədqiqat işlərinin aparılması barədə Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinə yeni təklif verdiklərini diqqətə çatdırıb.
Daha sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Topoloji izolyator materiallarının dizaynının kimyəvi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. M.Babanlı bildirib ki, son illərdə kimya, fizika və materialşünaslığın qovşağında multidissiplinar elmi araşdırmaların prioritet istiqamətlərindən biri yeni nəsil qeyri-üzvi funksional materialların – topoloji izolyatorların yaradılması və tədqiqidir. Topoloji izolyator materiyanın xüsusi kvant halı olub həcmdə izolyatordur, səthdə isə yüksək spin polyarlaşmış elektrik keçiriciliyinə malikdir. Bu unikal xassə topoloji izolyatorlar əsasında keyfiyyətcə yeni elektronikanın – spintronikanın və topoloji kvant kompüterlərinin yaradılmasına geniş imkanlar açır. Bu materialların, həmçinin tibbdə və təhlükəsizlik sistemlərində istifadə olunan "terahers" detektorlarda və kvant kompütinqi əsasında işləyən digər yeni nəsil cihaz və qurğularda istifadə olunacağı gözlənilir. Alim qeyd edib ki, Azərbaycanda topoloji izolyator materialları sahəsində sistemli tədqiqatlar 2011-ci ildən aparılır. Bu müddətdə Avropa Birliyinin və Yaponiyanın topoloji izolyatorların nəzəri və təcrübi tədqiqi ilə məşğul olan aparıcı elmi mərkəzləri ilə geniş beynəlxalq əlaqələr qurulmuşdur. Həmin əməkdaşlıq çərçıvəsində İtaliyanın bir sıra elmi müəssisələri ilə birgə tədqiqatlar aparılır və onların nəticələri Web of Science sisteminə daxil olan yüksək impakt faktorlu jurnallarda çap edilmiş 10-dan artıq müştərək elmi məqalədə öz əksini tapıb.
Sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Nizami Zeynalov “Polimer nanogellər – dərman maddələrinin immobilizasiyasında daşıyıcı kimi” mövzusunda məruzəsini diqqətə çatdırıb. Professor bildirib ki, son illər nanogellərin sintezi və onların iştirakı ilə dərman preparatlarının uzun müddətli təsirə malik olmaları tədqiqatçıların diqqət mərkəzindədir. Bu mənada polimerlərdən istifadə olunması müasir üsullar arasında dərman preparatlarının lazımı orqanlara çatdırılmasında əsas yer tutur. Polimerlər bu halda matrisa olub, dərman preparatlarını özündə uzun müddət saxlayır və orqanizmdə onların tədricən ayrılmasına köməklik göstərirlər. Belə ki, polimer makromolekullar lazım olan hüceyrəyə daxil olmayana qədər dərman preparatları polimerdən azad oluna bilməz. Bununla əlaqədəar olaraq təbii və sintetik əsaslı polimer nanogellərdən istifadə edilməsi məqsədə uyğundur.
Tədbirin davamında İtaliyanın “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniellonun “İnkişafın davamlılığının və tərəqqinin təmin olunmasında kimya və kimya mühəndisliyinin rolu nədir?” və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barlettanın “Bioplastik materialların təkmilləşdirilməsi və onların emalı” mövzularında məruzələri dinlənilib.
Seminarda, həmçinin dünyanın aparıcı elmi təşkilatları ilə beynəlxalq əməkdaşlıq perspektivlərindən danışılıb, qarşılıqlı münasibətlərin inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs olunub.